Bakı “Barsa”nın Avropada səfər məsafəsi üzrə rekordunu Kazandan necə aldı
✔️ Bakı klassikası: neft, Qız qalası və “Brilyant əl”
Bakı üçün darıxmışdım. Bundan əvvəl burada cəmi iki dəfə olmuşdum — hələ ötən əsrin sonunda, postsovet məkanı jurnalistlərinin futbol turnirində özüm oynayan vaxtı, bir də 2013-cü ildə, Azərbaycan və Rusiya yığmalarının DÇ-2014 seçmə oyununa gələndə. Fabio Kapellonun komandası o vaxt artıq Portuqaliya ilə mübarizədə qrupda birinci yeri və Braziliyaya birbaşa vəsiqəni demək olar ki, təmin etmişdi. Nə vaxtlar vardı!
Paralel oyunda portuqaliyalıların darmadağın qələbəsi şərti ilə yalnız rusiyalıların məğlubiyyəti don Fabionun komandasını pley-offa sala bilərdi, ona görə də o vaxt elə bir həyəcan yox idi.
Əvəzində dağ aşırımını keçib Qəbələyə, yerli komandanı mükafatçılar sırasına və avrokuboklara çıxarmış Yuri Syominin yanına səfər etdik. İki gün sonra isə Roman Şirokov etnik azərbaycanlı Aleksandr Səmədovun ötürməsindən hesabı açacaq — illər sonra bütün bu ölkə DÇ-2018-də məhz şəxsən ona azarkeşlik edəcəkdi. Azərbaycan yığması lap sonda hesabı bərabərləşdirəcək, amma Rusiya rahatca Braziliyaya adlayacaqdı. Düzdür, orada yığmanın başına gələnləri xatırlamamaq daha yaxşıdır…
Əvəzində Azərbaycan paytaxtında həm tarixi həqiqətlə üst-üstə düşməyən, amma çox gözəl əfsanələrlə bürünmüş, hələ XX əsrdə dostlarımla qarşısında şəkil çəkdirdiyim təkrarolunmaz Qız qalasını, həm də İçərişəhərdə — köhnə şəhərdə — “Brilyant əl” filmində Yuri Nikulinin qəhrəmanı Semyon Semyonoviç Qorbunkovun qarpız qabığına sürüşüb yıxıldığı o məşhur döngəni məmnuniyyətlə xatırladım. İndi orada, əlbəttə ki, eyniadlı kafe də var, ümumiyyətlə, başdan-ayağa Leonid Qaydayın əfsanəvi komediyasına aid merç də satılır.
İndi, Azərbaycan — Rusiya matçı vaxtı hələ yenicə çıxan smartfonlar dövründə , video çəkiliş altında özümü elə həmin yerdə yıxılmaq zövqündən məhrum etmədim (xoşbəxtlikdən, elə ağır nəticələr olmadan) və “Çert poberi” deyə qışqırdım. Bəzi oxucular Telegram kanalımdakı videoya baxıb məni simulyasiyada ittiham etdilər və sarı vərəqə göstərdilər, amma üzr istəyirəm, qolumu sındırıb gipsə salmaq heç ağlıma da gəlmirdi!
Gördüyüm insanların əksəriyyəti İçərişəhərin daş döşəməsində sadəcə oturub şəkil çəkdirməyə üstünlük verirdi, amma mən daha canlı nəsə istədim. Deyilənə görə daha isti vaxtlarda yıxılmaq üçün burada onlarla adam növbəyə düzülür, bizim mədəni kodumuzu bilməyən əcnəbilər isə buna baxıb heyrətlənirlər. Ünsiyyətcil xalq kimi azərbaycanlılar nə baş verdiyini onlara həvəslə izah edirlər…
Elə biz də öz Bakısını mənə göstərməyə könüllü razılaşmış memar Feliks Mendeleyevlə köhnə şəhərdə gəzirdik (ondan, məsələn, «Bakı barokkosu» terminini öyrəndim — həqiqətən də XIX əsrin ikinci yarısının neft bumu dövründə tikilmiş malikanələr İtaliya və digər Avropa şedevrlərindən ilhamlanıb!) və paytaxtın mərkəzində öz ekskursiyası ilə bir qədər qazanc əldə etmək istəyən yerli vətəndaş yaxınlaşdı.
