“Sabah”a iki qol vuran “Orhus”un 18 yaşlı futbolçusu Ceyms Bogere uqandalıdır. “Lipa” deyilsə, cəmi 18 yaşı var. Amma bu yaşda Çempionlar Liqasının III təsnifat mərhələsində səhnəyə çıxıb, 20 metr məsafədən elə qollar vurdu ki, “Sabah”ın kapitanı Stas Pokatilovun qolundakı sarğı belə silkələnmədi.
18 yaşlı Bogere üçün bu, sadəcə iki qol deyildi. Gənc hücumçu “Orhus”un 2:1 hesablı qələbəsinin əsas qəhrəmanına çevrildi. Qollarından birini sağ, digərini sol ayağı ilə vurdu. Başqa sözlə, sağdan da vurdu qol oldu, soldan da…
“Orhus”un baş məşqçisi Yakob Poulsen də onun çıxışını yüksək qiymətləndirərək “artıq vaxtı çatmışdı” dedi. Çünki Bogere həmin oyuna qədər hələ qol hesabını aça bilməmişdi.
İndi isə təsəvvür edin: bir tərəfdə 18 yaşlı uqandalı futbolçu, ilk ciddi Avropa macərasında Azərbaycan çempionuna qarşı iki möhtəşəm qol vurur, digər tərəfdə isə müqaviləsini uzatmaq üçün naz-minnətlə razı salınan 34 yaşlı hücumçu…
Bəli, söhbət “Sabah”ın “bakılı balası” ləqəbi qoyulan Coy Lens Mikelsindən gedir. Ruandalıdır, 34 yaşı var. Yaşına görə Stas Pokatilovla həmyaşıddır. Mikels də, Pokatilov da Bogerenin əmisi yaşındadır.
“Bakılı balası” ifadəsini eşidəndə adamın gözləntisi də böyük olur. Elə bil Bakının futbol mühitində böyüyüb, Avropa səhnəsində “Sabah”ın yükünü çiyinlərinə götürəcək. Amma problem ondadır ki, “bakılı balası” Biləcəridən, lap olsun Masazırdan kənara çıxanda bir qədər yol yorğunluğu yaşayır.
Fotodakı rahatlığa da baxırsan: qarşısında çay, sakit ab-hava, üzündə arxayınlıq… Adam düşünür ki, qarşıda “Orhus” ilə Çempionlar Liqası oyunu yox, Bakıda növbəti Premyer Liqa matçıdır. Çay da hazırdır, rahatlıq da.
Meydanda isə vəziyyət bir qədər fərqli idi.
Azərbaycan çempionatında Mikelsi gətir, burax meydana, nə qədər desən qol vursun. Yerli müdafiəçilərlə mübarizədə, cərimə meydançasında, boşluqlarda öz sözünü deyə bilir. Amma Avropaya çıxanda rəqibin tempi, pressinqi, fiziki mübarizəsi və oyun sürəti artanda ayaqları dilindən qısa olur.
“Orhus” ilə oyunda da bunu gördük. “Sabah”ın hücum xəttindən real təhlükə gözlənilirdi. Amma oyunun əsas qəhrəmanı “Sabah”ın 34 yaşlı hücumçusu yox, rəqibin 18 yaşlı forvardı oldu.
Bir tərəfdə Bogere qaçır, mübarizə aparır, boşluğa girir, zərbə vurur və qol vurur. Digər tərəfdə isə “bakılı balası” “çay içir”.
Hələ Mikelsi əvəzləmək baş məşqçi Valdas Dambrauskasın yadına 90+3-cü dəqiqədə düşdü. Yəni “bakılı balası” 90 dəqiqədən çox meydanda qaldı, amma Avropa səhnəsində özünü göstərmək üçün demək olar ki, heç nə ortaya qoya bilmədi.
Bir tərəfdə 18 yaşlı uqandalı ilk ciddi Avropa oyunlarından birində Azərbaycan çempionunun qapısına iki möhtəşəm qol vurur, digər tərəfdə isə 34 yaşlı “bakılı balası” oyunu başa vurur və yalnız əlavə vaxtın son saniyələrində meydandan çıxır.
Harada idi o “bakılı balası”?
Avropa səhnəsində çay süfrəsi yoxdur, heç düz-əməlli çay da vermirlər. Orada qaçmaq, mübarizə aparmaq, məsuliyyət götürmək və qol vurmaq lazımdır.
Bogere bunu etdi. Mikels isə…
Azərbaycan çempionatında qol vurmaq üçün vaxtı da var, rahatlığı da. Avropada isə 18 yaşlı bir uqandalı çıxıb 20 metrdən sənin qapını iki dəfə silkələyirsə, artıq ləqəbin yox, meydandakı oyunun danışmalıdır.
“Sabah” Bakıya 1:2 hesablı məğlubiyyətlə qayıdır. Qarşıda cavab oyunu var. Bəlkə “bakılı balası” da Bakıda öz ləqəbinin haqqını verər.


Fikirlərini bizimlə bölüş!