Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Özü yıxılan ağlamaz! – Murad Musayevin istefa qərarı gücsüzlüyün etirafıdı

“Sabah” – “Qarabağ” oyunu bitəndən sonra Murad Musayevin “vikipediya” səhifəsinə baxdım.

Sadə bir səbəbdən: “Krasnodar”la hansı şəraitdə vidalaşdığını öyrənmək istəyirdim. 2021-in aprelində “Krasnodar”dan məhz 0:5-ə görə ayrıldığını görəndə barmağımı dişlədim. Ey dili-qafil, növbəti istefanın astanasındayıq ki…

Nə münəcciməm, nə də səmavi qüvvələrlə hansısa əlaqəm var. Amma kor-kor, gör-gör, özünə hörmət edən istənilən məşqçi məhz belə qərar verməliydi ki, Murad Oleqoviç də verdi. Hadisələrin xronoloji ardıcıllığına nəzər salmaqla yanaşı, Musayevin qərarını şərtləndirən səbəblər, eləcə də ölkəmizdə bu qərardan sonra “Sabah” rəhbərliyinin az qala “topa tutulması” ilə bağlı fikirlərimi bölüşmək istəyirəm.
Çərşənbə axşamı “Qarabağ”dan sarsıdıcı məğlubiyyət alan rusiyalı mütəxəssis ertəsi klub rəhbərliyi ilə görüşərək uğursuzluqlara son qoymağı bacarmadığını və istefa vermək istədiyini deyir. Rəhbərik onun indiyə qədər gördüyü işləri, xidmətini nəzərə alaraq düşünməyi təklif edir. Amma Musayev inadkarcasına getmək istəyir və srağagün bu qərar ictimaiyyətə açıqlanır.

Bildiyiniz kimi, baş məşqçi oyunsonrası mətbuat konfransında da günahı boynuna almışdı. Amma biz “Qarabağ”la oyunun nəticəsinə bir qədər geniş prizmadan yanaşmalıyıq. Murad Oleqoviç kubok yolu ilə avrokuboklara qatılmağın, indiki amansız rəqabət şəraitində çempionatda da 3-cü yeri tutmağın mümkünsüzlüyünü anlayır və belə demək mümkünsə, silahı yerə qoyur. Bu, “Partizan”la həmin o mənhus səfər oyunundan bəri davam edən uğursuzluqlar seriyasının məntiqi sonudu. Həvəsiniz varsa, bir daha yada salaq. Evdə “Partizan”ı yerlə yeksan edən, minimum 5 qol vurmalı olan “Sabah” avqustun 17-də keçirilən cavab görüşündə penalti seriyasında uduzmaqla vətənə əli ətəyindən uzun qayıtdı. Bu məğlubiyyət “tələbələr”ə necə təsir etdisə, bir də oktyabrın 21-nə – “Sumqayıt”la ev oyununa qədər qələbəyə həsrət qaldılar. Aqoniyanın, çıxılmazlığın ilk əlamətlərini yaşayan Murad bəy müntəzəm hakimlərlə mübahisə edir, gərginlik mənbəyinə çevrilir. Klub rəhbərliyi isə bütün bunları səbirlə izləyir, Azərbaycan standartları üçün YETƏRİNCƏ BAHA OLAN mütəxəssisin qarşısına minimum hədəf qoyur: qış fasiləsinə ilk “5-lik”də yollanmaq! Musayev bu vəzifənin öhdəsindən gələ bilmir, Aleksey İsayevi itirsə də, normal toplanış keçir və əlinin altındakı oyunçularla da qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəyini həm mediaya deyir, həm də beynində düşünür. Burdaca bir haşiyə çıxmaq istəyirəm. Son bir ildə Aleksey Kaşuk, Coy-Lens Mikels, Aleksey İsayev, Ceyhun Nuriyev kimi aparıcı oyunçular komandadan ayrılsa da, Murad Oleqoviç İCTİMAİYYƏT ÖNÜNDƏ BİR DƏFƏ DƏ NARAZILIQ ETMƏYİB, susmaq isə bütün hallarda razılıq əlamətidi.

