Azərbaycan futbolu

Xəbərlər və təhlillər

PƏLƏNG DƏRISI …GEYDIRILMIŞ PƏHLƏVAN

Təxminən dahi Nizami Gəncəvi ilə eyni dövrdə yaşamış Şota Rustavelinin məşhur “Pələng dərisi geymiş pəhləvan” poemasından, çox güman, xəbərdarsız. Avrokubokların yeni mövsümünün püşkü atılandan, daha doğrusu, Tiflis “Dinamo”su “Qəbələ”yə rəqib olandan bəri həmin poemanın adı dilimin ucunda fırlanır. Çox sadə bir səbəb üzündən: sanki kimlərsə qəsdən “Di-namo”nu pələng dərisi geymiş pəhləvana bənzətməklə “Qəbələ” düşərgəsinin gözünü qorxutmaq, heç ilk oyun keçirilməmiş mübarizənin taleyini həll etmək istəyirlər…

Başqa qəzetlərdə və saytlarda gedən yazıları demirəm, təkcə elə “Futbol+”in son iki sayına baxmaq kifayətdi ki, rəqibin nəhəng, əzəmətli, məğlubedilməz obrazını yaratmaq üçün sərf olunan rənglərin tündlüyünə heyrətlənəsən. Zurab Xizanişvili və Badri Kvaratsxeliya Azərbaycan futbolçularını və azarkeşlərini mümkün uğursuzluğa hazırlamaq üçün əlindən gələni beş qaba çəkib. Əcəba, “Dinamo” nə imiş belə? Doğrudanmı, bu klubun adı gələndə quşlar qanad salır, təyyarələr yolunu dəyişir, kürreyi-ərz silkələnir, anaların uşaqlarını xortdanla qorxutmasına ehtiyac qalmır?

Tənbəllik etməyib, 4-5 il əvvəlki şakərimə döndüm. “Dinamo”nun saytını, futbol statistikası ilə bağlı resursları bir-birinə vurdum və bir daha əmin oldum ki, Tiflis klubu pələng dərisi geymiş yox, geydirilmiş pəhləvandı! Bu başqa məsələ ki, bəziləri onu məhz …geymiş pəhləvan kimi görmək istəyir.

Deməli, bu “Dinamo” Gürcüstan çempionatında son mövsümü lider “Dila”dan 6 xal geri qalmaqla 3-cü yerdə bitirib. Kaxa Tsxadadze bu “Dinamo”dan yığmaya Polşaya 0:4 uduzduqları son oyun ərəfəsində üç futbolçu – Mate Tsintsadze, Laşa Totadze və Georgi Papunaşvilini çağırıb ki, heç birinə də şans verməyib. Bu “Dinamo”nun baş məşqçisi, bir ay əvvəl “sükan arxasına” keçən Giya Gequçadze “Qəbələ”dən olan həmkarı, yaşıdı Roman Qriqorçukdan heç nədə üstün deyil, əksinə geridi. Bu “Dinamo” maliyyə imkanlarına görə “Qəbələ”yə tay tutula bilməz. Ötən yay “Ak-tobe” məhz bu “Dinamo”nu Çempionlar Liqasından rüsvayçı şəkildə qovub.

Konkret Avroliqaya hazırlığa gəlincə, “Dinamo” ilə “Qəbələ” təxminən eyni vaxtda başlayıb. Gürcülər Sloveniyada olubsa, bizimkilər də Türkiyədə hazırlaşıb. “Qəbələ” güclənmək yolunda ciddi addımlar atıb, “Dinamo” yalnız “Dyor ETO”nun 21 yaşlı hücumçusu Georgi Kvilitayanın transferi ilə kifayətlənib. “Qəbələ” yoldaşlıq oyunlarında ardıcıl üç qələbə qazanıbsa, “Dinamo”nun iki qələbəsinin yanında “Şkendiya”ya məğlubiyyət də var. Bir sözlə, gürcüləri bizimkilərdən üstün görməyə əsas verən, qəbələlilərin canına vicvicə salası nəsə tapmadım.

Amma yox, bircə ciddi əsas var. Bilirsiz, nəyi nəzərdə tuturam? Təbii ki, “Qəbələ” avrokubok təcrübəsinə görə “Dinamo”ya aşkar uduzur. Gürcülər 21-ci dəfə bu yola çıxacaqsa, “Qəbələ” ötənilki fiaskonun ardından növbəti dəfə ölkəmizə əmsal qazandırmağa çalışacaq. Bir daha vurğulayıram: yalnız və yalnız avrokubok təcrübəsinin zənginliyinə görə “Dinamo”ya həmin o Tiflis zooparkından qaçan pələngin dərisini geyindirmək olar ki, Azərbaycan klublarının da Avropada vəhşi heyvan görən kimi önündən qaçdığı vaxtlar çoxdan arxada qalıb. “Neftçi” və “Qara-bağ” üç ilin içində futboldakı məsum, qorxaq, yazıq, müti imicimizi dağıtdı. “Qəbələ” pələngin dərisini soymaq yolunda fədakarlıq göstərsə, ölkəmizin dörd klubunun hamısı növbəti mərhələyə adlaya bilər. Buna inanıram və ümid edirəm…

Fikirlərini bizimlə bölüş!