— Nə axtarırsınız? — deyə o, ehmallıca soruşdu.
— Neft! — aramızdan biri hazırcavablıq etdi.
— O, hələ bir müddət tapılacaq. Hələ otuz il burada mütləq olacaq. Amma artıq qurtarır! — deyə o, avtoritet səslə yekunlaşdırdı.
Gözlənilməz həmsöhbətimizin ekspertliyində isə xeyli şübhə var. Şəxsən mən Xəzərdən gələn neft qoxusunu — kəskin olmayan, amma tam hiss edilən — kifayət qədər aydın duyurdum.
1846-cı ildən bəri işlənməsi (o vaxt Bibiheybətdə, o zamankı Bakının ətrafında dünyada ilk sənaye quyusu qazılmışdı; hətta Edvin Dreykin Pensilvaniyadakı məşhur quyusu bundan 13 il sonra qazılıb) sayəsində Bakının kiçik yaşayış məntəqəsindən böyük, çoxmillətli şəhərə çevrildiyi neft buradakı milyonlarla əfsanənin səbəbidir.
Elə mənə öz Bakısını göstərən həmin memarın ulu babası da XIX əsrdə doğma Odessadan məhz bura üz tutub — anlayıb ki, Azərbaycanda bal olmasa da, neft boldur və varlı adama çevrilmək imkanı var. O vaxt bir çoxlarının başına belə hekayə gəldi, hətta Rokfellerlərə, Rotşildlərə, Nobellərə Azərbaycan nefti daha da zənginləşməkdə kömək oldu. Dünyanın hər yerindən Bakıya mühəndislər axışmağa başladı, Qara şəhər yarandı; indi orada artıq neft çıxarılmır, əksinə, Paris memarlıq üslubunda yeni rayon — Ağ şəhər salınır.
Birinci dünya müharibəsinin sonunadək Azərbaycan dünya neft ehtiyatlarının yarısından çoxunu verirdi. İkinci dünya müharibəsi vaxtı isə fyurer bura necə can atırdı — amma, xoşbəxtlikdən, heç cür gəlib çıxa bilmədi…
✔️ “Sabah”ın uğurlarına Murad Musayev və Vasili Berezutski də töhfə verib
Nəsə futboldan həddindən artıq uzaqlaşdıq. Halbuki fərqli Azərbaycan klublarının — əvvəlcə “Qarabağ”ın, sonra isə “Sabah”ın — ardıcıl iki dəfə Çempionlar Liqasının əsas mərhələsinə çıxması göstərir ki, ən azı klub səviyyəsində (yığma haqqında bunu hələ demək olmaz) burada futbol xeyli inkişaf edir. Qurban Qurbanovun — deyilənə görə, “Barselona”nın ehtiraslı azarkeşinin — “Qarabağ”ı bir il əvvəl ümumiyyətlə ÇL-in pley-offuna çıxıb, “Sabah” Praqa “Slaviya”sını məğlub edib və onlar da kifayət qədər layiqli görünür.
Özü də indiki baş məşqçisi litvalı Valdas Dambrauskasdan əvvəl Murad Musayev və Vasili Berezutskinin çalışdırdığı klubun cəmi doqquz yaşı var. “Krasnodar”ın hazırkı baş məşqçisi ilə gənc komanda ilk dəfə ilk üçlüyə düşüb və avrokuboklara vəsiqə qazanıb, cəsarətli hibrid sxemlərlə çox eksperiment aparıb və “Sabah”ın DNT-sinə qoyulmuş ideyaları ilk reallaşdıran məhz o olub. ÇSKA-nın və Rusiya yığmasının sabiq müdafiəçisi isə burada klubun ilk titulunu — Azərbaycan Kubokunu qazanıb, finalda “Qarabağ”ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub edib.
