Son günlərdə Türkiyə və Azərbaycan mediasında iki ailənin – Mənsimovlarla Zülfüqarlıların qohumluğu, daha doğrusu, Mais Mənsimovun qızı Zümrüd xanımın Loğman Zülfüqarlının oğlu Şahin bəylə izdivacı haqda çox yazılır, çox danışılır. “Palmalı” Şirkətlər Qrupunun Bakı ofisinin və “PAL süd”ün rəhbəri Mais bəy futbol sahəsinə yad adam deyil. Bildiyiniz kimi, “Xəzər Lənkəran” adlı nəhəng futbol gəmisini batıranlardan biri də məhz Mübariz Mənsimovun kiçik qardaşıdı. Onun və Tuyqun Nadirovun “uzaqgörən” siyasəti nəticəsində klub nəinki ölkə içində, hətta sərhədlərimizdən kənarda, UEFA və FİFA divarları arasında da biabır oldu, bu gün klubun varlığı mətbuat katibi səviyyəsində AFFA və PFL rəhbərlərinə müxtəlif atmacalar ünvanlamaqdan başqa bir əməllə ifadə olunmur.
Diqqətimizi cəlb edən məqam isə başqadı. Bildiyiniz kimi, Nurəddin və Loğman Zülfüqarlı qardaşlarının Azərbaycanın hakim dairələri ilə iqtisadi münasibətlər, biznes maraqları zəminində ciddi qarşıdurması var. Qardaşların nəzarətində olan “Bakı Elektroştamp” və “Bakı Poladtökmə” zavodları ətrafında Əmlak Məsələləri Dövlət Komitəsi ilə uzun sürən münaqişə onların 2011-ci ilin yanvarında vətəni tərk etməsi ilə nəticələndi. Biznesini Türkiyəyə köçürən qardaşların Azərbaycan hakimiyyətinə yönəlik iddiaları davam edir və onların işi Avropa İnsan Hüquqları Məhkəməsi səviyyəsinə qalxıb.
Mübariz Mənsimova ölkəmizdə yaradılan şərait haqda isə geniş danışmağa dəyməz. Sağlığına qismət, şirkətinin Bakı ofisi əvvəllər “milyonçular məhləsi”ndə yerləşirdi, indi də “İçərişəhər”in dəbdəbəli yerindədi. Bundan başqa, süd məhsulları və dondurma istehsal edən zavodları var ki, istehsal etdiyi məhsulların bazara çıxarılması yolunda heç bir maneə yoxdu. Hazırda ölkə futboluna heç bir şəkildə fayda verməsələr də, yatırım etməsələr də, futbol dalğasında gəldikləri ölkədə arın-arxayın pullarını qazanırlar. Bəs belədə Mənsimovları Azərbaycan iqtidarını barışmaz düşmən gözü ilə görən Zülfüqarlılarla birləşdirən hansı maraqlardı?
Birmənalı fikir yürütmək çətindi. Amma gerçəklik budu ki, indi nə Mənsimovlar Azərbaycanı bəyənir, nə də Zülfüqarlılar. Birincinin iddiaları ilə imkanları üst-üstə düşmədi. Mübariz Mənsimov futbola xərclədiyi milyonların hesabatını qardaşından və Tuyqun Nadirovdan tələb etmək əvəzinə futbol təsərrüfatına rəhbərlik edən adamlara şər-şəbədə qoşmaqla klubunun fəaliyyətini dayandırdı. Bununla da böyük Mənsimov hələ 2005-in iyulunda “Nistru”ya gözlənilməz məğlubiyyətdən sonra verdiyi sözü hansısa şəkildə tutdu. Onda demişdi ki, “stadionu bağlayıb, yerində eşşək ferması açacam”. Eşşək ferması açmasa da, faktiki klubun qapısını bağladı və ölkə futbolunun inkişafına pul qoymaqdan çəkildi. Yəni milyonlar qazandığı ölkənin futboluna pul xərcləməyi lazım bilmədi. Elə Zülfüqarlı qardaşları da eyni yolun yolçusudu. Onlar da hansı yolla olur-olsun, Azərbaycanla bağlı hədəflərinə çatmaq, əldən çıxan zavodları qaytarmaq niyyətindədilər.
Bəli, doğru deyiblər ki, böyük pulun böyük də dərdi olur. Amma hörmətli Mübariz Mənsimov Azərbaycan iqtidarına savaş açan Zülfüqarlılarla qudalığa qərar veribsə, deməli, bildiyi nəsə var. Görünən mənzərə budu ki, Mənsimovlar Azərbaycandakı siyasi hakimiyyətə açıq-aşkar meydan oxuyur. Dolayısıyla demək istəyirlər ki, istədiyimiz vaxt burdakı olan-qalan biznesimizi də ölkədən çəkər, Zülfüqarlılarla birləşib sizə qarşı açılan cəbhəni daha da gücləndirərik. Proseslərin hansı məcrada inkişaf edəcəyini proqnozlaşdırmaq çətin olsa da, imici, reklamı üçün “Xəzər Lənkəran”ı “dünyaya gətirən”, sonra da yanlış idarəçilik üzündən borcun içində itib-batan, acığını futbol təsərrüfatının rəhbərlərinə şər-böhtan atmaqla soyudan Mais Mənsimov – Tuyqun Nadirov duetindən, eləcə də onların əməllərinə göz yuman Mübariz Mənsimovdan istənilən əməli gözləmək olar.
HUŞƏNG
Mənsimovlarla Zülfüqarlıların qohumluğu: Azərbaycana qarşı yeni cəbhə!




Fikirlərini bizimlə bölüş!