Azər Bağırov “Kəpəz”ə ilk gəlişində xilaskar kimi Gəncəyə ayaq basıb qəhrəman kimi də klubu tərk etdi. Növbəti, sonuncu, hələlik sonuncu qayıdışında da yenə xilaskar statusunda gəlib, məqsədə çatdı, amma təəssüf ki, eyni ilə Nizami yurdundan ayrıla bilməyəcək. Onun çempionat bitməmiş Qəbələyə yollanması, tarixi derbidə əzəli rəqiblə oyunu düşünmək əvəzinə yeni komandasının matçını tribunadan izləməsi qəbuledilməzdir.
Bu, Cavad xan yurdunda xəyanət kimi qiymətləndirilir. Tarixi kluba, böyük ənənəyə, güclü ruha, bütün mənəvi dəyərlərə, ən əsası ona köməkçilərindən daha çox inanan, rəhbərlikdən daha çox dəstək verən azarkeşlərə xəyanət!
Həmişə adını hörmətlə çəkən fanatlar da Azər bəyin bu hərəkətini ona bağışlamadılar. Tarixi derbidə atmacalarla onu rahatsız etdilər.
Bəs Bağırov niyə belə etdi? Əslində bu suala da cavabım var. Onun bu addımı, saymazlığı klub rəhbərliyinin etdiklərinə qarşılıq idi. Bu, mövsüm ərzində ona, işinə hörmət etməyən, hər fürsətdə badalaq vuran Fərman Əlizadəyə və onun bazadakı “əshabə”lərinin addımlarına cavab həmləsi oldu. Bir hərəkəti ilə Əlizadənin və yaxınlarının qəlbini yandırıb gedir.
Klub normal idarə olunsaydı, rəhbər yerində otursaydı Azər Bağırov bu addımı ata bilərdi? Əsla, o da bilirdi ki, buna görə onu danlayan, “gözün üstə qaşın var” deyən biri olmayacaq. Klubda layiqli rəhbərlik olsaydı, baş məşqçi efirdə görünən kimi geri, Gəncəyə çağrılardı, başa salınardı ki, etik addım atmayıb və buna görə cavab verməlidi. Nə bilim cəzalanmalıdı, cərimələnməlidi…
Bunu kim edəcəkdi?! Tarixi kluba barmaqarası baxan, “Kəpəz”i derbidə rəqibin ayağına aparan Fərman Əlizadə? Bu adam üçün klub maddi plandadır, otunu biçdirdiyi obyekt, şirkət, villadır. Mənəvi dəyər deyil axı.
Son həmləsində Gəncəyə, “Kəpəz”ə hörmətsizlik edən Azər Bağırovu, onun bu addımına şərait yaradıb sonra da göz yuman Fərman Əlizadəni bağışlamaq olarmı?! Qoy azarkeşlər qərar versin!


Fikirlərini bizimlə bölüş!