Liberets gecələri çox sakit olur. Ağacın budağında cəh-cəh vuran quşun səsini eşidəcək qədər sakit. Havası da küçələri kimi təmizdi. Gecə saat 10-dan sonra şəhərdə həyat sönür. Mərkəzi küçəyə çıxıb insana rast gəlsən, Azıx mağarasında alt çənə sümüyü tapan arxeoloq qədər sevinərsən.
Düzü, Bakı kimi səs-küylü şəhərdə yaşayan birinin belə sakit, hüzurlu Liberetsə uyğunlaşması çox çətindi. Və belə bir ortam insana istər-istəməz təəccüblü gəlir. Gecə şəhərdə gəzib yorulduqdan sonra qaldığınız otelə taksi ilə qayıtmaq istəsəz, bu, sizə asan başa gəlməyəcək. Çünki liberetsli taksi sürücüləri “20 yanvar”a manatdan” deyə qışqırmaq, maşın işığını dayanacaqdakı piyadanın gözünə salmaq, yanından keçəndə siqnal vermək kimi xüsusi “istedad”a malik deyirlər. “Qaqa, mən də 5-10 manat çörəyə çıxmışam” cümləsini uzaq Çexiyada eşitmək üçün nələri qurban verməzdim, ilahi? Adamlar
çörəyi taksi dayanacağında müştərinin zəng etməsini gözləməklə qazanırlar.
Yüksəklikdə yerləşən şəhərin gündüzü də gecəsindən çox fərqlənmir. Biz azərbaycanlılar üçün belə məmləkətdə yaşamaq çox darıxdıcı olar. Bir şəhərdə ki, arxadan gələn maşın işıqforda dayanan avtomobilə “Ayə, Ələsgər” siqnalını vermədisə, biri digərinin yoluna çıxmadısa, yüksək səslə “Mənim balam bal dadır”a qulaq asmadısa, sürücü içi sərnişinlə dolu olan avtobusu yanacaqdoldurma məntəqəsinə sürüb, “zapravka” etmədisə, operatora “Qaqa, 3 manatlıq vur, birinci “skorus”la” demədisə, o Liberetsin nə dadı-duzu olar?
Bu mənzərəni gördükdən sonra qonaq da özünü Liberetsdə yerli sakin kimi aparmağa məcburdu. Məsələn, jurnalistlərin qaldığı “Babylon” oteli ilə üz-üzə olan marketə getmək üçün piyada keçidindən keçməli idin ki, o da ən azı bizə 200 metr uzaq məsafədə idi. Amma, Avropadayıq, qaqa. Sən sürətlə yolla hərəkət edən maşına barmağını göstərib, “Sən canın, bir dəqiqə gözlə, keçim” deyə bilmərsən axı… Desən, sənə ruhi xəstə kimi baxarlar. Biz də sağlam düşüncəli insanlar olduğumuzdan özümüzə əziyyət verməyi borc bilirdik. İlahi, bir neçə saatlıq da olsa, özünü avropalı kimi hiss etmək nə gözəl imiş…
Bəli, Liberets şou-biznes müxbiri Vüqar Vüqarlının futbol matçı üçün Çexiyaya ezam göndərilməsi qədər qəribədi. Əslində, “Qarabağ” rəhbərliyinin təşkil etdiyi səfərin bizim üçün maraqlı keçəcəyini bilirdik. Çünki “kruq”umuzda futbolu dərk, şərh, analiz edən, onu aşılayan yetərincə jurnalist var idi. Bunun nəticəsi kimi, Vüqar bəyə Namiq Yusifovun futbolçu karyerasını başa vurduğunu, bu səbəbdən “Slovan”a qarşı oynamayacağını, artıq Qurban Qurbanovun köməkçilərindən biri olduğunu elə oteldə qaldığımız müddətdə təbliğ edə bildik. Yarızarafat, yarıciddi… Amma işimiz təkcə bundan ibarət olmadı. Sizi intizarda saxlayıb, bu barədə yazının son sətirlərində bəhs edəcəm.
Liberetsə belə yüksək əhval-ruhiyyə, çox böyük ümidlərlə yollanmışdıq. Səfər üçün ayrılan təyyarə Heydər Əliyev adına hava limanından Praqaya doğru havaya qalxanda geriyə sevincdən uçaraq qayıdacağımızı düşünürdük. “Hava gəmisi”nin salonunda elə yarıyoldaca ən azı bir xal qazanmışıq kimi ab-hava var idi. Təkcə Qurban Qubranov fikirli görünürdü. Yəqin ki, onun nəyin fikrini çəkdiyini artıq hamımız bilirik.
