Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Bir “yetim”in manifesti

Nə vaxtsa Azərbaycan çempionatında qələbələri sıralayıb, ölkənin Avropa Liqasının qrup mərhələsinə ilk dəfə vəsiqə qazanmış komandası olmasıyla fəxr edən “Neftçi”də indi fəxr ediləsi heç nə qalmayıb. İndi bu komandayla bağlı üzüntü və kədəri əks etdirən istənilən təşbehdən, epitetdən istifadə edə bilərsiz. “Neftçi” rəzil durumdadı… “Neftçi” üçün ağlayan lazımdı… “Neftçi” başqaları üçün qapazaltı rolunu oynayır…

Qorxaqlar!

Məsələ burasındadı ki, “Neftçi”nin yeni rəhbərliyi – AFFA-nın baş katibi Elxan Məmmədovun “ağ-qaralar”a rəhbərlik edən kadrı Elnur Məmmədov və vəzifəsi Müşahidə Şurasının sədri olub, işi komandanın məğlubiyyətlərini müşahidə etməkdən o tərəfə getməyən Çingiz Abdullayev üçün bütün bu rəzalət, rüsvayçılıq adidi. Və bu adamlar uzun illər boyu xalqın komandası statusunu daşımış, ölkənin bir nömrəli klubu olmuş klubun yeni – qapazaltı imicini hər kəsə yedizdirə biliblər. Baxın “Neftçi”nin turnir cədvəlindəki mövqeyinə: 10 komanda arasında 6-cı pillə. Bu komanda dünən “fırt” eləyib Premyer Liqaya “vəsiqə qazanmış” “Zirə”nin sillə-təpiyinin altında qalmağı, əzilməyi haqq edirdimi? Bu idimi bizim, sizin “Neftçi”niz? Amma kimsə etiraz etmir, kimsə səsini çıxarmır. “Neftçi”nin hesabına şöhrət qazanmış iskəndər cavadovlar, maşallah əhmədovlar, ağasəlim mircavadovlar… Hamı, hər kəs susur. Niyə? Ona görə ki, Azərbaycan futbolu bütünlüklə Elxan Məmmədovun əlindədi? Ona görə ki, Elxan Məmmədov onların əlini çörəyə çatdırır? Ona görə susurlar ki, “Neftçi”ni rəzil duruma salanlardan biri də Elxan Məmmədovun kadrıdı? Hə, bu adamlar buna görə susurlar. İşlərini, pul qazanmaq imkanını itirməkdən qorxular.

“Neftçi”nin qapazaltı olması, turnir cədvəlinin ortalarında başını girələməsi hər kəs üçün adiləşib. Rəhbərlik üçün də, azarkeşlər üçün də, “facebook”da bu klubla bağlı səhifələr yaradıb, adını fanat qoyaraq, işi-gücü başqalarını təhqir etməkdən ibarət olan bir qrup yarımağıllı üçün də.

Ayıbdı!

Bir vaxtlar Azərbaycan millisində oynamaq üçün Fuad Musayevdən pul tələb edən, indi “Neftçi”nin idman direktoru olan Vəli Qasımov “Zirə”yə məğlubiyyətdə Cavid İmamverdiyevin qırmızı vərəqəsinin təsir etdiyini deyib. Sanki qırmızı vərəqə olmasaymış, “Neftçi” tarixinin heç yüzdə birinə sığmayan “Zirə”ni məğlub edəcəkmiş və ya komanda indi ortalıqda başını girələməyib, zirvədə qərarlaşacaqmış. Ayıbdı! Amma Vəli Qasımova, Elnur Məmmədova, Elxan Məmmədova yox, sizə ayıbdı, İskəndər Cavadov, Maşallah Əhmədov, Oqtay Abdullayev, Ağasəlim Mircavadov, Səmədağa Şıxlarov, sizə ayıbdı! Rövnəq Abdullayev, sizə ayıbdı ki, xalqın komandasını “ruskafalar”ın, ana dilində danışmağa canı çıxıb, rus dilində bülbül kimi ötənlərin qucağına buraxmısız. Axı siz kimisə qovmaq istəyəndə təmiz Azərbaycan şivəsiylə “qavalayaq” deyirsiz, “uvolit” demirsiz. Bu adamlar “Neftçi”nin dəyərini hardan bilə bilərlər? Bu adamlar “Neftçi”nin bu xalqın sərvəti, tarixi olduğunu hardan anlarlar? Amma siz – adlarını çəkdiklərim bu xalqın içindən çıxmısız, heç nəyi bilməsəz də, “Neftçi”nin bu ölkə, bu millət üçün nə olduğunu bilirsiz və ya bilirdiz.

İşi-gücü “Neftçi”nin ev oyunlarında 3-5 azarkeşə bilet satışı təşkil edib, ordan da pul qoparmaq olan Elnur Məmmədov kimisi bu klubu düşdüyü bataqlıqdan çıxaracaq kəlləyə sahib biri deyil. Zatən klubu bu bataqlığa Elnur Məmmədov, Sadıq Sadıqov kimilər saldı. İndi arabir mətbuat vasitəsiylə bir-birlərinə qara yaxan bu adamlar saldı komandanı bu günə. Sadıq Sadıqov “Neftçi”yə sel kimi pul axanda min bir yola əl ataraq komandanı Avroliqanın qrupuna çıxardı, dəfələrlə çempion etdi. Etdi, amma “Neftçi”ni gözdən, könüllərdən salmaq bahasına. “Neftçi” haqda oyun alan, adam döyən imici formalaşdırmaqla. İndi də Sadıq Sadıqovdan can üstə buraxıb getdiyi komandanı bunlar – “ruskafalar” məzara daşıyır. Böyük zövqlə, böyük şövqlə.

Karlar, korlar

Mən “Neftçi”nin baş məşqçi postunda olan Əsgər Abdullayevi, komandada məşqçi kimi çalışan Samir Əliyevi rüsvayçı oyunlara, nəticələrə görə qınamıram. Bu klubun bəlalarının başında nə Abdullayev, nə də Əliyev dayanır. Onlar batmaqda olan gəmidə xırda vintlərdi. Əsgər Abdullayevlə Samir Əliyev ona görə qınaq obyektinə çevrilməlidi ki, bu rüsvayçılığa göz yumurlar, Məmmədovların göz görə-görə batırdıqları klubdan pul qoparmaq – maaş almaq imkanını heç nəyə dəyişmək istəmirlər. Ancaq onlar etiraz edə, istefa verə bilərdilər. Onlara futbolçu karyeralarında puldan daha çoxunu – adı, şan-şöhrəti, nüfuzu qazandırmış bir klubun məhv olmasına göz yummaya, etiraz edə bilərdilər. Amma…

…Amma “Neftçi” tək qalıb. “Neftçi” yetimdi. “Neftçi”nin yiyəsi yoxdu. “Neftçi” bir ovuc “ruskafa”nın əlində inildəyir, çırpınır. Hamı, hər kəs eşidir bu iniltini, hər kəs görür bu çırpıntıları. Ancaq hər kəs özünü karlığa və korluğa qoyub. Onlar gözlərini açıb bu yazını oxuyacaqlar, sonra yenə kor olacaqlar…

Fikirlərini bizimlə bölüş!