“Qarabağ”ın səfərdə “Napoli”yə uduzması heç kim üçün təəccüblü deyil, əksinə gözlənilən idi. Yəni, Qurban Qurbanovun komandası Neapoldan da xal gətirsə idi, bu artıq sensasiya, fantastika olardı. Futbolda isə sensasiya hər deyəndə olmur, hərdənbir olur.
Hamı deyir “Qarabağ” yaxşı oynadı. Amma heç kim izah etmir ki, yaxşı oyun nədən ibarət idi. 90 dəqiqə ərzində bir qol vəziyyəti yaratmadan, hücum qurmaqda çətinlik çəkən, rəqib təzyiqi artıran kimi müdafiədə uşaqsayağı səhvlər edən bir komandaya yaxşı demək olarmı? Görünür, olarmış.
Sovet dövründə “Neftçi”, müstəqillik illərində isə hamılıqla klublarımız o qədər əziklik psixologiyası hopdurub ki, içimizə, uduzuruq, əl çalırıq, şaqqanaq çəkib sevinirik. Dünən qapıçı Koxalski və müdafiəçi Medina istisna olmaqla “Qarabağ” futbol oynamadı. Daha doğrusu, bu oyun futbolda standart güclü ilə zəifin qarşıdurması idi. “Napoli” oyuna nəzarət edir və rahatca ö vaxtını gözləyirdi. Bir Koxalski Antonio Kontedə planın baş tutacağına azacıq şübhələr yarada bilmişdi. Amma fərq çox yüksək idi.
Ayrı-ayrı epizodlarda “Qarabağ”ın oyunçuları sadəcə rəqibə çırpılıb yıxılanda anlayırdın ki, italyanların fiziki hazırlığına çatmaq üçün hələ yarım əsr var. Fiziki hazırlıq aşağı olduqda isə heç bir taktiki düşüncə həyata keçirmək mümkün deyil. Əsas problem də elə buradan başlayır. Azərbaycan futbolunun qorxulu yuxusu olan həmin o “60 dəqiqə” sindromu işə düşən kimi vəziyyət pisləşdi və hesab daha da artıq ola bilərdi. Amma buna görə “Qarabağ”ı qınamaq olmaz. Neapoldakı oyunu “acı həqiqətlərin mənzərəsi” adını da vermək olardı.
Bu oyun göstərdi ki, azarkeşlər nə qədər ümidli olsa da, günün reallığı belədir: biz hələ İtaliya çempionunu, özü də səfərdə yenəcək səviyyədə deyilik. Əslində, “Qarabağ”ın seçdiyi taktika qələbə üçün deyildi. Bu açıq-aşkar görünürdü. Dünən heç-heçəyə köklənən taktika vardı meydanda. Amma onu da sona qədər həyata köçürmək üçün “Qarabağ” həftədə azı bir dəfə belə səviyyəli oyunlara çıxsın. Yoxsa “İmişli”, “Turan”, “Araz-Naxçıvan”la yeriyə-yeriyə oynadıqdan sonra “Napoli” ilə 90 dəqiqə başabaş oynamaq nağıldır.
“Qarabağ” artıq səfərdə “Benfika”nı udmaqla, evdə “Çelsi” ilə heç-heçə etməklə nağıla bənzər nə isə edib. Amma bundan da artığını etmək olar. Qarşıda bizi dərin böhran içində olan, ÇL-də bütün oyunlarını uduzan “Ayaks” gözləyir, özü də Bakıda. Bu mövsüm göstərdi ki, “Qarabağ” artıq adlı-sanlı rəqiblərlə ayağı əsə-əsə başlamır oyuna. “Ayaks” kimi quyunun dibində olan komanda ilə topa nəzarət bizdə olacaq, basqı da olacaq və qazanılan 3 xalla Ağdam klubu pley-off mərhələsinin qapısını aralamış olacaq.




Fikirlərini bizimlə bölüş!