Təhlükənin əvvəlcədən fərqinə varan Qurbanov oyunöncəsi mətbuat konfransında da “Slovan”ın çətin rəqibi olduğunu bildirdi. Biz isə onun bu fikirlərini təvəzökarlıqdan irəli gəldiyini düşünürdük. Görünür, PAOK üzərində həm evdə, həm də səfərdə qazanılan qələbədən sonra nəinki bizi, hətta futbolçuları da eyforiyayadan ayılmamışdı. Çox güman ki, ötən gecə matçın başlamasını səbrsizliklə gözləyən Azərbaycandakı tamaşaçılar da bizdən fərqli düşünmürdü. “Slovan”ın baş məşqçisi Yindrix Trpişovskiyə ünvanladığım “Möcüzəyə ümid edirsiniz, yoxsa ümidləriniz tükənib?” sualına “40-dan çox yaşım var, möcüzələrə inanmıram” cavabını verməsi bizi bir qədər də arxayınlaşdırmışdı. Bundan sonra bizə ən azı bir xal qazanacağımız matçı canlı izləmək üçün sabahı gözləmək qalırdı.
Təxminən oyuna 2 saat qalmış hamımız “U Nisi” stadionunda idik. Hələ vaxtımızın olduğunu nəzərə alaraq, Qol.az-ın baş redaktoru Aydın Bağırovla restoran axtarmaq sevdasına düşdük. Boynumuzdan asılan akkreditasiya ilə girdiyimiz ilk restoranda bir neçə “Slovan” azarkeşi ilə qarşılaşdıq. Ancaq qapalı məkanda siqaret iyindən durmaq mümkün olmadığından oranı 5 dəqiqə sonra tərk etdik. Növbəti tapdığımız restorana daxil olanda isə, hamı bizi gülərüzlə qarşıladı, salamladı. Gözəl, səliqəli geyimli qızlar və bəylərin təbəssümünün səbəbinin fərqinə az sonra vardıq. Akkreditasiyamızı görüb, bizi VİP qonaq zənn edənlər, sən demə, təşkil edilən banketin iştiakçıları imiş. Bunu da ofisianta sifariş verəndə öyrənmiş olduq. “Atalar üçdən deyib” deyiminə hörmət əlaməti olaraq, növbəti restoranda istəyimizə nail olduq və daha sonra iki ağdamlı ağdamlıların oyununa yollandıq.
Səhv düşəndə yerimiz…
Oyun isə bizim üçün yaxşı başlamadı. Liberets küçələrində gəzərkən gördüyüm qorxunc müqəvva Eqon Vuxun 11-ci dəqiqədə vurduğu qoldan sonra gözümün önündə canlandı. “Əşşi, boş şeydi, “Qarabağ” cavab qolunu indilərdə vurar” deyə düşündüyümüz anda səhnəyə Nikolay Komliçenko çıxdı. 6 dəqiqəyə dubla imza atan rusiyalı forvard Arif Daşdəmirovun qorxulu röyasına çevrildi. 0:3 hesablı məğlubiyyət bütün planları alt-üst etdi. Muarem Muarem qapıçı ilə üz-üzə qaldığı epzidou qaçırmasaydı, Rəşad Sadıqov oynasaydı, Arif Daşdəmirov futbolçu olsaydı, “Fiorentina” PAOK-a gözlənilmədən məğlub olmasaydı… Bütün bunları hər saniyə, hər dəqiqə təkrarlamağın artıq heç bir mənası yoxdu. İşi şansa bağlamaq da lazım deyil. Əldə bir imkan varsa, bundan maksimum yararlanmalıyıq. Zəfərə gedən yol isə “Fiorentina”nı Bakıda məğlub etməkdən keçir. Çətindi, amma bacararlar, bacararıq! Diri futbolumuz olmasa da, sağlam ümidimiz var. Ümidi yaşatmaq və öldürmək isə “Qarabağ”a qalıb. Nəzərə alaq ki, futbolumuzun öldüyünü düşündüyümüz anda onun yaşayacağına dair ümidi də bizə “Qarabağ” verib. Elə ağdamlıların vitse-prezidenti Tahir Gözəl də jurnalistlərə müsahibəsindən sonra ümidin
ölmədiyini qətiyyətlə bildirməklə yanaşı, komandasına inandığını söylədi.
Səhv düşəndə yerimiz…Bakııya qayıdanda təyyarədə düşünürdüm. Bəlkə, ilk dəfə səfərə çıxdığım “Qarabağ”a ayağım düşmədi? Yəqin, onda hisslərə çox qapılmışdım. Əslində isə “Slovan” çox güclü oynadı, “Qarabağ”ın ayağına top düşmədi.
Emin SƏFƏROV /Liberts




Fikirlərini bizimlə bölüş!