Ölkə kubokunun final matçının start fitinə saatlar qalıb. 26 illik müstəqillik tariximizdə Naxçıvan ilk dəfə kubokun əsas qarşılaşmasına ev sahibliyi edəcək. Belə məsul oyunun böyük futbolda təmsilçisi olmayan bölgədə təşkil edilməsi, Naxçıvan arenasının bu cür önəmli qarşılaşmalara ev sahibliyi etməməsi futbol ictimaiyyəti arasında müəyyən söz-söhbətlərə səbəb olub. Əksər ekspertlərin fikrincə, heç vaxt belə çətin sınaq qarşısında qalmayan Muxtar Respublikanın futbol təsərrüfatına rəhbərlik edən şəxslər imtahandan üzüağ çıxa bilməyəcək. Ancaq narahatlığa heç bir əsas yoxdu. Ən azı 2013-cü ilin oktyabrında “Neftçi” ilə “Xəzər Lənkəran” arasında baş tutan superkubok uğrunda oyunun sözügedən məkanda baş tutması, Naxçıvan futbol ictimaiyyətinin üzərinə düşən işi yüksək səviyyədə yerinə yetirməsi bu gün keçiriləcək qarşılaşmanın da heç bir problem olmadan bitəcəyindən xəbər verir.
İndi olduğu kimi, 4 il öncə də superkubok görüşünü izləmək, 20 ildən sonra yenidən keçirilən qarşılaşmanı işıqlandırmaq üçün Bakıdan Naxçıvana xeyli sayda jurnalist yollanmışdı. Daha doğrusu, PFL bu dəfə olduğu kimi, 2013-də də media nümayəndələrinin Muxtar Respublikaya səfərini təşkil etmişdi. Həmin səfər zamanı qələm əhlinin başına müxtəlif gülməli hadisələr gəlib ki, bu yazıda onları yada salıb, 4 il əvvələ səyahət edəcəyik.
• 2013-cü ildə superkubok oyununu işıqlandırmaq üçün Naxçıvana yollanan jurnalistlər Muxtar Respublikanın hava limanından birbaşa “Duzdağ” müalicə ocağına aparılıb. Sözügedən məkanın baş həkimi Bakıdan gələn qələm əhlini qarşılayaraq, rəhbərlik etdiyi tibb ocağı ilə tanış edib. Media nümayəndələrinin ən azı nahar fasiləsinə kimi başını qatmaq tapşırığı alan həkim “Duzdağ”ın tarixini dayanmadan ən azı 3 dəfə təkrarlayır. Hər mühazirə də təxminən yarım saat çəkdiyindən, həkimin söylədiklərini yenidən təkrarladığını görən jurnalistlər yavaş-yavaş obyektin giriş qapısına istiqamətlənsə də, arxa sırada oturan bir nəfər yerindən tərpənmir. Baş həkim də onun həmkarları ilə birgə getmədiyini görüb 4-cü dəfə söylədiklərini təkrarlayır. Sözünü tamamlayan baş həkim yenə qarşı tərəfin tərpənmədiyini görüb jurnalistə yaxınlaşır. Və gördüklərindən şoka düşür. Sən demə, məkanın qaranlıq olması, həmkarımızın yuxusuzluqdan əziyyət çəkməsi təsirini göstərib və o fürsətdən istifadə edib yuxuya gedib. Çənəsi ağrıyan, təkrarçılıqdan bezən baş həkim zəhmətinin hədər getdiyini başa düşüb, qəzəblə həmin jurnalisti yuxudan oyadıb. “Bakıdan bura yatmağa gəlmisən, yoxsa futboldan yazmağa? Həmkarların getdi, sən də qaç” söyləyərək, əsəbi formada giriş qapısının yolunu tutub.
• Superkubokdan sonra baş tutan mətbuat konfransından bir qədər gec çıxan jurnalistlərdən biri onları gətirən avtobusun getdiyini görüb, həmkarlarına çatmaq üçün taksiyə əyləşib. Sürücüyə gedəcəyi ünvanı söyləyən qələm sahibi ilk dəfə olduğu Naxçıvanın ictimai-siyasi həyatından məlumat əldə etmək üçün sürücüyə bir neçə sual ünvanlayır. Bütün suallara dodaqaltı cavab verən naxçıvanlının söylədiklərindən heç nə başa düşməyən həmkarımız abırına qısılaraq yalandan gülür və başını yelləyir. Özlüyündə fikirləşir ki, yəqin yerli dialektdə danışan sürücünün sözlərini başa düşməyib. Mənzil başına çatanda ürəyi dözməyən jurnalist sürücüyə “mən sual verdim, ancaq sənin cavablarının heç birini başa düşmədim” deyir. Sürcü isə ona belə cavab verir: “Sən kim, mən kim? Bir-birimizi tanımadığımızdan mən nəyə görə sənin suallarını cavablamalıydım? Mən sənə onsuz da heç bir cavab vermədim və hər dəfə öz-özümə “bu məndən nə istəyir” deyirdim”.
• Superkubok qarşılaşmasının sonunda Muxtar Respublikanın Ali Sovetinin sədri Vasif Talıbov meydana daxil olaraq qalibi mükafatlandıran zaman bütün stadion ayaqüstə onu alqışlayır. Bakıdan gedən jurnalistlərdən biri bunu özünə yaraşdırmayaraq nə ayağa qalxır, nə də əl çalır. Sən demə, onun yanında oturanlar xüsusi xidmət orqanlarının əməkdaşları imiş. Paytaxtdan gələn qonağın davranışından xoşlanmayan “çekist”lərdən biri üzünü yanındakı həmkarına tutaraq “deyəsən, kimlərsə Bakıya qayıtmaq istəmir” söyləyir. Həmkarımız bir anlıq söhbətin ondan getdiyini başa düşüb, başının ağrıyacağını göz önünə alaraq ayağa qalxıb, hamıdan gur əl çalmağa başlayır.
• Vasif Talıbov arenaya daxil olar-olmaz media nümayəndələrindən biri ona yaxınlaşaraq, oyunla bağlı fikirlərini öyrənmək istəyib. Ancaq mühafizəçilər bir anda həmin jurnalisti əllərinə götürüb, kənara qoyublar. Media nümayəndəsi yaşananlardan üzülməyərək, rəhbərlik etdiyi saytda “Vasif Talıbovdan oyunla bağlı açıqlama” başlığı ilə xəbər paylaşıb. Xəbəri oxumaq üçün linki tıklayanlar isə bunları oxyub: “Cəhənnəm ol ə, burdan”.
Rəşad QASIMOV
Naxçıvanın duzlu-məzəli üzü




Fikirlərini bizimlə bölüş!