“Sabah”ın belə qısa müddətdə bu sıçrayışı necə etməsinin təfərrüatlarını yaxınlarda ”Sport-Ekspress” üçün geniş müsahibəsində klubun prezidenti Maqsud Adıgözəlov mənə danışıb və burada deyilənlərə görə, söhbətimiz Azərbaycan mediasında ətraflı işıqlandırılıb. Həmin medianın ki, ən azı 10-nun rusdilli olmasını əlavə edim (burada hələ də rus dilli məktəblər kifayət qədər çoxdur). Həmin nəşrlərin birində yeni dostum, iki dəfə Azərbaycanın ən yaxşı idman jurnalisti seçilmiş Elmir Əliyev çalışır. Sosial şəbəkələrdən gəlişimi bilən bu adam — o vaxt hələ mənimlə tanış olmayan biri — məni qarşılamaq üçün axşam saat onbirin yarısında hava limanına gəlməyə könüllü razılaşamışdı. Burada qonaqpərvərliyin səviyyəsi belədir və bunu heç vaxt adi hal kimi qəbul etmək olmaz. Bunun qədrini bilmək lazımdır!
“Sabah”ın ÇL-ə sensasiyalı çıxışı — bununla da klub artıq ilyarımlıq büdcəsini qazanmış olub — Azərbaycana “Barselona”nı canlı görmək imkanı verdi. Və bir çox başqalarına da: oyun vaxtı tribunalarda hər yerdə rus nitqi eşidilirdi, xüsusilə elə təəssürat yaranırdı ki, Qazaxıstanın yarısı Bakıya gəlib. Rusiyadan da azarkeşlər az deyildi. Təəssüf ki, sonradan faciəli hadisə barədə məlumat oldu: “Barsa”nı görməyi arzulayan 39 yaşlı krasnoyarsklı oyun vaxtı elə stadiondaca qəfil vəfat edib. Ürək tutması…
İspaniya nəşrləri hesablayıb ki, Azərbaycan paytaxtına uçuş “Barselona”üçün tarixdə ən uzun səfər olub: şəhərlər arasında məsafə 3970 kilometrdir. Bundan əvvəlki rekord Pep Qvardiola və Qurban Berdıyev dövründə, 2000-ci illərin sonunda kataloniyalıların oynamağa gəldiyi Rusiyanın Kazan şəhərinə məxsus idi. 2009-cu ildə “Rubin”in “Kamp Nou”da nə etdiyini yaxşı xatırlayırsınız, amma axı Kazan Mərkəzi Stadionunda da komandalar heç-heçə oynamışdılar!
Yeri gəkmişkən, Berdıyev indi Tovuzun “Turan” klubunu uğurla çalışdırır; komanda ardıcıl ikinci mövsümdür top-3-də qərarlaşıb və komandanın Bakıda məşq etdiyini nəzərə alsaq, baş məşqçisi belə oyunda olmaq, həm də çempionatdakı rəqibinə başqa şəraitdə baxmaq şansını çətin ki qaçırardı.
“Turan” avrokuboklara yalnız ona görə düşmədi ki, klubda danışılmış oyunlarla bağlı iş üzrə yeddi il əvvəl verilmiş yeddi oyunçunun diskvalifikasiyasını yalnız may ayında xatırladılar. Özü də bu, hələ birinci Azərbaycan divizionunda baş vermişdi, “Turan”ın sahibləri və rəhbərləri tamam başqa adamlar idi. Lakin Konfrans Liqasının reqlamentindəki buraxılış meyarlarından birində deyilir ki, klub son on il ərzində bu cür qalmaqallarla birbaşa və ya dolayı yolla bağlı olmamalıdır. Nəticədə “Turan”a nə UEFA-nın apelyasiya orqanı, nə də CAS kömək etdi və onun əvəzinə avrokuboklara “Zirə” yollandı.
Gələn mövsüm bu tarix prinsipcə təkrarlanmamalıdır — acı təcrübədən dərs çıxaran “Turan” reabilitasiya işinə əvvəlcədən başlayıb. İndi də liderlər qrupunda gedir.
✔️ “Doğrudanmı Yamal GTA 6 oynadığına görə gəlməyib?”
Jurnalistlər üçün açıq olan 15 dəqiqəlik “Barselona” məşqinə baxmağa çıxdım — və qaçış cığırları olan stadionlardan nə qədər uzaq düşdüyümü anladım. Üstəlik, burada tribunalara qədər məsafə də xeyli çox idi — hətta mundialöncəsi “Lujniki”dəkindən də böyük. İki dəfə az tutumlu Tofiq Bəhramov adına stadionda yox, məhz burada oynamaq qərarı faktiki olaraq insanların “Barselona” ilə oyuna baxa bilməsi üçün qəbul edilmişdi.
