Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Mxitaryan “Yuve”yə keçir, Vaqif Türkiyə 2-ci liqasından qovulur…

İtaliya mətbuatı artıq Mxitaryanın “Yuventus”a keçidinin həll olunduğunu yazır.

Təbii, bu transfer ölkəmizdəki bir neçə “vətənpərvər” “qoca sinyora” azarkeşini qıcıqlandıracaq. Bəlkə də onlar bir daha bu kluba azarkeşlik etməyəcək. Nə isə, özləri bilər. Onsuz da danışmaq istədiyim mövzu başqadır.

Lap əvvəldən başlayım. Vaqiflə Henrixin adını çəkməyim əbəs deyil. çünki həm Vaqifin, həm də Henrixin atası yaxşı futbolçular olub. Biri “Neftçi”də, biri isə “Ararat”da əsas heyət oyunçuları və bir-birinə əzəli rəqib idi. Amma indi birinin oğlu Dortmund “Borussiya”sından “Yuventus”a transfer olunursa, digərinin davamçısı Türkiyə I divizionun ortabab komandası “Gaziantep BB”dən qovulur.

“Pyunik”in yetirməsi sayılan Henrix 20 yaşında Ukraynanın “Metallurq” Donetsk klubuna transfer olunur. 21 yaşında isə o, artıq klubun kapitanlıq sarğısına layiq görülür.

Moskvanın CSKA klubunun yetirməsi olan Vaqif Cavadov isə əsas heyətə düşmədiyindən Ağdamın “Qarabağ” klubuna transfer olunur və Avrokuboklarda yaxşı çıxış etdiyindən “Tvente”yə keçir. Amma zədəli olması səbəbindən və yaxud “başqa səbəblərdən” oynamaq şansı qazanmayan futbolçu Holland klubunda yalnız yoxlama oyunlarında universitet komandalarına 4 qol vurmağı bacarır.
Yenidən Azəbaycana üz tutan Vaqif “Bakı” ilə razılığa gəlir. Növbəti mövsüm isə Rusiyanın “Volqa” klubunda çıxış edir. “Qarabağ”da bir mövsüm çıxış etdikdən sonra Bakı “İnter”ində öz oyununu tapır. Yayda Türkiyənin 2ci liqa komandası olan “Gaziantep BB”yə transfer olunur və yarım il oynadıqdan sonra komandadan uzaqlaşdırılır.

Hazırda Azərbaycan yığma komandasının cəmi 4 üzvü legioner həyatı yaşayır: Mahir Şükürov (“Karşıyaka”), Emil Balayev (“Ayntraxt”), Rüfət Dadaşov (“Zweibrücken”), Dmitriy Nazarov (“Karlsrue”).

Ermənistan millisində isə belə futbolçuların sayı 26-dı! Üstəlik onlar səviyyəcə də daha yaxşı çempionatlarda top qovurlar. Məsələn,Gevorg Gazaryan (“Olimpiakos”), Roman Berezovski (“Dinamo” Moskva), Yura Movsisyan (“Spartak” Moskva), Araz Özbiliz (“Spartak” Moskva), Rumyan Hovsepyan (“Metallurq” Donetsk).

Biz isə hələ də Dortmund “Borussiya”sının ən bahalı transferi kimi tarixi düşən, “Şaxtyor”un heyətində Ukraynanın müstəqillik dövründə bir mövsümdə ən çox fərqlənən və hazırda İtaliyanın ən nəhəng klubuna keçmək ərəfəsində olan futbolçunu təhqir etməyə davam edək.

P.S. Azərbaycan futbol federasiyasının illik büdcəsi 27 milyon manat ,

Ermənistan Futbol Federasiyasının illik büdcəsi isə 3 milyon dollar təşkil edir.

P.P.S. Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı bu il bitir…Elə futbolun özü kimi.

Fikirlərini bizimlə bölüş!