Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Avropalı “Neftçi”…

“Qarabağ”la birlikdə Romaya səfərə gedirdik. Ölkə futbol tarixində yeni səhifə açılacaqdı, Romanın dünyaca məşhur Olimpiya stadionunda Qarabağ və Azərbaycan adları yanaşı çəkiləcəkdi. Bu tarixin bir parçası ola bildiyim üçün qürurlu və həyəcanlı idim. Həm də uşaqlıq arzularımdan biri gerçəkləşəcəkdi, uzun zamandı ki, azarkeşlik etdiyim “canavarlar”ın stadionuna ayaq basıb, Çempionlar Liqası qarşılaşmasını canlı izləyəcəkdim. Bir sözlə, əhvalım tam yerində idi. Hava limanında pasport qeydiyyatından keçərkən bir cavan oğlan mənə yaxınlaşdı. Əynindəki “uniforma”dan hava limanı işçilərindən olduğunu başa düşmək çətin deyildi. Sözün düzü, tanış gəlmədiyindən bir az təəccübləndim, yaddaşımı qurdalayıb, kim olduğunu xatırlamağa çalışdım. Sağ olsun, özü köməyimə çatdı: “Müəllim, siz məni tanımırsız. Amma mən sizi tanıyıram. Yazılarınız oxuyuram, fikirlərimiz üst-üstə düşür. Səfəriniz uğurlu olsun, arzum budu ki, bir gün “Neftçi”ylə avrokubok oyununa gedəsiz. Mən də burda sizi böyük fəxr hissiylə yola salım”.
Gülümsədim, ona minnətdarlığımı bildirdim. Və birlikdə “amin” dedik. Hər dəfə yazırıq, fürsət düşəndə efirdən səsləndiririk. “Neftçi” Azərbaycan futbolu üçün xüsusi dəyərdi. Bu dəyərə laqeyd qalmaq, onun uğursuzluğuna göz yummaq, səhvlərinə və yanlış idarə edilməsinə susmaq düzgün deyil. “Qarabağ” Azərbaycan futbolunda ciddi bir ilkə imza atdı, Çempionlar Liqasının o möhtəşəm himnini Bakıda səsləndirdi. Qurban Qurbanov və onun komandası sübut etdi ki, futbolda mümkünsüz heç nə yoxdu. Yetər ki, işə can yandırasan, peşəkar yanaşma və düzgün idarəçilik olsun. Bunu “Neftçi” də bacara bilərdi. Özü də bu proses başlamışdı. İlk dəfə avrokuboklarda qrup mərhələsinə yüksələn də məhz “Neftçi” idi. “Neftçi” ilə “Xəzər Lənkəran”ın rəqabəti futbolumuza çox şey qazandırıb. Həm maddi, həm də mənəvi mənada. Birinə badalaq ata-ata dağıtdılar, premyer-liqanın autsayderinə çevirib, sonra da dağılmasına rəvac verdilər. Digərini də şəxsi maraqların toqquşduğu savaş meydanına çevirdilər. Məşhur təmsildə deyildiyi kimi, hərə bir tərəfə çəkdi. “Neftçi” didildi, yorğun düşdü, əzəmətini idirdi, şil-küt edildi.
Avropa Liqasın qrup mərhələsinə yüksəlmək “Neftçi”ni zənginləşdirmiş, məhşurlaşdırmışdı. Üstəlik, Araz Abdullayev, Amit Quluzadə, Cavid İmamverdiyev kimi yeni istedadlar üzə çıxmışdı. Onlardan həm meydanda, həm də transfer bazarında yetərincə faydalanmaq olardı. Amma futbol da, futbolçular da yaddan çıxdı, “Neftçi”yə sahiblənmək ehtirası hər şeyin üstündən qara və qalın bir xətt çəkdi. Yerli istedadlarla yanaşı, komandanın heyətində yetərincə yüskək səviyyəli əcnəbilər də var idi. Heyət oturuşmuş, qatar yola çıxmışdı. Mexanizm işlək vəziyyətdəydi. “Neftçi” davamını gətirəcək, həm ölkə daxilində, həm də avrokuboklarda digər klublarımız üçün də əla rəqabət mühiti, daha yaxşısını əldə etmək üçün stimul mənbəyinə çevriləcəkdi. Amma olmadı.