Çünki “Slaviya”ya təxminən otuz min, Dortmund “Borussiya”sına (yanvarda “Napoli”yə qarşı da o qədər gözlənilir) əlliminə yaxın adam gəlmişdi, amma “anşlaq”yalnız Hansi Flikin komandasının oyununda baş verdi.
O isə öz növbəsində matçdan bir gün əvvəl “Sabah” haqqında ehtiramla danışaraq, topa nəzarəti La Liqa klubları səviyyəsində etdiyini demiş və oyunçularından əsas tələbin düzgün köklənmə olduğunu qeyd etmişdi.
“Barsa”nın məşqində Andrey Arşavin də peyda oldu — o, belaruslu Aleksandr Qleblə futbol trevel-bloqunun növbəti çəkilişləri üçün uçub gəlmişdi. Qus Hiddinkin 80 illiyində hər şeyin necə keçdiyini soruşdu; Qus İvanoviçin Rusiya yığmasındakı yetirmələrinin ona hazırladığı videosundan təsirlənib kövrəldiyini eşitmək ona xoş oldu. Andrey Sergeyeviçin özü “Barsa”nın üçdən çox qol vuracağını düşünmürdü və «Sabah» rəhbərliyi ilə söhbətinə istinadən yerli həmkarlarına dedi ki, Azərbaycan komandası öz qapısı önündə dayanmayacaq, həmişə etdiyi kimi futbol oynamaq istəyir.
Elə belə də olacaqdı.
Oyunöncəsi mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasdan “Barselona” ilə matçın şəxsən onun, onun məşqçi karyerası üçün nə demək olduğunu soruşdum. 68 min tamaşaçının gözü qarşısında bu, futbol həyatının ən mühüm hadisəsi olacaqmı — yoxsa, əksinə, belə oyunlarda itirməyə heç nə yoxdur, məsuliyyət o qədər də böyük deyil və əsas məsələ zövq almaq və bacardıqlarının hamısını göstərməyə çalışmaqdır?
Litvalı məşqçi cavab verdi:
— İkincisi — sizin dediyiniz kimi. Belə oyunlarda hara isə keçmək, nəsə əldə etmək, bir şans da qazanmaq üçün mütləq qalib gəlmək lazım deyil. Anlamaq lazımdır ki, biz dünyanın ən güclü komandalarından birinə qarşı oynamalıyıq. Və yüz faiz gücümüzü qoysaq belə, onun səviyyəsinə çatmaq üçün bu kifayət etməyə bilər.
Ona görə sabah biz sadəcə yüz faiz oynamamalıyıq. Biz imkanlarımız haqqında öz təsəvvürlərimizdən yüksəyə qalxmalı, özümüzü üstələməli, bacarıqlarımızın və güclərimizin hüdudlarından kənara çıxmalıyıq. Sabah bütün şərtlər bizim üçün ən yaxşı şəkildə formalaşmalıdır ki, heç kimin unutmayacağı və hamını təəccübləndirəcək bir axşam alınsın. Biz məhz bunu etməyə çalışacağıq, əsası isə — zövq almaqdı!
Dambrauskas ciddi idi, “Barsa”nın yarımmüdafiəçisi (daha doğrusu, son bir neçə oyunda mərkəz müdafiəçisi) Frenki de Yonqu isə gənc rusiyalı bloqerlər güldürdü. YouTube kanalını aparan iki qardaşdan biri hollandiyalı artıq gedərkən mikrofonu götürüb ingiliscə soruşdu: “Doğrudanmı Yamal GTA 6 oynadığına görə gəlməyib?”
Frenki əvvəlcə eşitdiklərinə inanmadı. İnananda isə güldü, heç nə demədən getdi və mətbuat zalındakı yerini rəhbəri Hansi Flikə verdi.
O isə öz növbəsində dedi ki, Yamalla bağlı qərarı bir gün əvvəl məşqdən sonra, Laminin durumuna baxıb ona istirahət vermək fikrinə düşüb. Son vaxtlar, məsələn, PSJ oyunçularının başına gələnlərə baxanda (Xviça Kvaratsxeliyanın ardınca xaçvari bağ zədəsi Dezire Dueni də haqladı), Fliki anlamaq çətin deyil. Bununla belə, onun rəqibi Dambrauskas burada çox gözlənilən futbolçunun gəlməməsi və meydana çıxmaması ilə bağlı Azərbaycan azarkeşlərinə təəssüfünü bildirdi.
