“Nəsimi ili”ndə doğulanların bəhanəsi…

“Nəsimi ili”ndə doğulanların bəhanəsi… — illüstrasiya

Ehtiram Quliyevin “Turan Tovuz” üçün gördüyü işləri heç kim danmır. Elə bunun nəticəsidir ki, Tovuz camaatı və klub azarkeşləri onu bağrına basıb.

Gəldiyi gündən qısa müddət ərzində komanda üçün ciddi vəsait xərclədiyi bildirilir, sponsorlar cəlb edib və s.

İndi də xəbər yayılıb ki, rəhbərlikdən getmək istəyir. Özü bunun səbəbini şəxsən açıqlamasa da, müəyyən kanallar vasitəsilə çatdırılmağa çalışılır ki, “Turan Tovuz”a qarşı bir qrup tərəfindən müəyyən təzyiq var. Və yaxud da ki, belə bir fikir formalaşdırılır.

Təbii ki, klubun mətbəxində nələrin baş verdiyini tam dəqiq bilmək olmur. Amma əgər doğrudan da, səbəb hakim səhvləridirsə, bu, mənə görə bəhanədən başqa bir şey deyil.

Bu bəhanəyə də ancaq “Nəsimi ili”ndə doğulanlar (2019-red) inanar.

Bəli, doğrudur, Elçin Məsiyev dünyada analoqu olmayan penaltilərdən birini ötənlərdə “Turan Tovuz”un qapısına təyin etdi. Hakimin səhv qərarı da rəsmi şəkildə sonradan etiraf olundu. “Şamaxı” ilə matçda qapı xəttini keçən, yalnız həvəskar kamera tərəfindən qolu təsdiqləyən görüntü isə VAR-a ötürülməmişdi…

Ümumilikdə problemdirmi, bəli! Həm də çox ciddi problem. Amma bu hakim səhvləri, hətta ciddi şəkildə yanlış olan qərarlar təkcə “Turan Tovuz”a qarşı olmur axı.

Azərbaycan Premyer Liqasında hakim səhvindən əziyyət çəkməyən, xal itirməyən klub var ki? Hazırda “Turan Tovuz” rəsmisi olan Səməd Nəsibovun “Qəbələ”də çalışdığı vaxt “Qarabağ”la oyundan sonra o zaman əsəbindən maçtın baş hakimi olan Rəhim Həsənova etdiyi qarğış hələ də yaddaşımdadır. Sadıq Sadıqovun vaxtında Şüvəlanda AZAL-la oyunda “Neftçi” rəhbərliyinin Orxan Məmmədova hücum çəkməsinin qarşısını isə polis almışdı. Hətta o zaman klubdakı qoçular mənim də üzərimə yerimişdi ki, niyə çəkiliş edirsən?

Dəhlizdə hakimlərə qarşı söyüşün biri bir qəpikdən idi…

Yaxud Tahir Süleynanov 2014-cü ildə “Neftçi”də vitse-prezident olanda hakimlərlə bağlı sərt çıxışına görə 10 oyunluq cəzalandırılmamışdı?

Elə eyni ildə “Bakı”nın futbolçusu Etto indiki Hakimlər Komitəsinin sədri Rəhim Həsənova kəllə atmamışdı?

Siyahını o qədər uzada bilərəm ki…

Hakim səhvləri təəssüf ki, var, yenə olacaq, bunlardan betərləri də yaşanacaq. Amma buna görə futboldan getmək, bu təəssüratı yaratmaq absurdur.

Və yaxud da deyilir ki, “Turan Tovuz”un cari mövsümdə avrokuboklara buraxılmamasında Azərbaycandan barmaq edilib. Axı siz oxumuş adamlarsınız, ölkə xaricində təhsil almısınız, bu cəfəngiyyata necə inana və camaatı inandıra bilərsiniz?

UEFA-nın verdiyi qərarı Azərbaycandan kim dəyişə bilər? Bu qərar durduq yerə çıxarılmışdı? Vaxtilə “Turan Tovuz”un iştirakı ilə oyun alqı-satqısı olmamışdı?

İndi də Oqtay Abdullayev çıxıb deyir ki, vaxtında Ehtiram Quliyevi xəbər etməyiblər. Bunu xəbər etməli olan elə Oqtay Abdullayevin özü deyildi ki? Bu xəbər üzə çıxanda and-aman edib məlumatı yalanlamağa çalışan, “dezinformasiyadır” deyən Nəsimi Paşayev idi, yoxsa xəbəri yazan mən?

Axı nədir bu aqressiya? Nədir bu tək cəbhə yaratmaq cəhdi?

