“Neftçi”nin prezidenti Sadıq Sadıqov “Xəzər Lənkəran”la Superkubok oyunundan sonra “Neftçi”yə “təzə qan” lazım olduğunu bildirmişdi. Məğlubiyyətdən halı pisləşən klub rəhbəri yaxın günlərdə vəziyyəti müzakirə edəcəklərini bəyan etmişdi.
Sadıqovun kiminləsə nəyisə müzakirə etdiyini, yoxsa qərarı təkbaşına verdiyini bilmirəm, amma o, çıxış yolunu məşqçi dəyişikliyində gördü. Tərlan Əhmədov postundan uzaqlaşdırıldı, Nazim Süleymanov iş başına gətirildi. Amma sonradan bəlli oldu ki, Nazim bəy “təzə qan” kimi işə yaramadı, o, “Neftçi”nin orqanizminə, damarlarına uyğun gəlmədi. Ölü bədən təzə qana müqavimət göstərdi və Süleymanov ürəyə dövr edə bilmədi.
Nazim bəyin istefaya getməsindən sonra onu əvəzləyən Böyükağa Hacıyev də komandanı böhrandan çıxara bilmədi. “Xəzər Lənkəran”la səfər oyunundakı tərbiyəsizliklər, Sumqayıt səfərində ehtiyat qüvvəsinin yarıtmazlığı Sadıqovu arabir başına qoyduğu papağını qabağına qoyub fikirləşməyə vadar etdi. Və aldığımız bilgiyə görə, bu düşüncələrdən sonra artıq o, doğru sayıla biləcək qərarı verib: yayda “Neftçi”nin heyətində ciddi islahatlar olacaq. Və deyəsən, Sadıq bəy bəzi sevimlilərini də ürəyindən silib atacaq.
Ardıcıl 4-cü çempionluqdan əlini üzən “Neftçi” rəhbərliyi səbirsizliklə mövsümün başa çatmasını gözləyir. Sadıqov çempionat başa çatar-çatmaz klubda bir sıra islahatların aparılmasına göstəriş verəcək. Müqaviləsi bitən bir çox oyunçuyla yeni anlaşma imzalanmayacaq, müqaviləsi davam edən bəzi əcnəbilər də qapının önünə qoyulacaq. Beləliklə, “təzə qan” əməliyyatı start götürəcək.
Bu əməliyyat nəticəsində komandadan bir sıra futbolçular göndəriləcək ki, onların arasında Rəşad Sadiqovun da adı var. Son turlarda Böyükağa Hacıyevin kapitanı gənc Mirhüseyn Seyidovla əvəzləməsi heç də əbəs yerə deyil. Hacıyev bunu Sadiqovun özünü yaxşı hiss etməməsi ilə əlaqələndirsə də, bu, heç də tutarlı səbəb deyil. Həmçinin Seyidovun Sadiqovu layiqincə əvəz etməsi, son vaxtlar zəiflədiyi aşkar görünən Rəşadın bir göz qırpımında “qara siyahı”ya salınmasına işarədi.
Sadiqovun başçılıq etdiyi “qara siyahı”ya Cavid İmamverdiyev də daxildi. Son həftələrdə əvəzedici heyətdə gününü keçirən İmamverdiyevlə yanaşı, “Neftçi” bir sıra legionerlərdən də “təmizlənəcək”. Belə ki, ehtiyat qapıçı Pavel Doroşev, ağır zədədən sonra qol duyumunu itirmiş Bahodir Nasimov,komandanın demək olar, hər oyunda qol buraxmasıyla etibarını itirən Denis Silva, təqaüdçü bileti almaq üçün vaxtı çatan İqor Mitrevski də daha “Neftçi”nin şərəfini qorumayacaq.
“Təzə qan əməliyyatı”nda ümidləri doğrultmayan gənc futbolçuların, eləcə də – vaxtilə Nikolas Kanales etdiyi kimi – yüksək məvacib tələb edən bəzi əsas heyət oyunçularının da daxil edilməsi istisna deyil. Hətta aqressiv, komandaya ziyan verən hərəkətlərinə son qoymayacağı təqdirdə Mahir Şükürovun da bileti kəsilə bilər. Onları kimin əvəzləyəcəyi isə Sadıqova ayrılacaq büdcənin həcmindən asılı olacaq.
Platye “Neftçi”dən getdi
Bu arada işi yalnız kimlərəsə pul qazandırmaq olan “superbombardir” Melvin Platye ilə yollar mövsümün sonunu gözləmədn ayrılıb. Hollandiyanın “Neymegen” klubundan “Neftçi”yə transfer olunan, amma burada ümidləri doğrulda bilməyən Melvin bundan sonra karyerasını İsveç çempionatında davam etdirəcək.
Etibarlı mənbədən aldığımız məlumata görə, o, bu ölkənin “Kalmar” klubuna keçib. Azərbaycan çempionu hücumçusunu İsveç klubuna 6 aylığa icarəyə verib.
Ümidləri doğruldacağı halda, Platyenin 6 aydan sonra yenidən “Neftçi”yə qayıtması istisna olunmur.
Qeyd edək ki, “ağ-qaralar”ın daha bir legioner futbolçusu – Julius Vobay da Birləşmiş Ərəb Əmirliklərinin “Əl Şabab” klubunda icarə əsasında çıxış edir.|futbolinfo




Fikirlərini bizimlə bölüş!