Turist-menecerin məhv etdiyi klub
“Kəpəz” niyə bu gündədir? İstər media, istərsə də futbol ictimaiyyəti arasında tez-tez verilən suallardan biri də budur. Təbii ki, söhbət ilk növbədə klubun əsas komandasının durumundan gedir. İllərdir ki, Gəncə təmsilçisi ölkəmizin futbol təsərrüfatında “lift” komandası kimi tanınır. Son onillikləri götürsək, hər dəfə üç il elitada, elə bir o qədər də divizionda var-gəl edən komanda stabillik əldə edə bilmir. Düzdü, əvvəlki illərdə klubun sponsor sarıdan çətinliyi vardı. Cari mövsümün öncəsində isə bu problem həll olunmuş kimi görünürdü. Hadisələrin inkişaf mərhələsi göstərdi ki, dəyişən adlar oldu, klubun maddi imkanı yaxşılaşsa da, vəziyyəti dəyişmədi.
Niyə? Çünki “Kəpəz” bərbad idarəçiliyin, ən əsası da transferdəki yalnışların altında qaldı. Bu, birmənalı olaraq belədir. Yaxın qohumunu kluba sədr gətirməklə öyünən menecer Erkin İbrahimov təəssüf ki, oyunçu alqı-satqısı ilə bağlı məsələlərdə öyünə bilmədi. Azərbaycan futbolunda sıradan menecerlər arasında olan birisinin klubun transfer siyasətini müəyyənləşdirməsinin fəsadları özünü çox tez göstərdi. Klubun büdcəsi hesabına Avropada qəlyan turu vuran Erkin bəy pulları havaya sovurdu. Yaxşıca dincəldi, “köhnə qitə”də bahalı restoranlarda içkilərin, tütünlərin dadına baxdı. Tanınmış dövlət xadimi Vəfa Quluzadənin bir vaxtlar ATƏT-in Minsk Qrupunun həmsədrləri barəsində dediyi o məşhur “turist” kəlməsi sanki elə İbrahimovun da əyninə biçilib.
Erkin bəyin yarıtmaz transfer siyasətinin ilk qurbanı “Kəpəz” yox, bəh-bəhlə kluba qaytardığı Adil Şükürov oldu. Çalışdırıcı iş aldığı adamın uğursuz seleksiyasına ya postunda qalması üçün göz yumdu, ya da ki, bu işi elə onun özü qədər bildiyi üçün güdaza getdi. İbrahimov sırf rəqib həmkarı Vaqif Heydərlinin müştəriləri olduğu üçün əvvəlki mövsümdəki heyətdən sayılıb-seçilən futbolçuları komandada saxlamadı. Axı onlar qalsaydı, menecer klub rəsmisi komandaya istədiyi qədər oyunçu gətirə bilməyəcəkdi. Və bu da onun qazancına təsir edəcəkdi. Daha çox transfer, daha çox pul deməkdir.
Sonda istəyinə çatan “bərəkətli” menecer bu məsələdə təkbaşına qərar verən adam oldu və onun bacarıqsızlığı nəticəsində komanda hazırkı vəziyyətə gəlib çıxdı. Heç kimə lazım olmayan legionerləri baha qiymətə kluba soxuşduran İbrahimov maddi vəziyyətini düzəldib, “Kəpəz”i batırdı. İndi bildiz komanda niyə bu gündədir?!
Növbəti yazıda Erkin İbrahimovun “Kəpəz”dəki bərbad menecer fəaliyyətini konkret faktlara ortaya qoyacağıq. AZFUTBOLu izləyin ki, klubdakı həqiqətlərdən xəbəriniz olsun!
Mövzu üzrə digər yazılar: Gəncə futbolu dosyesi.


Fikirlərini bizimlə bölüş!