Niyə “Marka”?

Azərbaycan idman mətbuatının bəzi nümayəndələri deyir ki, “Xəzər Lənkəran” klubu ölkəyə ən çox legioner futbolçu gətirmiş və onların bir çoxu ilə FİFA-da problem yaşayan klubdu. Bu klubda hamı bir-birini aldadır və s. Aşıq gördüyünü çağırar. Bax, həmin legionerlərin – 20-25 fərqli ölkəni təmsil edən legionerlərin hamısının İspaniyanın dünyaca ünlü “Marka” qəzetinin elektron variantını oxuduğunu öz gözlərimlə görmüşəm.

İndi “Marka” qəzeti yazıb ki, Çempionlar Liqasının qrupunun bir addımlığında olan, klubda bir-birini aldatmayan, əsl peşəkar klub, 1959-cu ildə yaranmasına, 25 ildi Bakıda məskunlaşmasına, 5 ildi Avropada at oynatmasına baxmayaraq, fan-şopu 3-4 ay əvvəl açılan “Qarabağ” klubu separatçıları, lap birbaşa desək, guya “dığalar”ı təmsil edir. Söz yox, klub nümayəndələri müdaxilə edib, bir gün sonra ünlü nəşrdə düzəliş etməyi bacardılar. Amma bu ölkənin tanınmış idman yazarlarının “Qarabağ” ÇL-in qrupuna düşsə, bütün dünya Qarabağın bizim olduğunu biləcək” kimi əndrabadi fikri niyə belə tez iflasa uğradı? Niyə biz özümüzü bu qədər aldadır, başqalarını da aldatmağa cəhd edirik?

İdman siyasəti müyyənləşdirmir, dövlətin gücü müəyyənləşdirir. Üstəlik, siz deyildiz Ağdam klubunu Şəhidlər Xiyabanına getmədiyi üçün təndiq edən? Bir az yazdız, tənqid etdiz, xiyabana inzibati işçilər getdi. Bir az da tənqid etdiz, iki futbolçu əlavə etdilər. Bıçaq sümüyə dirənəndə kollektiv olaraq ziyarət etdilər.

Əsl peşəkar klub, Azərbaycan futbolunu Avropada uğurla təmsil edən “Qarabağ” çempion olanda diktofonları klub rəhbərlərinə uzadıb “Çempionluq kubokunu təmsil etdiyiniz şəhərin bir parçası olan, Ağdamın iyi gələn Quzanlıya nə vaxt aparırsız” sualına “kubok rayonları gəzmək üçün deyil” cavabını aldığınızı nə tez unutduz?

İlk olaraq biz özümüz qəbul edib və etdirməliyik ki, “Qarabağ” bizimdi, uğrunda altı mindən çox şəhid verilən Ağdamındı. Yazdığınız kimi, “əsl peşəkar klub, klub daxilində bir-birini aldatmayan, nümunə klub”da ağdamlı futbolçu tapa bilməsək də, heyətində top qovan azərbaycanlısını, ispanını, braziliyalısını heç səngərə yox, atəş nöqtəsindən 10 km arxaya apara bilməsək də, “Qarabağ” bizimdi, Ağdamındı, Azərbaycanındı.

Gedib Varşavanı təmsil edən komandanın – “Legiya”nın azarkeşlərindən, klubun özündən belə, peşəkarlıq dərsi keçməliyik ki, onlar hansı ürəyin sahibidilər ki, açdıqları pankartın cəzasının ardınca bu dəfə UEFA-nın özünü donuza bənzədib, pankart açırlar. Axı bizə heç UEFA-nı donuza bənzədən pankart yox, Qarabağda şəhid edilən 3 yaşlı Zəhranın haqqını dünyaya duyurmaq lazım idi. Peşəkar olaraq internet resurslarına nəzər salın, görün, Varşava təmsilçisinin açdığı pankartdan nə qədər xəbər, fərqli dillərdə, fərqli ölkələrin xəbərləri mövcuddu.

Niyə Zəhra üçün cəza kəsiləcək 35 min avro puldan qorxduq, niyə ürəkli olmadıq? Niyə sıralarımızda top qovan legionerlər bir kənara, öz yerli futbolçularımızı Şəhidlər Xiyabanına apara bilmirik? Niyə bir dəfə, bir gün, bir saat Quzanlıya gedə bilmirik, köçkünün, qaçqının yanında ola bilmirik? O legionerlər gedib “Marka” ya, nə bilim, oraların “Yeni Müsavat”ına, “Ədalət”inə Ağdamdan, min bir zülm altında yaşayan qaçqından yox, Bakının hündür binalarından, barlarından, gözəlliyindən danışır. Niyə “bir-birini aldadan, “qeyri-peşəkar klub” əfsanə Con Toşakı, Oqtay Dərəlioğlunu, Əhməd Dursunu, “Portu”da oynamış Fatih Sonkayanı 50 metr aralıda inəklər otlayan bazada aylarla, illərlə məskunlaşdıra bildi, əsl peşəkar klub öz doğma yurduna bir saatlıq gedə bilmədi” sualı içimi yandırır axı… Bax, bu suallara aydınlıq gətirməli, sonra var gücümüzlə hayqırmalıq: Qarabağ bizimdi!!! Vallah da, billah da bizimdi. Ondan sonra soruşaq: Niyə “Marka”?

P.S. Sabah “Qarabağ” klubuna uzaq Danimarkada qələbə və zəfər arzulayıram!

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.