Ona qalsa, gərək ötən tur “Neftçi”nin futbolçusuna birbaşa qırmızı vərəqə verilmədiyi üçün “Qəbələ” rəhbərliyi bəyanat yaymalıydı ki, bəs, imkan vermirlər, bizi sıxırlar.

Ondan əvvəl də “Zirə” rəhbərliyi “Qarabağ”la oyunda Varkoniyə “qırmızı” verilmədiyi üçün üsyan bayrağı qaldırmalı idi.

Vətən müharibəsi xatirələrini də belə məqamda ön plana çıxarmaq dəb halına alıb.

Yoxsa, “Qəbələ” prezidenti müharibədə döyüşməyib? Hansı ki, onun döyüş bölgəsində düşmənlə üz-üzə olduğunu camaat günlər sonra öyrəndi. Bəlkə futbolçusu Asif Məmmədov Vətən müharibəsi iştirakçısı deyil?

Bu gün “Turan Tovuz”un rəhbərliyində təmsil olunan, əcnəbi məşqçilərin tərbiyəsizlik etməsinə şərait yaradanlar az qalır “Zirə”ni, onun baş məşqçisi Rəşad Sadıqovu düşmən çıxara…

Əgər müharibə xatirələri ön plana çıxarılırsa, o zaman qeyd etməliyik – bu o Rəşaddır ki, müharibə dönəmində özünə məxsus torpağı satıb torpaq uğrundan döyüşənlərə ianə edib. Bunu da barmaqla sayılacaq qədər adam bilir…

Bu o Rəşaddır ki, həm meydanda, həm də meydandan kənarda Azərbaycan futbolunun avtoritetini qoruyub. Təkcə onun illər öncə “Pünik”lə matçdan sonra erməni futbolçuya hoteldə yerində verdiyi cavab bu gün ona qarşı təxibat törətməyə çalışanların bütün karyerasından böyükdür.

Bunu başqa sahədən gəlib futbolun nə olduğunu Ehtiram Quliyevin sayəsində öyrənməyə çalışan intriqayameyillilər bilməyə bilər. Amma bilənlər hər şeyi çox yaxşı bilir.

Yoxsa, Qurban Qurbanov ordu üçün əlindən gələni etməmişdi? Ən lazım olan anda “Qarabağ”ın adını beynəlxalq arenaya çıxarmaq, davamlı olaraq orada saxlamaq elə müharibədə döyüşməyə bərabərdir.

Bəlkə, Gözəl ailəsi bu məram uğrunda milyonlar xərcləməyib? Bəlkə “Azərbaycanda da futbol var” düşüncəsini yaradan “Qarabağ” olmayıb?

Bəlkə bəzən səhv qərarları ilə yadda qalan Kamal Umudlunun timsalında bu torpaq uğrunda döyüşməyən hakimlərimiz yoxdur?

Yəni, həmin dövrdə fərdlər yox, bütün Azərbaycan əhalisi üzərinə düşəni artıqlaması ilə etmişdi, lazım gəlsə, yenə də edəcək. Təki lazım bir daha lazım olmasın…

O ki qaldı qruplaşmaya, əgər doğrudan da “Turan Tovuz”a qarşı müəyyən bir plan, Ehtiram Quliyevi gözü götürməyənlər varsa, başqan bunu açıq şəkildə deməlidir. Yoxsa oxu atıb yayı gizlətmək, onun-bunun sözü ilə “onu futboldan bezdirdilər” düşüncəsini formalaşdırmaq igidliyin şanına yaraşan hərəkət deyil.

Axı keçən dəfə sponsorluq müqaviləsi imzalananda Ehtiram Quliyevə avrokuboklara buraxılmamaqla bağlı sual verildi. Əgər bu, bir təzyiq vasitləsilə yaranmışdısa, o zaman niyə sualdan yayınıb “gəlin gələcək barədə danışaq” deyildi? Belə bir şey var idisə, özünün tədbir təşkil etdiyi məkanda nədən çəkindi?

Bəhanələri başqa binalarda axtarmaq lazım deyil, Ehtiram bəy! Hərdən “Hünər”in də ofisinə göz gəzdirin. Orada həqiqətləri, sizi manipulyasiya edənləri, intriqaya çəkənləri görəcəksəniz…

Bəsirət gözünüzün açılması “Turan Tovuz”un xeyrinə olacaq. Bir də gördünüz ki, növbəti mövsüm “Fənərbağça” pul qarşılığında yox, UEFA bayrağı altında keçirilən yarışda Azərbaycandadır…

“Nəsimi ili”ndə doğulanların bəhanəsi… — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!