“Xəzər Lənkəran”la “Bakı”nın süqutu, “Neftçi”nin oyuncağa çevrilib zəiflədilməsi Azərbaycan futbolunu xeyli geri salıb. Biranlıq təsəvvür edək. Avrokubokların qruplarında oynayan, bundan maddi və mənəvi qazanc əldə etməklə güclənən “Qarabağ”la “Qəbələ”nin çempionluq yarışına bu üç iddialı klub da qoşulur. Rəqabət ən yüksək həddə olardı. Hakimlərimiz hər tur azı iki çəkişməli, dolu tribunalar qarşısında oynanılan qarşılaşmaları idarə etməklə ciddi imtahan verərdilər. Mətbuat da bu qədər azarkeşin maraqlandığı, iddialıların yarışdığı çempionatdan yazarkən daha məsuliyyətli, daha diqqətli olardı. Görürsüz ki, çempionatın maraqlı və gərgin keçməsi təkcə klubların yox, bütövlükdə futbolumuzun hər sahəsinin inkişafına səbəb olardı, canlanmanı hiss edərdik. Artıq xeyli müddətdi Azərbaycan futbolunu ağır bir sükunət bürüyüb. Bundan qurtulmalı, silkələnməli, futbolumuzu xilas etməliyik. “Bakı”yla “Xəzər Lənkəran”ın nə vaxt qayıdacağı, ümumiyyətlə, qayıdıb-qayıtmayacağı bəlli deyil. Ümid yalnız “Neftçi”yədi. “Xalq komandası” qayıtmalı. Heç olmasa, “Zirə” və “Sumqayıt”la “didişməli”, onlardan güclü olub “Qarabağ”la “Qəbələ”yə “əlcək atmalıdı”.
“Neftçi” qayıtmalıdı. Bu qayıdış “Qarabağ”ı arxayınlaşmağa qoymayacaq, “Qəbələ”ni isə özü və iddiaları haqda ciddi düşünməyə məcbur edəcək. Daha sonra tribunalarda hərəkətlilik yaranacaq və Azərbaycan premyer-liqası boş tribunalar önündə keçirilən səssiz tamaşa statusundan qurtulacaq. “Neftçi”yə açıq və gizlin rəhbərlik edənlər bu həqiqəti anlamalı, qayıdışı şərtləndirən amilləri qəbul etməlidilər. Haqlı tənqidlər qulaqardına vurulmamalı, “ağ-qaralar”ın güclənməsi yolundakı süni əngəllər aradan qaldırılmalıdı. Tərlan Əhmədov bacarığını da, çətin günlərin adamı olmasını da isbatlayıb. Bəhanələrin arxasına sığınmadı, “qışda heyəti gücləndirərsiz, sonra məndən nəticə tələb edərsiz” demədi. Baş məşqçi təyin olunan gündən məsuliyyətini qəbul etdi və “Neftçi”nin potensialından düzgün istifadə etməyə başladı. İlk oyunlarda nəticə qazanılmadı, amma işartılar var idi. “Neftçi” dəyişməyə, özünə inanmağa başlamışdı. “Zirə”ylə matç isə “Neftçi”nin son 2-3 ildə sərgilədiyi ən yaxşı oyun, ən əzmkar mübarizə idi. Elxan Abdullayevin zamanında meydanda qapazaltı uşaqlara bənzəyən futbolçuların hərəsi indi döyüşkən bir cəngəvarə, formasının haqqını verməyə çalışan əsl cəngavərə çevrilib. Bu zəhmətin və əzmkarlığın cavabı elə ölkə kubokunun yarımfinalına vəsiqə olmalıydı. Belə də oldu. “Neftçi” haqq etdiyi vəsiqəni qazandı.
Sonrasının necə olacağını indidən demək çətindi. Hər şey klub rəhbərliyinin əlindədi. Qış transfer dövrü boşa verilməməli, komandaya düzgün transferlər edilməli, yaxşı hazırlıq keçilməlidi. “Neftçi” əvvəl Avropaya, sonra da çempionluq yarışına qaytarılmalıdı. Başqa yol yoxdu!

Fikirlərini bizimlə bölüş!