Azərbaycan futbolunda illərdir eyni fikir səsləndirilir: legioner limit(sizliy)i yerli futbolçuların inkişafına mane olur. Deyilir ki, əcnəbilərin çoxluğu azərbaycanlı oyunçuların meydanda şans qazanmasına imkan vermir. Bu fikir o qədər təkrarlanıb ki, “Məlikməmmədin nağılı”na dönüb. Amma Azərbaycan millisinin və ABŞ MLS-ində çıxış edən “Kolambus Kru”nun hücumçusu Nərimanın Axundzadənin Türkiyə Super Liqa təmsiliçisi “Ərzurumspor”a icarəyə göndərilməsi bu məsələyə fərqli prizmadan baxmağı zəruri edir.
Doğrudan da, problem yalnız legionerlərdirsə, bəs, niyə böyük ümidlərlə MLS təmsilçisinə transfer edilən futbolçu butsuları okeanın o tayındakı meydançanın otlarına düz-əməlli dəyməmiş icarəyə göndərilir? Axı, icarə qərarı adətən futbolçunun gözləntiləri doğrultmaması, məşqçilər heyətinin etimadını tam qazana bilməməsi və ya heyətdə öz yerini təmin edə bilməməsi deməkdir. Klub heç vaxt əsas fiqur hesab etdiyi oyunçunu asanlıqla başqa komandaya göndərmir.
Nərimanın vəziyyəti də məhz bunu göstərir. O, həqiqətən komandasının əvəzolunmaz futbolçularından biri olsaydı, onu inkişaf etsin deyə başqa ölkəyə göndərmək yox, heyətdə saxlamaq üçün hər vasitəyə əl atardılar. Çünki YAXŞI futbolçunu heç bir məşqçi könüllü şəkildə itirmək istəmir.
Bu keçid bir sualı da gündəmə gətirir. Daim legionerlərə limit tətbiq olunmasını tələb edənlər indi nə deyəcəklər? Nərimanın MLS-də qarşısını Azərbaycandakı legionerlər kəsdi? Xeyr! O, xarici kluba məxsus futbolçudur və yenə də başqa xarici kluba icarəyə göndərilir. Deməli, məsələ legionerlərin sayında deyil. Əsl problem rəqabətə davam gətirə bilməməkdədir.
Peşəkar futbolda formanı oyunçunun kimliyi yox, keyfiyyət qazanır, kim daha güclüdürsə, o da oynayır. Ən azı dünyanın inkişaf etmiş futbol ölkələrində vəziyyət belədir. Heç kim yerli futbolçu olduğu üçün əsas heyətdə yer almır. Bunun üçün özünü məşqlərdə və oyunlarda sübut etmək lazımdır.
Nərimanın Türkiyəyə icarəyə göndərilməsi də bunu göstərir. Bu qərar onun qarşısının legionerlər tərəfindən kəsildiyini yox, “Kolambus Kru”nun məşqçilər heyətini razı sala bilmədiyini göstərən bir siqnaldır. İndi onun qarşısında iki yol var: ya yeni komandasında özünü təsdiqləyib geri qayıdacaq, ya da bu icarə gələcək ayrılığın başlanğıcı olacaq.
Bəlkə də, artıq legioner limitini bütün problemlərin əsas səbəbi kimi göstərməkdən vaz keçməyin vaxtıdır. Çünki futbolun dəyişməyən bir qanunu var: meydanda ad, milliyyət yox, keyfiyyət oynayır. Keyfiyyətini sübut edən futbolçu üçün isə heç bir limit maneə deyil.
Fəxri RÜSTƏMLİ


Fikirlərini bizimlə bölüş!