Kaunasda aptekin yanından keçəndə içəri daxil olub dərmanların qiymətinə baxmaq, nə isə almaq istədim. Amma ani verdiyim qərarla, həm də vaxt məhdudiyyətinə görə, hansı dərmanı alacağımı bilmədiyim üçün fikrimdən daşındım. Birazdan sonu 1:1 hesabı ilə başa çatan millimizin Litva ilə oyunu üçün stadionda olmalı idik.
Oyunun ortalarında “korvalol”a ehtiyacım yarandı. Ürəyim tutmuşdu, bilsəydim, ürək dərmanı alardım…
Başda Rahil Məmmədov, Musa Qurbanlı olmaqla, digərlərinə görə…
Matçın ikinci hissəsidir, Musa Qurbanlı əvəzetmədən meydana daxil olub, hücuma çıxırıq, sol cinahdan irəli atılan iki futbolçudan birinə ötürmək etmək əvəzinə, geri çönüb topu itirir…
Yoxsa, infarkt olmadığıma görə, şükür etməliyəm?
Adamın 24 yaşı var, ölkənin ən çox avrokubok matçı keçirmiş klubda çıxış edir. İndi bu futbolçuya ötürmə verməyi millinin baş məşqçisi öyrətməlidir?
O baş məşqçi ki, alternativ olmadığı üçün Rahil Məmmədovun ümidinə qalıb.
O baş məşqçi ki, seçim imkanı olmadığı üçün 35 yaşlı Bədavi Hüseynova şans tanıyıb və sürətli olmadıqlarına görə, beşli müdafiə ilə oynamaq məcburiyyətindədir…
Bu gün Premyer Liqanın ən sürətli cinah oyunçularından olan, “Neftçi”nin parlayan ulduzu hesab etdiyimiz Rüfət Abbasov 20 yaşlı Adrian Liçkunasın qarşısında aciz qalmışdı.
Bu o Liçkunasdır ki, 16 yaşında Litvadan İtaliya Seriya B-də çıxış edən “Peruca”ya transfer olunub, son dönəmlərdə də “Sampdoriya”nın U-20 komandasının üzvü olub. Premyer Liqada at oynadan oğlan özündən bir yaş kiçik Liçkunasın qarşısında tənginəfəs olmuşdu…
Toral Bayramov önündə boş sahə olduğu halda irəliləmək əvəzinə, olduğu yerdən cərimə meydançasına asma etməyə çalışır, alınmır, top rəqibə keçir…
U-21 millimizə gəlməli olan futbolçu dost-tanışla yığışıb oynadığımız “Ruslan-93″də, minifutbol meydançasında məşq edir.
Milliyə dəvət olunan futbolçu ilk dəfə məşqə çıxır, meydanda tez-tez sürüşməsinin səbəbini soruşurlar, deyir, altı şrup olan butsım yoxdur…
Çünki klubunda süni örtüklü meydançada məşq edir, oyuna çıxır, əvəzedici komandada 430 manat maaş alır, tələb olunan butsının qiyməti də 600-650 manatdır.
Bir neçə il öncə Premyer Liqada çıxış edən, futboldan başqa heç nəyi düşünməməli olan gənc oyunçular, ailəsinin dolanışığını təmin etmək üçün boş vaxtlarında günü 20-30 manata tikintidə fəhlə işləyirdi… And da içərəm, sübut da edərəm!..
Bu millidə bahalı-bahalı məşqçilər çalışıb. Abbasov bu işi bəlkə də ən ucuz qiymətə görən çalışdırıcıdır. Ən azından əminəm ki, De Byazi kimi Misli Premyer Liqası matçına gəlib telefonda “Napoli” – “Roma” matçına baxmır…
Ümidimiz qalıb Mahir Emreli, Elvin Cəfərquliyev kimi istedadlıların ümidinə… Onlardan da biri zədələndisə, bu dəfə ümid qaldı Allaha…
Yoxdur, hətta Litvaya belə, qalib gələ biləcək futbolçumuz yoxdur. Növbəti illərdə vəziyyət daha da acınacaqlı olacaq. Çünki ən öndə gedən klublarımızın birində rayondan, kənddən məşqə gələn uşaq futbolçunun yerinə, məmur övladını oynadırlar… Tapşırığa etiraz edən məşqçini də işdən qovublar.
İndi Ayxan Abbasov nə etsin?..

Fikirlərini bizimlə bölüş!