Nağara səsindən gileylənməsələr, yaxşıdı…

Bakı böyük oyunun həyəcanını yaşayır. Şəhərin mərkəzində çərşənbə günü burda Avroliqanın finalının keçiriləcəyini xatırladan çoxlu əlamət var. “Azneft” dairəsinə qoyulan topdan, yol kənarlarındakı nəhəng plakatlardan tutmuş Dənizkənarı Bulvarda təşkil olunan Azarkeş Festivalına qədər. Düzdü, hələ ki ingilis fanatlar tək-tük gözə dəyir. Amma Böyük Britaniya mətbuatının bütün antitəbliğat cəhdlərinə rəğmən, qarşıdakı günlərdə onların sayının artacağına şübhə etməyə dəyməz. Ümid edirik ki, başında Henrix Mxitaryanın dayandığı ləkələmə, qaralama kampaniyası iflasa uğrayacaq və ölkəmiz uğurlu təşkilatçılıqla daha böyük yarışlara iddiasını davam etdirə biləcək.
Tarixi mənbələrdə hələ 16-cı əsrdən – Səfəvilər dövründən ingilislərlə sıx əlaqələrin olduğu göstərilsə də, 19-cu əsrin 70-ci illərindən etibarən Azərbaycanda neft sənayesinin inkişafı İngiltərə ilə əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırıb. “Əsrin müqaviləsi”ndə Böyük Britaniyanın “British Petroleum” və “Ramco” ilə təmsil olunması isə az qala orta məktəb şagirdlərinə də bəllidi. Kəsə demək istədiyim mətləb odu ki, bu qədər sıx əlaqələri, azərbaycanlıların dünyaya bəlli qonaqpərvərlik institutunu heç komandanın əsas oyunзusu belə sayılmayan erməninin siyasi-təbliğati maraqlarına qurban vermək olmazdı. “Arsenal” düşərgəsi bunu çox gec, artıq tribunaların böyük əksəriyyətinin “Çelsi”nin tərəfini tutacağını öyrənəndən sonra anladı. Şəxsən mən Məsut Özilin “tvitter” mesajını da səmimilik əlaməti saymıram. Ötən il Bakıda necə qarşılandığını görən türk qardaşımız İngiltərə publikasını daha erkən ayıltmalıydı.
Hər halda, indi finala qədər olan dövrü xarakterizə edən ayrı-ayrı məqamlar üzərində xüsusi dayanmağın vaxtı deyil. Bir halda ki “Arsenal” artıq Bakıdadı, özü də biz onları nağara ilə qarşılayıb, otelə yerləşdirmişik. Yeri gəlmişkən, bu nağaraya da bir elə ehtiyac yox idi. Öz aramızdı, kim zəmanət verir ki, “topçular” vətəndə dönəndən sonra uzun uçuşdan sonra nağara səsinin başlarına düşməsindən gileylənməyəcəklər?! Bizdə bu qonağa xoş görünmək, onun könlünü oxşamaq istəyi bəzən lap maniakal xarakter alır.
Azərbaycanın bu finalda iştirakı, təbii ki, təşkilatçı, ev sahibi statusu daşıyır. Bu statusun gətirdiyi məsuliyyət, hüquq və öhdəliklər öz yerində. Amma sirr deyil ki, zəmanəmizdə istənilən təєəbbüsün həm də iqtisadi əsasları təmin olunmalıdı. Yəni Azərbaycan dövləti finalın təєkilinə xərclədiyi 7 milyon dolları qaytaracağına ümid edir ki, bu da yalnız əcnəbilərin ölkəmizə kütləvi axını, Bakıda səxavətlə pul xərcləməsi sayəsində mümkündü. Əlbəttə, bu o demək deyil ki, otel-hostel biznesində, iaşə sektorunda çalışanlar bura gələn əcnəbilərə potensial avro, funt sterlinq gözüylə baxsın, qəfil, birdəfəlik varlanmaq həvəsinə düşsün. Düz bir il sonra qitə çempionatının final mərhələsinin dörd oyununun da Bakıda keçiriləcəyini nəzərə alsaq, bugünlərdə ölkəmizə gələn əcnəbilərin burdan ən xoş təəssüratla ayrılması həm də gələcəyə qoyulan yatırım olardı.
…Birvaxtlar Avroliqanın finalını qəbul etmək bizə arzu, xəyal kimi görünə bilərdi. Amma fakt budu ki, Azərbaycanın indiki azarkeş, jurnalist nəsli tarixi olayın iştirakçısı və şahididi. İndi biranlıq belə tarixi oyunlarda tərəflərdən birinin ölkəmizin təmsilçisi ola biləcəyini təsəvvür edin. Təsəvvürə gətirmək belə adamı həyəcanlandırır, duyğularını qarışdırır. Bəlkə də bu arzu gerçəkləşəcək, bəlkə də elə ürəyimizdə torpağa qarışacaq. Hələlik indinin ehtirasını yaşamağa, Avropanın diqqətinin Bakıya yönəlməsini seyr etməyə və qürurlanmağa dəyər. Xoş gəldin, Avroliqanın finalı!

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.