Aydın idi ki, Yamalla yanaşı, zədəli Rodridən başqa da “Barsa” Bakıda ciddi rotasiya edəcək. Nəticədə start heyətini ötən həftəsonu “Vilyarreal”la dramatik matçla (kataloniyalılar yeddinci dəqiqəyədək 0:2 uduzurdu, Yamal penaltini qaçırdı, amma “Barsa” super-kambek edib 57-ci dəqiqədən 67-ci dəqiqəyədək üç qol vurdu və 3:2 qalib gəldi) müqayisə etsək, yeddi soyad üst-üstə düşdü: qapıçı Qarsiya, müdafiəçilər Martin, Kunde və orta xətdən keçirilmiş de Yonq, yarımmüdafiəçilər və hücum qrupunun oyunçuları isə Pedri, Fermin Lopes, Adeyemi.
Flik oyundan sonra deyəcək ki, Pedri və Dani Olmoya hərəyə bir hissə oynatmağı əvvəlcədən planlaşdırıb. Rafinya oyunun bitməsinə on beş dəqiqə qalmış əvəzetmədən çıxdı. Kiçik zədə keçirmiş Kubarsi yenə ehtiyatda qaldı, “Vilyarreal”la müqayisədə əsas heyətdə isə Balde, Qavi, Qabi Jezus və ilk skripkanı ifa etməyə məhkum olan Qordon meydana çıxdı. Çempionatın son oyunu ilə müqayisədə ilk 11-likdən yeddisi — bunu əsla ikinci heyət adlandırmaq olmaz. Başqa məsələ ki, Pedri və Fermin istisna olmaqla, əsas ulduzlar yox idi.
✔️ İlk hissədə «Sabah» üç dəfə hesabı aça bilərdi. Heyf ki, şanslardan yararlanmadı!
Oyundan bir gün əvvəl Bakıda hava əla idi — təxminən on beş dərəcə isti. Yalnız külək bir az güclü idi, amma bu yerlər üçün heç də təəccüblü deyil. Azərbaycan paytaxtını elə “odlar yurdu və küləklər şəhəri” adlandırırlar. Külək burada yayda da əsir, payızın sonu və qışdan isə heç danışmayaq. Hətta Bakı sözünün fars dilindəki “badı-kübə” — “külək döyən” sözündən yarandığına dair gözəl versiya da var, amma alimlər bunu şəhər adının dəqiq mənşəyi hesab etmirlər.
Matç gününün ortasında isə temperatur kəskin düşdü, leysan yağdı, hətta dolu düşdü. Elə külək əsdi ki, əlimdəki çətir demək olar anında bərpası mümkün olmayan yöndəmsiz bir şeyə çevrildi. Bu, Xəzri idi — Bakı və dörd milyonluq paytaxtın yerləşdiyi Abşeron yarımadası üçün səciyyəvi olan yerli soyuq, güclü şimal küləyi.
Oyun üçün hava proqnozu ürəkaçan deyildi, amma futbol tanrısı rəhmə gəldi — oyunun əvvəlinə yağış artıq kəsmişdi, sancılı Xəzri də səngimişdi. Futbola təbii heç nə xüsusi mane olmurdu.
Mən isə stadiona gedən yolda 2026-cı ildə Bakının dünyanın idman paytaxtı olması barədə bannerlərə diqqət yetirdim. Bu titulu şəhər ACES Europe — Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasından alıb. Mərkəzi qərargahı Brüsseldə yerləşən bu beynəlxalq qeyri-kommersiya təşkilatı şəhərlərə müxtəlif idman titulları verir və Bakı onu böyük idman infrastrukturuna və iri yarışların keçirilməsi təcrübəsinə — «Formula-1» mərhələsindən tutmuş 2015-ci il Avropa Oyunları, 2019-cu il Avropa Liqasının finalı, Avro-2020-nin dörd matçı və s.-dək — görə alıb. Şərtlərdən biri təqdimetmə ilində iri bir tədbir keçirməkdir və Çempionlar Liqası (“Formula1” və Canni İnfantino ilə Arsen Vengerin gəldiyi U15 beynəlxalq futbol festivalı kimi) burada çox yerinə düşdü.
