Litva ilə səfərdə 1:1 pis nəticədir ki? Hə, heç yaxşı da deyil, qələbə qazana bilərdik. Ancaq qazanmalıydıq şərti nəyə əsaslanır?
Qazana bilərdik…
“Qazanmalıydıq” isə niyyətdir – baxır kim niyyətini necə ifadə edir…
***
Millətlər Liqasına Litva ilə başladıq və ortabab nəticə oldu. Amma bunu “vaydədə vay! faciə!” kimi təqdim edənlər var. Nəyin romantikası, haranın avantürasıdır?
***
Litva FIFA reytinqində bizdən (126) geridədi (149). Ancaq guya bizdən geridə olan Estoniyanı, Latviyanı məğlub edə bilərik?
Etməliyik!
…Bilərikmi?!
Bir az səmimi olaq. Heç 159-cu yerdə olan Moldovaya qarşı belə – “udacağıq!” – əminliyində deyilik.
Nəyi qoyub, nə döyəcləyirik?!
Dörd ay əvvəl Macarıstanda Maltaya (161) qarşı aciz durumu unutmuşuq?!
FIFA reytinqində sonuncu olanı belə candərdi udmuşduq.
***
Azərbaycan millisi elə səviyyəyə malik deyil ki, tutalım FIFA-nın 100-lüyündən, yaxud 150-liyindən aşağıdakılara qalib gələcəyini əminliklə deyək.
Futbolumuzun real məhsulu budur. Üzdə olan ən yaxşılarımız belə sistemsizliyin içində, belə ifadə etsək, “dəmyə məhsulu” kimi yetişib.
Dünən hələ o heç-heçəni belə emosional tonus hesabına əldə etdik. Yoxsa o da olmaya bilərdi.
Sistemsizlikdə yetişənlərdən ibarət komanda heç vaxt sistemli nəticə göstərə bilməz.
5-li, 6-lı müdafiə elə gəldi, xətlərarası əlaqə belə getdi…
***
Tarixin bütün zamanlarında millimizin nəinki xətlərarası əlaqəsi, bütün əlaqələri axsaq olub.
Yox?
Uşaq futbolunu yaxından izləyənlər dəqiq deyər sizə, vayına oturulan xətlərarası əlaqə və s. qayğılar yaxın illərdə elə bu cür olacaq.
Ayxan Abbasovu “hücum etmək lazım idi” ittihamı ilə gilyotin altına qoyaq.
Düzələcək?
Santuş əhalisi Sabunçu qədər olan İslandiyadan 5 qol buraxmağımızın 2 milyon dollarlıq baş məşqçisi deyildimi?
Yaxud digər əcnəbi çalışdırıclar?…
***
Azərbaycanın ən yaxşı məşqçisi Qurban Qurbanovun dönəmində də millinin əminlik yaratmadığını görmüşdük. Çünki sistem zəhrimaraqalmış yanlış işləyir.
Məncə, o, ümumiyyətlə mövcud da deyil.
Azərbaycan futbolunun dərdi sistemsizlikdir. Bu həll edilməyincə, “xətlərarası əlaqə” qoltuğumuzda; dünyanın bütün baş məşqçilərini “heç nə” edəcəyik.
Bəs bu sistem zəhrimarı kim, necə düzəltməlidir?
AFFA!
Necə?
Assosiasiya prezidenti Rövşən Nəcəf ekosistem ideologiyasından bir dəfə danışdı, sonra mövzuya qayıdış olmadı.
Baş katib Cahangir Fərəcullayev təyinatından sonra ilk kütləvi açıqlamasında, “bəlkə də hər şeyə sıfırdan başlamalıyıq” deyib diqqətləri özünə çəkməyi bacardı. Lakin sıfırlaya bildimi?
İddiasının neçə faizini gerçəkləşdirə bilib? Böyük “reset” özünün hansı mərhələsindədir?
Bu suallar fundamentaldır. Ancaq cavabları müsbət tərəfə bəlli olsa belə, o demək deyil ki, Azərbaycan millisi heç vaxt olmadığı qədər yaxşı oynamağa başlayacaq.
Bir işin ənənəsi formalaşmayanadək epizodik kiçik nailiyyətlərlə təsəlli tapacaq, sonra yenidən ətrafı ittihamxanaya çevirib bir-birimizi didəcəyik.
***
Litva ilə səfərdə 1:1 nəticəsi bütün bu reallıqlar fonunda normal sayıla bilər. Baxır niyyətin nədir…


Fikirlərini bizimlə bölüş!