Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Prosineçkinin beyni və ürəyi

Sən demə, Robert Prosineçkinin əlində əsl bizə lazım olan formul var imiş. Robert müəllim azərbaycanlıların sevdiyi, hətta belə deyim ki, əsl futbol saydığı futbolu tamam qırağa qoyub. Yığmamız qısa ötürmələr sayəsində sürətlə rəqib cərimə meydançasına gedən, əsasən topa nəzarət edən (“tiki-taka” deyil, amma ona bənzəyir. “Tiki-taka”da topsuz hərəkət çox vacibdi) oyun üslubunun hesabına uduzurmuş. Ustalıq səviyyəsi aşağı olduğundan, bu oyunu oynamaqdan ötrü hücuma çox aludə olanda, arxada boşluqlar buraxdığımız üçün həmişə "gözəl oynadıq, heyf, uduzduq" deyirmişik. Əslində gözəl oynamaqla doğru oynamaq arasında səhv seçim edirmişik.

Məsələn, almanlardan bəlkə 5 qol buraxa bilərik, amma bundan sonra az qol vuran, az qol buraxan, ürəyimizi sıxan, amma çox etibarlı yığmaya hazırlaşın. Üstəlik, Ramil Şeydayev, Qara Qarayev, Namiq Ələsgərov, Ağabala Ramazanov, Mahir Mədətov, Emin Mahmudov, BudaqNəsirov, Elnur Cəfərov kimi çox gənc və əla futbolçularımız var. Bədavi, Rauf, Eddi, Nazarov, Rahid, Araz da qoca deyil. Bu uşaqlar təcrübəylə ustalıqlarını da artıracaq. O zaman qolları da daha rahat vuracağıq.

Bizim yeni oyun üslubunun əsas önə çıxan özəlliyi, hücuma gedərkən 4-5 nəfərlə sistemli, sürətli, texnikadan və sürətdən istifadə edib müdafiəçiləri arxada qoymağa çalışmaq və hücumu məntiqi sonla bitirməkdi. Elə ki, top itirildi və ya zərbə rəqibdən qayıdıb əks-hücuma çevrilmək şansı oldu, əsl Yuqoslaviya məktəbinə uyğun, ya xırda cərimə edirdik, ya da vaxt qazanmaq üçün topu çölə atırdıq. Artıq yerləşmiş müdafiəmizi isə yarmaq elə də asan deyildi. Bundan sonra da super komandalar istisna olmaqla, heç kimə də asan olmayacaq.

Sadəcə bir məqamı deyim. Çexiya ilə matçda Ramil Şeydayev əslində futbol baxımından heç nə göstərmədi. Hücumçunun qapıya doğru zərbəsi belə olmadı az qala. Amma Prosineçki onu boşuna bağrına basmadı. Çünki Kamran Ağayevlə bərabər oyunun ən yaxşısı idi Ramil. Keçən dəfə Ağabala, bu dəfə Ramil. Nəyin hesabına? Müdafiəyə göstərdikləri köməyin hesabına. Bu kömək isə Ağabalada Alesamini zərərsizləşdirmək idisə, Ramil rəqibin bütün müdafiə xəttiylə savaşdı. Əməlli-başlı savaşdı. Ramilin meydanın orta hissəsindəki pressinqi sayəsində çexlər hücuma başladıqları ilk ötürməni önə doğru edə bilmədilər. Həmişə geriyə ötürməyə məcbur qaldılar. Bu isə qazanılmış əlavə vaxt, yerləşmək üçün imkan və ən əsası, cinah yarımmüdafiəçilərinin öz vizavilərinə yaxınlaşması üçün imkan demək idi.

Texniki-taktiki planda Prosineçki imzası öz yerində, amma məncə, Robert müəllimin bacardığı daha önəmli bir şey var. 20 ildi millimizin oyunlarına baxıram və meydanda belə canını qoyan milli komanda xatırlamıram. Prosineçki oyundan sonra "Bu uşaqlarla böyük uğurlar əldə etmək olar" dedi. Berti Foqts isə məsələn, hər oyundan sonra futbolçularımız haqda az qala U-13 komandası haqda danışırmış kimi danışırdı.

İnsafən, axı yığmamızda yüksək səviyyədə oyun təcrübəsi olan xeyli futbolçu var və son 6-7 ildi ki, həmişə olub.

Prosineçki uşaqlara dəyər verir, hətta bu sözü deməyə çəkinməyəcəm, onları sevir. Sevgi isə hər ürəyin qapısını açır. İndiyə qədər bizim futbolçuların ürəyinə girən məşqçi əksiyimiz olub. Necə ki, atalar öz övladlarını öpməyə, sığallamağa kompleks edir, məşqçilərimiz də futbolçulara nəvaziş göstərmirdi.

Açığı, son oyuna qədər mən də ehtiyat edirdim. Astaca "Niyə də yox?" deyib, dualarımla komandamıza azarkeşlik edirdim. Amma Çexiya oyunu göstərdi ki, ƏSL MİLLİ KOMANDAya sahib olmaq üzrəyik.

Mən deyirəm – EURO-2020! Siz nə deyirsiz? Niyə də yox?

Fikirlərini bizimlə bölüş!