Daha bir prinsipial məqamın üzərinə gəlmək istəyirəm. Azərbaycanın futbol ictimaiyyətində, xüsusən də jurnalistlər arasında gəzən, rəhbərliklə baş məşqçi arasında mümkün fikir ayrılığı və hətta münaqişə ilə bağlı versiyaya. Məhz bu yazının eşqinə düşəndə klub prezidenti Maqsud Adıgözəlovun, idman direktoru İqor Ponomaryovun müxtəlif qaynaqlara, eləcə də “Futbol+”ə verdiyi açıqlamaları bir daha gözdən keçirdim. Heç bir yerdə nəinki narazılığın ifadəsinə, hətta bu yöndə yüngülcə işarəyə belə rast gəlmədim. Hətta Maqsud bəy “Murad klubumuzun bir hissəsi olub, bir hissəsidi və bəlkə gələcəkdə də olacaq” deyir. Musayev özü də sevimli mətbu orqanına – championat’a gündə bir açıqlama verir. Sonuncu açıqlamasına baxaq:

“Klub rəhbərliyi ilə ideal münasibətlərimiz var. “Sabah”a gələndə klubun inkişafı, maliyyə ilə bağlı mənə verilən bütün vədlər yerinə yetirilib. Düşünürəm ki, bu qərar hamıya fayda verəcək”.

Bir daha vurğulayıram, yetərincə baha, Rusiya 1-ci liqasının lideri Mahaçqala “Dinamo”sunun məhz maliyyə şərtlərinə görə xidmətindən yararlana bilmədiyi Musayev arada heç bir münaqişə olmadığını deyir, komandanı böhrandan çıxarmaq baxımından gücsüz olduğunu dərk və etiraf edir, biz isə inadla onu haqlı çıxarmağa çalışırıq. İnciməyin məndən, ancaq belə yanaşmanın və baxışın futbola dayanan heç bir izahı yoxdu!
Musayev nə Kloppdu, nə Qvardiola, nə də Ançelotti. Qurban Qurbanov heç deyil. Bu gün onu yalandan hədsiz yuxarı qaldırmaq, büt kimi görmək ən azı Roman Qriqorçukla Kaxaber Sxadadzenin burda qoyub getdiyi irsə hörmətsizlikdi!

Əlbəttə, ölkəmizdə çalışdığı iki il üç ayda faydalı işlər gördü, “Sabah” məhz bu mütəxəssislə yeni inkişaf mərhələsinə qədəm qoydu, tarixində ilk dəfə avrokuboklara qatıldı. Amma bütün bu proseslərin gedişində klub rəhbərliyi də daim onun yanında oldu, Murad Oleqoviçə “gözün üstə qaşın var” deyən olmadı. Nə yazıq ki, bu mütəxəssis “Partizan”la o lənətəgəlmiş oyundan sonra komandanın düşdüyü böhrandan çıxmağın yollarını heç cür tapa bilmədi. Epizodik hallarda çıxış yollarını tapmış kimi göründü, amma bu “Sabah” heç cür 2022/23 mövsümündəki, hətta “Qarabağ”a “əlcək atmaq” dərəcəsində böyüyən “Sabah”a bənzəmədi. Səntirləyə-səntirləyə irəliləyən Murad Oleqoviç 1:7-dən sonra birdəfəlik yıxıldı, yerdə qaldı.

Bəlkə də qınanılası adam Qurban Qurbanovdu ki, heç kimə rəhm etmir, 7:1-ləri sıralamaqla baş məşqçilərin karyerasını yarımçıq qoyur. Bizə isə yalnız Murad bəyə “özü yıxılan ağlamaz” demək və gələcək karyerasında uğurlar arzulamaq qalır. Yaxşı, onun istefasından sonra “Sabah”ın sabahı işıqlı olacaqmı? Bu isə tam başqa yazını mövzusudu. Necə deyərlər, yaşayarıq, görərik!

Fikirlərini bizimlə bölüş!