Bir gecənin möcüzəsi yoxsa, Dambrauskas fenomeni: “Sabah” necə tarix yazdı?

Bir gecənin möcüzəsi yoxsa, Dambrauskas fenomeni: “Sabah” necə tarix yazdı? — illüstrasiya

90+4-cü dəqiqə. Hesab 2:2. Ümumi nəticədə “Sabah” hələ də Çempionlar Liqasının əsas mərhələsindən uzaqdır. Bir neçə saniyə sonra isə hər şey dəyişir. Tellur Mütəllimov topu tora göndərir, “Tofiq Bəhramov” stadionu ayağa qalxır. “Sabah” əvvəlcə oyunu xilas edir, sonra isə tarix yazır.

Futbolda belə anları “möcüzə” adlandırmaq asandır. Son saniyələrdə vurulan qol, əlavə vaxt, dramatik dönüş və yekunda 5:2 hesablı qələbə…

Amma “Sabah”ın “Hapoel” (Beer-Şeva) üzərindəki tarixi qələbəsini yalnız möcüzə kimi təqdim etmək bu komandanın gördüyü işi kiçiltmək olardı.

Çünki möcüzə 90+4-cü dəqiqədə baş verən qol idi. Bəs həmin ana qədər “Sabah”ı yaşadan nə idi?

İnam. Xarakter. Və Valdas Dambrauskasın komandaya aşıladığı “oyun hələ bitməyib” düşüncəsi.

✔️ “Sabah”ın yeni kimliyi

Dambrauskasın “Sabah”ı artıq yalnız yaxşı futbol oynamağa çalışan komanda deyil. Bu kollektiv çətin vəziyyətlərdə necə davranmağı da öyrənib.

Çempionlar Liqasının təsnifat mərhələsində hər şey həmişə plan üzrə getmədi. Komanda hesabda geri düşdü, səfərdə məğlub oldu, kritik anlarla üzləşdi. Lakin ən vacib məqam dəyişmədi: “Sabah” heç vaxt oyundan tam qopmadı.

“Hapoel”lə cavab qarşılaşması isə bu xarakterin zirvəsi oldu. İsrail təmsilçisi iki dəfə hesabda önə keçdi. Hər iki dəfə “Sabah” geri döndü. Əsas vaxtın sonuna qədər ümumi hesabda rəqib üstün idi. Lakin son saniyələrdə komandamız yenidən hücuma keçdi və Mütəllimovun zərbəsi bütün ssenarini dəyişdi. Bu qol təsadüfi qəhrəmanlıqdan daha çox, komandanın xarakterinin göstəricisi idi.

Dambrauskas futbolçularına yalnız necə oynamağı deyil, nə vaxta qədər mübarizə aparmağı da öyrədib – son saniyəyə, son fitə qədər.

✔️ Taktiki gedişlərin gecəsi

Bu tarixi qələbənin arxasında yalnız futbolçuların mübarizəsi yox, məşqçinin oyunu oxuma bacarığı da dayanır.

Dambrauskas qarşılaşmaya kifayət qədər riskli heyətlə başladı. Aleksey İsayev, Ksander Severina və Orfe Mbina kimi əsas hücum silahlarını ehtiyatda saxladı və əvvəlki rəsmi oyunlarda birlikdə oynamamış hücum üçlüyünə şans verdi.

İlk baxışdan riskli qərar təsiri bağışlayırdı. Lakin oyunun gedişi göstərdi ki, litvalı mütəxəssis matçın ikinci hissəsini də əvvəlcədən hesablayıb.

Meydana sonradan daxil olan futbolçular qarşılaşmanın ritmini dəyişdilər. Mbina rəqib müdafiəsinə ciddi təzyiq göstərərək əlavə vaxtda komandanı ümumi hesabda önə keçirən qolu vurdu. Severina və İsayevin meydana çıxması isə “Sabah”ın hücumlarına sürət və dinamika əlavə etdi.

Ən vacibi isə Dambrauskas oyunun gedişinə uyğun olaraq öz planını dəyişməkdən çəkinmədi.

O, ilk dəqiqələrdə qurduğu taktikanın əsiri olmadı. Matç dəyişdikcə özü də dəyişdi.

Bu isə yüksək səviyyəli məşqçinin ən vacib xüsusiyyətlərindən biridir.