Bakı üçün, təəssüf ki, səciyyəvi olan nəhəng tıxaclardan keçərək köhnə şəhərdən stadiona saatyarıma çatdım — qonaqpərvər bakılılara təşəkkür ki, məni tam girişin qabağınadək ideal şəkildə gətirdilər (demək lazımdır ki, müvafiq buraxılışları var idi). Yoxsa start fitindən iyirmi dəqiqə əvvəl yox, qorxuram ki, elə oyun vaxtı çatardım. Bu günlər ərzində bir çox gözəl insanlarla tanış oldum — məsələn, keçmişin məşhur hücumçusu Nazim Süleymanovun oğlu ilə ki, arenaya məni məhz o müşayiət etdi.
Tamaşaçıların stadiona girişini o çətinləşdirdi ki, oyunun başlamasına bir neçə saat qalmış görünməmiş kütləvi axından bilet alınan və azarkeşlərin daxil olduğu iTicket tətbiqi “çökdü”. Bu barədə matçın açılış hissəsində diktorlar üç dildə (Azərbaycan, ispan və ingilis) üzr istəyərək üç dəfə danışdılar, baş verənlərə anlayışla yanaşmağa və əsl futbol bayramından zövq almağa çağırdılar.
Bununla belə, 70 minə yaxın tutumu olan stadion dolu idi, hamı birtəhər keçdi və yerbəyer olandan sonra tamaşaçılar tribunada “dalğa” buraxdılar. Əvvəlcə baş verənlərə kifayət qədər sakit reaksiya verirdilər, bir neçə dəqiqə ardıcıl susurdular, amma hissənin ortasına doğru qızışdılar. Bu da təəccüblü deyil, çünki “Sabah” üç yaxşı epizod yaratdı — o cümlədən tirə zərbə və qapı xətti qarşısından ötürmədən sonra çərçivəyə zərbə; bu vaxtadək “Barsa”nın aktivində isə yalnız qazaxıstanlı qapıçı Pokatilovun çıxardığı, Pedrinin endirdiyi güclü zərbə var idi. Yeri gəlmişkən, Pokatilov hücumları müdafiəçilərlə qısa paslaşmalarla başlamağa cəhd edirdi və bu, heç də pis alınmırdı.
Heyif ki, “Sabah” yaxın olduğu halda ilk qolla görüşün süjetini kəskinləşdirə bilmədi. Aydın məsələdir, bu, onsuz da meqasensasiyaya gətirib çıxarmazdı — “Barselona” hətta çox zəif ilk hissədən sonra ikinci hissədə oyunu necə çevirməyi bacardığını, həm bu yaxınlarda İstanbulda “Qalatasaray”a qarşı, həm də bu günlərdə “Vilyarreal”la oyunda göstərdi. Amma bakılılar matçın ssenarisinə heç olmasa bir az rəng qata bilərdilər. Bu şanslardan istifadə etməyəndən sonra isə Karim Adeyeminin çərçivəyə kəskin zərbəsindən sonra topu tamamlayan Entoni Qordondan qol buraxdılar.
Bununla belə, “Sabah” ilk hissəni son dərəcə layiqli keçirdi. 0:1 hətta hissənin o qədər də ədalətli olmayan yekunu kimi görünürdü. Sadəcə “Barsa” dünyada az komandanın bacardığı kimi qan iyini duyur və işini bitirməyi bacarır. 51-ci dəqiqədə Qordonun ikinci topu, doqquz dəqiqə ərzində Adeyemi və Qabi Jezusdan daha iki qol şəklində ani və artıq dönməz nəticələr verdi. Xatırladım ki, “Barsa”nın üçdən çox qol vurmayacağını deyən Arşavinin proqnozu özünü doğrultmadı.
