Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Ölkə futbolunun hakimliyi – gedişat necə olacaq?

Azərbaycan futbolunda son dönəmlərin gündəm mövzusu hakimlikdir. Premyer Liqa oyunlarında verilən qərarlar klubların narazılığına səbəb olur. Son olaraq Şamaxıda keçirilən “Şamaxı” – “Neftçi” oyunu mübahisəl qərarla gündəmə gəldi.

Əvvəlcə “Neftçi” cəbhəsi etirazını bildirdi, daha sonra AFFA bəyanat yaydı. “Ağ-qaralar” xallarının alınmasına narazılıq edir, qurum isə hansısa şübhəli məqam olmadığını, lazımdırsa, klub rəsmilərinə epizodların təhlilini göstərə biləcəyini bəyan edib.

Hər bir halda, iki tərəfin də öz arqumentləri var. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov bu turla da bağlı epizodları dəyərləndirəcək, təhlillər veriləcək. Hər bir halda, nə qədər mübahisəli qərarlar olsa da, artıq oyun başa çatıb və nəticə dəyişməzdir.

Ümumiyyətlə, hakimlik mövzusu illərdir futbolumuzun problemli cəbhələrindəndir. Dünya futbolunda da referilərdən şikayətlər az deyil. Bu məsələ artıq sanki həlledilməsi mümkünsüz bir mövzuya çevrilib.

Hakim səhvlərinin minimuma endirilməsi ilə bağlı VAR (video köməkçi hakim) sistemi tətbiq edilir, amma bəzən VAR-ın da işi narazılıq yaradır.

Azərbaycan hakimliyinin ümumi səviyyəsinə nəzər saldıqda isə inkişaf görünür. Bu ildən artıq Avropada Azərbaycanın 4 FIFA referisi beynəlxalq oyunlara təyinat alır. Daha əvvəl bu rəqəm üç, ondan öncə iki idi. Say artması hakimlik adına uğurlu nəticədir.

Çempionlar Liqasına, Avropa Liqasına təyinat alan Əliyar Ağayev, Elçin Məsiyev indiki məqamda futbolumuzun bir nömrəli hakimləridir. Lakin onların da Premyer Liqadakı idarəçiliyi narazılıq yaradır. Son illərdə Hakimlər Komitəsinin sədrləri dəyişsə də, narazılıqlar səngimir. Öncə Frits Stuxlik, daha sonra Frank de Bleker kimi əcnəbilər komitəyə rəhbərlik edib, hakimlərin səviyyəsinin artması üçün təlimlər keçib. Lakin xarici mütəxəssislərin də işi birmənalı qarşılanmayıb. İndi postda yerli Rəhim Həsənov var. Onunla da bağlı narazılıq az deyil. Nə olacaq, necə olacaq qeyri-müəyyəndir.

Hakimlik hara gedir, gedişat necə dəyişsin? Sanki paradoksal vəziyyətdir.

Şahin CƏFƏROV

Fikirlərini bizimlə bölüş!