Azərbaycan Premyer Liqasının cari mövsümü əvvəlki illərlə müqayisədə azarkeş baxımından kəskin surətdə fərqlənir. Belə ki, Bakıda baş tutan oyunlara əvvəlki mövsümlərdəki kimi, barmaqla sayılacaq qədər azarkeş gəlsə də, orta azarkeş sayında ciddi artım var. Şübhəsiz, bunda bir neçə illik fasilədən sonra ölkə futbolunun elitasına qayıdan Gəncənin əvəzsiz rolu var. Amma əvvəlki mövsümlərdə azarkeş rekordları qıran "Xəzər Lənkəran"ın azarkeşlərinin bu il klubdan küskün düşməsi və hər oyununa ən azı 2-3 min azarkeş gələn Zaqatalanın elitada təmsil olunmaması balansı qorumalı idi.
Lakin AFFA-nın oyunlara təyin etdiyi nümayəndələrinin "sayəsində" cari mövsümdə çempionatımıza yad olan azarkeş artımını müşahidə etməkdəyik. Belə ki, AFFA nümayəndələri oyunları stadiondan canlı izləyən azarkeşlərin sayını ya bilərəkdən, ya da səhvən həddən artıq şişirdir. Elə yuxarıda adını vurğuladığımız Gəncə şəhər stadionunda dəfələrlə azarkeş sayının süni olaraq artıq göstərilməsiylə bağlı söz-söhbətlər olub. İnsafən, Gəncədə hər oyuna ən azı 10-15 min azarkeş gədiyindən, nümayəndələrin bura əlavə etdiyi 3-4 min tamaşaçı o qədər də nəzərə çarpmır.
Ancaq kiçik tutumlu stadionlarda bu "artım" özünü göstərir. Belə ki, bu stadionlarda keçirilmiş, hətta çılpaq gözlə sayılacaq qədər azarkeş olan oyunların protokuluna baxdıqda insan öz gözünə şübhəylə yanaşır – 2000, 3000, 4000… və s. i.a. Halbuki, həmin oyunlara təşrif buyuran azarkeşlərin sayını hətta gözəyarı saymaqla da müəyyən etmək mümkün olardı. Məhz bu cür süni artırmaların nəticəsində çempionatımızda orta azarkeş sayı 3-4 min arasında dəyişir (halbuki əvvəlki çempionatlarda bu göstərici bundan 2-3 dəfə aşağı olurdu).
Azərbaycan Premyer Liqasının 10-cu turu üçün azarkeş sayı açıqlandıqda, ən çox tamaşaçının Zirə olimpiya kompleksinin stadionunda keçirilmiş "Zirə" – "Kəpəz" oyununda qeydə alındığı məlum oldu – 2000 tamaşaçı. Həm də cəmi 1300 tamaşaçı tutumuna malik stadionda… Bu yerdə "bəlkə həddən artıq çox tamaşaçı olub, oyunu ayaqüstü seyr edənlər də ola bilər" deyə, düşünə bilərsiz. Ancaq iş orasındadı ki, oyunun videoyazısını izlədikdə, Zirə stadionunun hətta yarısının belə, güclə dolduğunu görürük. Belədə, bu oyunu 2000 yox, cəmi 600-700 azarkeşin izlədiyi məlum olur. Bəs oyundakı AFFA nümayəndəsi Vaqif Davudov nəyə əsasən oyunun protokoluna bu qədər azarkeş qeyd edib? Vaqif bəyin məsələylə bağlı "Futbol+"-ə verdiyi açıqlama yetərincə maraqlıdı:
"Mən Zirədəki stadiona ilk dəfə gedirdim. Stadionun nümayəndəsindən soruşdum, dedi ki, 2000 azarkeş var. Onlar futbolda yenidi. Qaydaları bilmədilər və öyrənməlidilər. Ola bilər ki, klubda kiminsə qardaşı, yaxud qohumu işləyir. Amma qaydalardan xəbərsizdilər. Yeganə adamam ki, 45 ildi yarışlarda iştirak edirəm. Heç kim də mənə yalan danışa bilməz. Nə dedilərsə, onu da qeyd etdim".
Bu yerdə insanın ağlına belə bir fikir gəlir: yaxşı ki, stadionun nümayəndəsi bir az insaflı davranaraq, Vaqif bəyə 5-6 min deməyib. AFFA nümayəndəsi necə olur ki, təyin olunduğu stadionun tutumunu bilmir? Bilsəydi, yarısı dolu olan 1300 yerlik stadionda 2000 azarkeşin olmadığını anlayardı. Deməli, oyunlara təyin olunmuş AFFA nümayəndələri elə klub-stadion nümayəndələri nə desə, onu da qeyd edirmiş…
Əslində, bu məsələdə əsas sözü bilet satışı deməlidi. Belə ki, klub rəsmisi oyuna nə qədər bilet satıldığını AFFA nümayəndəsinə bildirir, o isə öz növbəsində bunu azarkeş sayı kimi matçın protokuluna daxil edir. Ancaq klublarımızın bir çoxunun oyununa bilet satılmadığından, belə anormal bir halla üzləşirik.
Belə hallar təkcə Bakıda baş tutmuş oyunlarda qeydə alınmır. Məsələn, Azərbaycan Premyer Liqasının 7-ci turunda Qəbələ şəhər stadionunda baş tutmuş "Qəbələ" – "Xəzər Lənkəran" oyununda (6:0) barmaqla sayılacaq qədər azarkeş var idi. Güclü yağış yağdığından və hava soyuq olduğundan, oyuna çox az azarkeş gəlmişdi. Həmin oyunu şəxsən stadiondan izlədiyimdən, bu halın canlı şahidi olmuşdum. Ancaq oyundan sonra matçın protokulundakı rəqəmi görəndə şoka düşdüm. Sən demə, oyunda 1500 (!) azarkeş var imiş.
Azərbaycan Premyer Liqasında buna bənzər onlarla nümunə göstərmək olar. Hər halda, gələcək oyunlarda bu cür süni say artımlarının olmayacağına ümid edirik. Yalançı rəqəmlərlə futbola maraq yaratmaq mümkün deyil.
O ki qaldı "Zirə" – "Kəpəz" matçında Vaqif Davudova stadionun azarkeş tutumunun 1300 yox, 2000 olduğunu deyənin kimliyinə, bunu da öyrəndik. Sən demə, AFFA nümayəndəsi stadionla bağlı suallarına "Zirə" klubunun avtobusunun sürücüsündən cavab alıbmış… Bunu bizə "Zirə"nin mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu söylədi:
"Biz bu məsələni araşdırdıq və məlum oldu ki, AFFA nümayəndəsi məlumatı avtobus sürücüsündən alıb. Oyundan əvvəl keçirilən iclasda klub nümayəndələri ilə yanaşı, stadionun da nümayəndələri iştirak etmişdi. Zirə İdman Kompleksinin azarkeş tutumu ilə bağlı bizə sual verilməyib. Əvvəlki oyunlarda bəzi nümayəndələr bu haqda soruşub məlumatlanırdılar. Həmçinin, oyundan sonra da azarkeş sayı ilə bağlı nə klub nümayəndələrinə, nə də stadion nümayəndələrinə hansısa sual verilməyib".
Bu da 1300 yerlik, amma Vaqif Davudovun 2000 min azarkeş izlədiyini qeyd etdiyi "Zirə" – "Kəpəz" matçında Zirə stadionundakı tribunaların halı.
Elnur HEMİDOV




Fikirlərini bizimlə bölüş!