Portuqaliya klubu “Tondela”dan baş məşqçinin ona şampan içməyi təklif etdiyinə görə ayrıldığını deyən Elnur Cəfərov karyera pilləkənində növbəti addımı atmağa hazırlaşır. Deyir ki, Xorvatiyanın 2-cı liqasında mübarizə aparan “Duqopolye”də yaxşı təcrübə yığıb, artıq vətənə qayıtmaq haqda düşünür. Çox sağ olsun. Biz Elnur kimilərin sayəsində tezliklə Kamran Ağayevi daha çox sevəcəyik, onun xarakterinə də, meyxana deməsinə də əl çalacağıq. Cəfərov Xorvatiyanın aşağı liqasında iki tək, bir cüt oyuna çıxıb. Artıq özünü yetərincə təcrübəli sayır. Mən onun bu açıqlamalarının əvvəlini oxuyanda çox sevinmişdim. Düşündüm ki, davaminda “bu təcrübə mənim Avropanın daha güclü çempionatlarında özümü göstərməyim üçün yetərlidi. Artıq ötənilki kimi təcrübəsiz deyiləm, özümü daha ciddi sınaqlara hazır sayıram” deyəcək. Amma sözünün “mustafası”nı anlayandan sonra xeyli gülmüşəm. İslam Həmrəyliyi Oyunlarının gizli qəhrəmanlarından biri olan Elnur məhz bu cür də davranmalıdı. Belə yüksək titul və açılmamış istedad sahibinin acından günorta duran xorvatların aşağı divizionunda nə işi var? Nə olsun ki, Prosineçkinin həmyerliləridi?! Robiyə görə xorvatlara 6 ay, uzağı bir mövsüm dözmək olardı. Cəfərov da ondan əvvəlki qardaşlarının aşdığı cığırla inanmla irəliləyir. Ayaqları yorulmasın.
Biz əvvəllər belə hadisələrlə çox rastlaşmışıq. Xaricidə 2-3 ay təcrübə toplayanların Azərbaycana necə dönməsini həvəslə izləmişik. Düşünürəm ki, Elnurun Xorvatiyada topladığı təcrübə ona “Sumqayıt”la müqavilə bağlamağa kifayət edəcək. Elxan Məmmədovla Kamran Quliyev Elnur kimi gəncləri “gənclik şəhəri”ni təmsil edən klubda salamlamağı çox xoşlayırlar. Xorvatiyada topladığı təcrübədən sonra “Sumqayıt”ın qapıları onun üzünə taybatay açılacaq. Buna şübhə etməyə dəyməz. Hələ ikinci ssenari də var. Bəxt Elnurun üzünə bir az da gülsə, onu “Neftçi”yə də götürə bilərlər. Hər şey ixtiyar sahibinin əhval-ruhiyəsindən, həmin gün kefinin kök olub-olmamasından asılıdı. Elnur qəti ürəyini sıxmasın. İslamiadanın qalibi olmağın həzzini yaşasın. Klubsuz qalmayacaq. Ötən il portuqaliyalı çalışdırıcının şərab dolu qədəh olan əlini itələməsinin mükafatı onu tapıb.
Elnur kimi indi U-23 millisinin əksər futbolçuları göyün yeddinci qatında var-gəl edirlər. Həmkarlarımızdan biri ötən gün nəql edir ki, Mahir Mədətovla zəngləşib, görüş üçün vədələşiblər. Ondan geniş müsahibə alacaqlarmış, “portret”ini cızmağa çalışacaqlarmış. Ey mənim sadəlövh həmkarlarım. Azərbaycanlı futbolçuların fiziki göstəricilərində, xarici görkəmlərində və ad-soyadlarında fərq ola bilər. Amma əmin olun ki, onların “portret”lərində zərrə qədər də olsun, fərq yoxdu. Daxili dünyaları eynidi. Gözünə döndüyüm Mahir də məni yanıltmayıb, elə gözlədiyim kimi də davranıb. Təyin olunan vaxtda nəinki jurnalistlərin görüşünə gəlməyib, heç telefon zənglərinə və mesajlara cavab verib, onların intizarına son qoymağı da vacib bilməyib.
Tərs kimi biz Mahirlə Elnurun, eləcə də onlarla birlikdə İslam dünyasının çempionu olan başqalarının bu davranışına tamaşa etməkdəykən, erməni futbolçu Henrix Mxitaryan Avropa Liqasının finalında vurduğu qolla bütün dünyanın diqqət mərkəzinə düşdü. Yəqin ki, bizimkilər də erməninin məşhur “Mançester Yunayted”in heyətində necə oynamasına, final qarşılaşmasında vacib qol vurmasına həvəslə tamaşa etdilər. Sonra da əllərini yelləyib, televizoru söndürdülər. “O əjdahadan niyə bizdə yoxdu” sualı Azərbaycanda həmişə aktual olsa da, bu sualın müzakirəsi qeybət səviyyəsindən yuxarı qalxmayıb. Çünki həmişə onun-bunun əjdahasına paxıllıq etmişik, onun qarasınca danışmışıq. Özümüz əjdahaya çevrilmək, yaxud da bir əjdaha yetişdirmək fikrinə düşməmişik, bunun üçün özümüzü əziyyətə salmamışıq. Düzdü, biz də ara-sıra əjdahaya çevrilirik. Amma istedadımız və ya qazandığımız uğur sayəsində yox, cibimiz pulla dolu olanda.
Mahir Mədətov bizim jurnalistlərin gözünü yolda, qulağını səsdə qoyduğu vaxt Mxitaryanın Avroliqanın finalında qol vurması yadıma 2015-ci ilin noyabrındakı Dortmunda səfərimizi saldı. “Qəbələ” ilə birlikdə “Borussiya” ilə oyun üçün Almaniyaya yollanmışdıq. Mxitaryanın da fərqləndiyi oyunda 0:4 hesablı məğlubiyyətə üzüldük. Oyundan sonra başını aşağı salıb, avtobusa istiqamətlənən Henrix də azərbaycanlı jurnalistlərin müsahibə istəyini geri çevirməmiş, sakitcə sualları cavablamışdı. Bildirmişdi ki, onun işi futbolçu kimi meydana çıxmaq, qol vurmaq, komandasına fayda verməkdi. Özünü heç bir halda ulduz saymır. Kimləsə də düşmənçilik etmək fikri yoxdu. Təsəvvür etmək belə çətindi ki, bizimkilərdən kimsə “Borussiya”nın heyətində Ermənistan klubuna qol vursaydı, oyundan sonra necə davranardı. Ümumiyyətlə, alman, azərbaycanlı, yaxud erməni jurnalistlərlə söhbətləşməyi özünə sığışdırardımı? Mxitaryanın İrəvandan Donetskə necə yollanmasını, orda klubun bazasında məskunlaşaraq gecə-gündüz məşq etdiyini tanış menecerlərdən biri mənə detallarına qədər danışmışdı. Donetskdə axıdılan tərin, çəkilən zəhmətin nəticəsidi ki, erməni futbolçunun yolu ordan Dortmunda, daha sonra isə Mançesterə qədər uzandı. Hələ davamı necə olacaq?! Bizimkilər isə Xorvatiyanın aşağı liqasında “təcrübə yığandan sonra” Azərbaycana qayıdır, İslam Həmrəyliyi Oyunlarında qol vurandan sonra jurnalistləri barmağına dolayır. Ona görə də bizdə həmin əjdahadan yoxdu! Amal ABUŞOV
Onların Mxitaryanı, bizim Mədətov…




Fikirlərini bizimlə bölüş!