Sonra isə “Sabah” “Barsa”nın qapısına yol tapdı. Özü də bakılılar çox dəqiq oynadılar və qapı xətti qarşısından topu tora göndərdilər. Xoş qol idi! Müəllifi Coy-Lens Mikels oldu. Bu hücumda isə əslən krasnoyarsklı, “Yenisey” və “Zenit-2”də çıxış etmiş 31 yaşlı sarışın Aleksey İsayev iştirak etdi. Aleksey Azərbaycana köçüb, bir müddət sonra yerli vətəndaşlıq alıb və bu ölkənin yığmasında 29 oyun keçirib. İndi də “Barselona” ilə oyunda, hətta onun qapısına vurulan qolda iştirak etdi…
Bu komanda elə vurduğu qoldakı kimi oynamağa can atır. Təkcə arxamda oturan və tam xoşbəxt olan bir qrup yerli uşağın reaksiyasına görə bu matçı Olimpiya stadionunda keçirməyə dəyərdi. Düzdür, bu uşaqlar vaxtaşırı şıltaqlıq edirdilər — “Sabah!” şüarını “Barsa!” ilə əvəz edirdilər! Eybi nə var — hərflərin sayı eynidir, yeganə sait də eynidir…
71-ci dəqiqədə bütün stadion smartfonların fənərlərini yandırdı. Gözəl alındı. Düzdür, tezliklə tamaşaçılar dağılışmağa başladı: matçın son on dəqiqəsində arenanın yarısı getdi; stadiona və oradan başqa rayonlara gedib-gəlmək uzundur, 1:4 hesabında insanları başa düşmək olardı. “Barsa”nın oyunçuları isə son fitdən sonra adi oyuna görə Kataloniyadan Azərbaycana uzun yol qət etmiş bir qrup azarkeşini salamladılar.
✔️ Flik: “Sabah” topla yaxşı və cəsarətli davranır. Məşqçinin aydın oyun fəlsəfəsi var”
Oyunsonrası mətbuat konfransında Hansi Flikdən “Barselona”nın Çempionlar Liqasında iştirak etdiyi tarixi ərzində ən uzaq səfərinin yekunlarını bütün aspektlərdən — uçuş, ölkə, şəhər, mehmanxana, rəqib, azarkeşlər — dəyərləndirməsini xahiş etdim.
— Düzünü desəm, burada o qədər də çox şey görmədim — yalnız mehmanxananı. Amma əla idi. Otel («Rits-Karlton» yelkən formasında. — qeyd İ.R.) və orada işləyən insanlar ən yüksək səviyyədədir. Bizə lazım olan hər şey var idi.
Deyəsən, bu, Azərbaycana üçüncü səfərimdir. Əvvəllər buraya idman direktoru işlədiyim vaxt Almaniya yığması ilə gəlmişdim. Səhv etmirəmsə, 17 yaşadək komandalar arasında turnir vaxtı idi. Burada hər şeyin necə inkişaf etdiyini, Bakının və ölkənin necə dəyişdiyini görürəm. “Sabah”ın Çempionlar Liqasında — dünyanın ən yaxşı klub turnirində oynamasını görmək xüsusilə xoşdur.
Bu klubda yaxşı işləyirlər. Məşqçinin aydın oyun fəlsəfəsi var, komanda topla yaxşı və cəsarətli davranır. Bəzi məqamlarda bizə asan olmadı, əziyyət çəkdik. Buradan üç xal apardığımıza çox şadam. Buradakı bütün insanlara və “Sabah”a ən xoş arzularımı bildirirəm. Hesab edirəm ki, daim inkişaf etmək və təkmilləşmək çox vacibdir. Burada gördüklərim onu göstərir ki, əla iş görülüb.
Dambrauskas bu komplimentlərə cavabında deyəcək ki, Flik sadəcə yüksək əxlaqlı və nəzakətli adamdır. Amma Bakı komandasının oyunu həqiqətən də əvvəldən bəyan edildiyi kimi xoş təsir bağışlayırdı. Deməli, alman mütəxəssis ürəyindən keçənləri söyləyirdi.
“Sabah”ın baş məşqçisindən soruşuram ki, “Barselona” ilə oyunda məşqçi kimi özü və komandası nə öyrəndi; bu görüş onun inkişafına necə kömək edəcək. Dambrauskas, artıq anladığınız kimi, həmişə ətraflı cavab verir, bu dəfə də bunları dedi:
— Ən vacibi psixoloji davamlılıqdır. İlk 30-35 dəqiqə ərzində rəqibin təzyiqinə, topa sahiblənməsinə, topu hərəkət etdirdiyi sürətə tab gətirə bildik. “Barselona”ya kifayət qədər yaxşı uyğunlaşdıq. Amma bu, belə uzun davam edəndə, biz topa nəzarət edə bilməyəndə psixoloji yorğunluq özünü göstərməyə başlayır.
