Litin şiti çıxanda və ya Dambrauskas İTV-nin “Milyonların şousu” verilişinə çağırılsın!

Litin şiti çıxanda və ya Dambrauskas İTV-nin “Milyonların şousu” verilişinə çağırılsın! — illüstrasiya

Valdas Dambrauskasın 2002-ci ildə Litvada “Kim milyonçu olmaq istəyir?” verilişində 4000 Litva litı qazanması və həmin pulla İngiltərəyə gedərək məşqçilik təhsili alması, doğrudan da maraqlı həyat hekayəsidir.

Amma etiraf edək ki, artıq bu “lit”in bir az “şiti çıxır”.

Dambrauskas haqqında demək olar ki, hər yeni yazıda eyni 4000 lit, eyni veriliş, eyni İngiltərə hekayəsi…

Yaxşı, başa düşdük. Dambrauskas vaxtilə verilişdə pul qazanıb və həmin pul onun həyatında dönüş nöqtəsi olub.

İndi isə başqa məsələdən danışaq.

Çünki Çempionlar Liqasının startına cəmi 10 gün qalır.

“Sabah” artıq Avropanın ən böyük klubları ilə qarşılaşacaq. Qarşıda 8 oyun var və onların 6-sı “böyük beşlik” ölkələrinin dördündən olan klublardır:

“Barselona”, “Arsenal”, “Mançester Yunayted”, “Borussiya Dortmund”, “Napoli”, “Vilyarreal”…

Üstəlik, bu rəqiblər səviyyə baxımından ötən mövsüm Çempionlar Liqasında “Qarabağ”ın qarşılaşdığı komandalardan da daha yüksək görünür.

İndi bizi daha çox bu suallar maraqlandırmalıdır:

– Dambrauskas “Barselona”ya qarşı nə edəcək?

– “Arsenal”la oyunda hansı planı seçəcək?

– “Mançester Yunayted” səfərində “Sabah” necə oynayacaq?

– Bu rəqiblərə qarşı xal və ya xallar qazanmaq mümkündürmü?

Dambrauskas İngiltərəyə nə az, nə çox – iki dəfə səfər edəcək.

Bu dəfə ortada 4000 lit yox, Çempionlar Liqasının xalları var!

Əsl futbol söhbəti budur.

Amma bir təklifimiz də var.

“Sabah”a İctimai TV qədər yaxın media yoxdur, ona görə də Dambrauskası verilişə çağırmaq problem olmaz.

İTV, Dambrauskası “Milyonların şousu”na dəvət edin.

Bir daha görək, neçə sual keçə biləcək, nə qədər pul qazanacaq.

Sonra da əsas sualı verin:

“Valdas, Litvada 4000 lit qazandınız. Bəs indi “Sabah”la Çempionlar Liqasında nə qazanacaqsınız?”

Amma bu dəfə cavab pul yox, xallar olsun. Qələbələr olsun. Tarix olsun!

4000 lit söhbətini isə artıq bağlayaq.

10 gündən sonra Çempionlar Liqası başlayır. Gəlin, futboldan danışaq!

“Sabah”ın ÇL-də oyun təqvimi:

10 sentyabr 2026: Mançester Yunayted – “Sabah” (səfərdə)
13 oktyabr 2026: “Sabah” – “Slaviya” Praqa (evdə)
20 oktyabr 2026: “Sabah” – “Borussiya” Dortmund (evdə)
4 noyabr 2026: “Vikinq” – “Sabah” (səfərdə)
25 noyabr 2026: “Sabah” – “Barselona” (evdə)
8 dekabr 2026: “Vilyarreal” – “Sabah” (səfərdə)
20 yanvar 2027: “Sabah” – “Napoli” (evdə)
27 yanvar 2027: “Arsenal” – “Sabah” (səfərdə)

Elşən MƏMMƏDOV

Litin şiti çıxanda və ya Dambrauskas İTV-nin “Milyonların şousu” verilişinə çağırılsın! — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!