✔️ Mütəllimovun qolu – xarakterin simvolu

90+4-cü dəqiqədə Tellur Mütəllimovun vurduğu qol isə bütün bu prosesin simvoluna çevrildi.

Meydana sonradan daxil olan futbolçu əsas vaxtın son saniyələrində ən vacib zərbəni vurdu. Həmin top təkcə “Sabah”ı məğlubiyyətdən xilas etmdi, həm də komandaya psixoloji üstünlük qazandırdı.

Əlavə vaxt başlayanda artıq meydanda başqa “Sabah” var idi. Rəqib sarsılmışdı, “bayquşlar”ın isə qələbə inamı getdikcə artırdı. Mbina, daha sonra Mikkelsin qolları və “Hapoel”in iki futbolçusunun qırmızı vərəqə alması ilə oyun tamamilə “Sabah”ın nəzarətinə keçdi.

Bu baxımdan 5:2 hesabı yalnız nəticə deyil, oyunun psixoloji dönüşünün də göstəricisidir.

✔️ Ən böyük dəyişiklik – düşüncə tərzində

Dambrauskasın “Sabah”dakı ən böyük uğuru bəlkə də heç bir kubok və ya konkret nəticə ilə ölçülmür. Əsas dəyişiklik komandanın düşüncə tərzindədir.

“Sabah” artıq rəqibin adına görə geri çəkilən kollektiv təsiri bağışlamır. Hesabda geriyə düşəndə panikaya qapılmır. Səfərdə məğlub olduqda cavab matçına başqa enerji ilə çıxır. 90 dəqiqə ərzində istədiyini əldə edə bilməyəndə mübarizəni əlavə vaxtda da davam etdirir. Və ən əsası sona qədər mübarizə aparır.

Bu, bir məşqçinin kollektivə qazandıra biləcəyi ən qiymətli keyfiyyətlərdən biridir.

✔️ Bir matçın yox, bir prosesin nəticəsi

“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsini yalnız “Hapoel” üzərindəki 5:2 hesablı qələbə ilə izah etmək də doğru olmaz. Bu, bir neçə həftəlik yolun, ardıcıl sınaqların, taktiki qərarların və psixoloji mübarizənin nəticəsidir.

Komanda bu yolda fərqli futbol üslublarına malik rəqiblərlə qarşılaşdı, çətin vəziyyətlər yaşadı və hər dəfə özünə yeni cavab tapdı.

Ona görə də “Sabah”ın uğurunun əsas açarı bir gecənin möcüzəsində deyil. Bu uğurun arxasında düzgün qurulmuş proses, güclü xarakter, doğru taktiki qərarlar və Dambrauskasın komanda üzərində yaratdığı inam dayanır.

✔️ İndi isə daha böyük səhnədir

Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək Azərbaycan futbolu üçün böyük hadisədir. “Sabah” artıq təsnifat mərhələsində kimlə qarşılaşacağını düşünən komanda deyil.

İndi sual başqadır: Avropanın ən böyük klubları Bakıya gələndə “Sabah” necə görünəcək?

Burada rəqiblərin səviyyəsi, oyun tempi, maliyyə imkanları və təzyiq tamamilə başqa olacaq. Təsnifat mərhələsində göstərilən xarakteri əsas mərhələyə daşımaq isə Dambrauskas və komandası qarşısında yeni və daha böyük vəzifədir.

Əgər “Sabah” bunu bacarsa, “Hapoel” üzərindəki 5:2 hesablı qələbə sadəcə klub tarixinin ən möhtəşəm oyunlarından biri kimi xatırlanmayacaq.

Bu gecə “Sabah” üçün yeni eranın başlanğıcı olacaq. Çünki futbol tarixində bəzi qollar yalnız hesabı dəyişmir. Bəzi qollar taleyi dəyişir.

90+4-cü dəqiqədə Tellur Mütəllimovun vurduğu qol “Sabah” üçün məhz belə bir qol idi.

Həmin andan etibarən “Sabah” artıq Çempionlar Liqasına yüksəlmək istəyən komanda deyil.

“Sabah” artıq Çempionlar Liqasının komandasıdır.

Atəş SULTANOV

Bir gecənin möcüzəsi yoxsa, Dambrauskas fenomeni: “Sabah” necə tarix yazdı? — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!