Nəticədə boş zonaları bağlamaqda bir qədər gecikirik, müdafiəçilərin arxasındakı fəzayı qapamağa çatdırmırıq. Xüsusilə birinci hissənin son beş dəqiqəsində. Düşünürəm ki, matça yenidən baxsam, “Barselona”nın cinah müdafiəçilərimizin arxasındakı boşluğa hücum etdiyi epizodları çox görəcəm. Biz bu zonaları qapamaqda bir qədər gecikirdik.
Taktiki nöqteyi-nəzərdən məhz bunu təhlil etməliyik. Amma müəyyən çətinlik var: Azərbaycanda sənin belə vəziyyətlə üzləşdiyin və rəqibin səni bu qədər məhdudlaşdırdığı oyunlar o qədər də çox deyil. Adətən biz özümüz güc mövqeyindən oynayırıq və başqa komandalara qarşı bu gün “Barselona”nın bizə etdiyini tətbiq etməyə çalışırıq.
İkinci hissədə buraxılan ikinci qoldan sonrakı reaksiyamızı da təhlil etmək lazımdır. Oyundan əvvəl belə vəziyyətlərdə “Barselona”nın nə qədər təhlükəli olduğundan danışırdıq: bir top vurur, dərhal ikincini, çox qısa vaxt kəsiyində isə üç və ya dörd top vura bilər. Ona görə tempi salmaq, təhlükəli zonalarda topu itirməmək, xüsusilə buraxılan qoldan dərhal sonra son dərəcə vacibdir. Amma biz bunu edə bilmədik. Çox tez üç top buraxdıq və bundan sonra, əlbəttə, çətin oldu.
Amma bir daha futbolçularıma haqq vermək istəyirəm. Onlarla həqiqətən fəxr edirəm. Bir saniyə də təslim olmadılar və nəticədə vurduğumuz qolla mükafatlandırıldıq. Lakin hər şeyi detallar, detallar və bir daha detallar həll edir. Düşünürəm ki, futbolçular, məşqçilər və bütün heyətimiz bu matçdan çox güclü motivasiya, hara gəlmək istədiyimizi, nə etməli olduğumuzu və gələcəkdə necə oynamaq istədiyimizi göstərən bir mayak kimi istifadə etməlidir.
…İmkan olanda meydançaya enməyi xoşlayıram. Bakıda, tez-tez olduğu kimi, oyunu qapı arxasından çəkə bilməzdim, çünki Qsport teleşirkətindən yox, “Sport-Ekspress”dən akkreditə olunmuşdum, amma mətbuat konfransından sonra, stadionda demək olar heç kim qalmayanda aşağı düşdüm. Qazon nəinki yüksəkdən, yaxından baxanda da əla çıxdı — baxmayaraq ki, “Sabah” onu elə Çempionlar Liqası üçün döşəmişdi, bundan əvvəl isə Olimpiya stadionunda futbol hələ 2023-cü ildən bəri oynanılmırdı. O vaxtdan bəri orada iki iri qeyri-idman tədbiri keçirilib və bunlar üçün xüsusi örtük sərilmişdi.
Bu ot Qordonun qollarını və Pedrinin ötürmələrini xatırlayacaq. Və onlara uduzan, amma cəsarətli, deyərdim ki, futbola layiq müqavimət göstərən gənc Bakı klubunu. Topu auta vurmurdular, kataloniyalıların hücumlarına öz hücumları ilə cavab verməyə can atırdılar. Bir çox insanlar üçün bu matç böyük Avropa klubunun ifasında canlı gördükləri ilk oyun oldu. Ona görə də bunu ömür boyu xatırlayacaqlar.
Ən azı buna görə “Sabah”ın Çempionlar Liqasına çıxmasına dəyərdi.
(“Sport-Ekspress” qəzeti üçün Bakı səfəri reportajı)




Fikirlərini bizimlə bölüş!