Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Mədətovun kürəyindəki əl

Rauf Əliyevin “Qarabağ”dan getməyə hazırlaşdığı günlərdə yaşananlarla bağlı bir tarixçə yadıma düşdü. “Qarabağ”ın “Rəvan”la qolsuz davam edən oyununda Qurban Qurbanov artıq komandayla ipləri qoparmağa hazırlaşan hücumçunu yanına çağırmış, əlini kürəyinə vurub “döyüşməyə” göndərmişdi. Amma artıq gec idi. Həm Rauf, həm də “Qarabağ” üçün. “Dalğa Arena”da olan Əliyevin cismi idi. Fikri və xəyalı isə “Bakı”yla “Xəzər Lənkəran”ın ofislərində gedən danışıqların yanına uçmuşdu. “Qarabağ” “Rəvan”ın sıx müdafiəsini yarmaq üçün o dəqiqəyə qədər xeyli güc sərf etmişdi. Raufun “təzə qan”la oyunu dəyişdirəcəyinə, “köhlən atlar” üçün qələbə qolunu vuracağına inanan Qurban bəyin ümidləri doğrulmadı. Bəlkə də həmin an özü də bunun çox çətin olacağını bilirdi, amma Raufu inandırmağa çalışdı ki, sən hələ bizim üçün itməmisən, mənim əlim sənin kürəyindədi. Əliyev kürəyindəki o əli hiss etməliydi. Bu əhvalatı “Qarabağ”ın “Kopenhagen”lə oyununda xatırladım.

Mahir Mədətov danimarkalıların qapısına qol vurandan sonra meydanboyu uzun bir reyd etdi. Çığınlıqla, vurduğu vacib qolu böyük sevinclə qeyd edə-edə. Hələ uzaqdan onun bu reydini görən Qurbanov soyuqqanlı şəkildə əliylə ona işarə etməyə, sakitləşməyin vacib olduğunu bildirməyə çalışdı. Mahirin gözü isə həmin anda çalışdırıcısını görmürdü. Əsla onu qınamaq fikrində deyiləm. Biz olsaydıq, daha da çılğın davranardıq. İndi dünya futbolu, meydandakı oyunçuların psixologiyası elə bir nöqtəyə gəlib çatıb ki, Ronaldo və Messi boyda dünya ulduzları da qol vurandan sonra hisslərini cilovlaya bilmir, sarı vərəqəlik hərəkətlər edirlər. Onların yanında Mahirin hərəkətləri toya getməlidi. Amma bizim həddən artıq sevinməyimiz üçün hələ çox tez idi. Bunu illərin təcrübəsi Qurbanov çox yaxşı başa düşürdü. İllərdi bu yolu gəlirik, hər dəfə də ayağımıza bir daş dəyir, yaxud da gözlənilməz bir məqanda büdrəyirik.

Həmin qarşılaşmanın 3-cü dəqiqəsində Dino Ndlovu ayağını tutub, yerdə qalanda və hakim onun üçün xərək tələb edəndə çox məyus olmuşdum. Çox qorxdum. “Yenə də şanssızlıq, erkən əvəzetmə, vacib bir oyunçunu itirmək” sualları ürəyimi deşirdi. Bilirdim ki, cənubi afrikalı hücumçu indiki məqamda “Qarabağ” üçün əvəzolunmaz silah idi. Elə Ndlovu da bunu anlayırdı və bu səbəbdən də əsl cəngavərlər kimi davrandı. Bülənt Qorxmazın “Qalatasaray”ın UEFA kubokunu qazandığı gecə etdiyi fədakarlıq da beləydi. “Qalatasaray” 17 il əvvəl o mükafatı qazanmağı qarşısına necə məqsəd qoymuşdusa, bu gün də “Qarabağ” eyni əhval-ruhiyyədə, eyni döyüşkənlikdədi. Amma sevinmək üçün bir qədər tezdi. Mahirin hesabı açdığı dəqiqədə isə lap çox tez idi. Buna görə də Qurbanov gənc hücumçunun Rəşad Sadıqovla qucaqlaşmasını, sevincini kapitanla bölüşməsini seyr edəndən sonra onu yanına çağırdı. Qulağına nəsə pıçıldayıb, əlini kürəyinə vuraraq Mahiri meydana yolladı. Həmin anlarda Qurban bəyin səsini eşitməsək də, nə dediyini təxmin etmək çətin deyil: “sakit olaq, oyunumuza davam edək. Sevinməyə vaxtımız olacaq”.

Sevinirəm ki, Mahir həmin əlin “ağırlığını”, çalışdırıcının dediyi sözlərin əhəmiyyətini başa düşdü, qalan vaxt ərzindəki davranışlarından bunu hiss etmək çətin deyildi. Deməli, qazandığımız qələbədən sonra belə “Qarabağ”ın eyforiyaya qapılmadığına inanmaq olar. Belə hisslərdən uzaq olmaq Mahirin gələcək karyerası üçün də vacibdi. Gələcəyi irəlidə olan gənc hücumçu o əli hər zaman kürəyində hiss etməli, Qurbanovun sözlərini unutmamalıdı. Mədətov gələcəkdə “Qarabağ” və Azərbaycan futbolu, eləcə də öz karyerası üçün daha vacib qollar vura bilər. Bunun üçün onda istedad var. “Qarabağ” kimi komandada oynamaq, Qurban Qurbanov kimi mütəxəssisin əlini kürəyində hiss edə bilmək isə bir başqa ayrıcalıqdı.

Dəyərləndirmək lazımdı. Böyük qələbələrimiz naminə. Davamını Danimarkanın paytaxtında gözləyirik. Kopenhagendə vurulacaq bir qol “Qarabağ”ı tarixi uğura, adını dünyanın nəhəng klubları ilə bir sıraya yazdırmağa daha da yaxınlaşdıracaq. Çempionar Liqasının qrup mərhələsində oynamaq müasir Azərbaycanın futbol tarixinə qızıl hərflərlə yazılacaq səhifə, “Qarabağ” və onun futbolçuları üçün isə böyük fürsətdi. Bununla həm də bizim gənclər özlərini Avropada göstərmək, 8 komandalı çempionatda itib-batmaqdan və Türkiyənin aşağı divizionlarında legioner həyatı yaşamaqdan qurtulmaq şansı qazanacaqlar. Görürsüzmü, qarşıda bizi nələr gözləyir? Odu ki, həmin əlin dəstəyindən yararlanın!

Fikirlərini bizimlə bölüş!