Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qalır, Rəşad Sadıqov…

5-6 il əvvəlin söhbətidir. Ayxan Abbasov işsiz idi. Mən də onda Türkiyədə işləyirdim. Bakıdan ortaq dostlar zəng vururdular ki, Abbasovu əlaqəmiz olan xarici klublara təklif edək. Cavabında demişdim ki, Ayxan beynəlxaq səviyyə üçün hazır məşqçi deyil. Mənimlə mübahisə edirdilər. Üzərindən xeyli vaxt keçib, məşqçi keçən vaxtda ayrı-ayrı klublarda işlədi, Konfrans liqası oyununa komanda hazırladı, təbii olaraq, bu zaman kəsiyində həm də inkişaf etməliydi. Ancaq yox…
İndi keçək arqumentlərə.

Bir məşqçi ki, "Turan"da, "Şamaxı"da, ondan əvvəl hətta "Zirə"də, "Sumqayıt"da oynatdığı futbolun eynisini U-21 seçməsində, ardınca da milli komandada oynadırsa, deməli onun ideya problemi var. İdeya problemi olan insanın isə sənəti nə olur olsun, işi sadəcə icraçı olmalıdır. Baş məşqçi peşəsi idarəçilər, ideoloqlar, kretivçilər üçündür.

Hesablamışam. Abbasovun milli komanda ilə keçirdiyi 4 rəsmi oyunda ümumilikdə cəmi 35-40 dəqiqə normal futbol oynanılıb. Bunun da 25-30 dəqiqəsi düşür Ukrayna ilə Polşada keçirilən oyuna. Hansı ki, komanda hesabı bərabərləşdirdi və müəyyən qədər top saxladıq, oyun qurduq. 10 dəqiqəni isə yazırıq bu günki Fransa qarşılaşmasına. Dörd 90 dəqiqəni artırmaları ilə üst-üstə gəl, çıx 40 dəqiqə, qalanı iyrənc antifutbol.

Elə bir müdafiə planı ki, zonaları boş, bloksuz, sistemsiz. Bu oyunlardan oyunçuları qayıdan məşqçilərin vay halına. Söhbət qaçmaqdan, mübarizə aparmaqdan getmir. Milli komanda oyunudur, əlbəttə canları çıxmalıdı, qaçmalıdırlar, mübarizə aparmalıdırlar. Söhbət boş-boş qaçmaqdan gedir.

Müasir futbolda məşqçilər baş sındırır ki, görəsən necə edə bilərəm ki, oyunçularımdan biri və ya ikisi sürətli driblinqlə məsafə qət etsin, rəqibdən oyunçu azaltsın. Biz həmin zonaları müftə veririk. Topu ayağına götürən islandı olsun, ukraynalısı olsun, fransızı olsun 10 metr rahat irəliləyə bilir. 25-30 metrlik boşluqlar da üstünün bonusu.

Mərkəzi bağlayırsan, cinahları rəqibə təmassız, uzaq oynadırsan. Cinahları qabağa çıxarırsan, mərkəzi boşaldırsan.

Ayxanı xaricə təklif edən yoldaşlar açsınlar bu 4 oyuna yenidən diqqətlə baxsınlar. 6 ildə bu adam nə öyrənib? Mənə şəxsən maraqlıdır.

Fransızlarla ilk 10 dəqiqə göstərdi ki, oynamaq olar. İrəlidə pressinq elə, müdafiəni irəli çıxar, komanda boyunu uzatma və oyna… Uduza da bilərsən. Ancaq futbol oynayacaqsan.

Fransaya qarşı 10-cu dəqiqədən əldə etdiyin 1:0-ı geriyə çəkilib 80 dəqiqə qorumaq kimi avantüranı fikirləşərsənsə, elə ilk hissədə beşini vurarlar, adama.

Əlqərəz, oyundan əvvəl də qeyd etmişdim ki, Fransa ilə oyunun nəticəsi nə olursa, olsun, yığmanın baş məşqçisi yerli olmalıdır. Aydın məsələdir ki, Abbasov – o deyil. AFFA ümid edirəm ki, ruh, hava-cıva romantikasına qapılıb belə qərar verməz.

Milli komandanın təməlinə qədərki ciddi problemlərin həllinə illər lazım olacaq. Həmin illərdə də yığmada həqiqətən özünü inkişaf etdirən, oyundan oyuna komanda ilə birlikdə inkişaf edəcək baş məşqçi işləməlidir.

Belə yazıların altında oxucular məndən ad istəyir. Ad istəyirsinizsə öz fikrimi deyim. Mənim gördüyüm qədəri ilə, son dövrdə Azərbaycanda özünü sözün həqiqi mənasında inkişaf etdirən və bu inkişafı işində hiss olunan iki məşqçi var. Biri Qurban Qurbanovdur. Ki, onun "Qarabağ"ı buraxıb milli komandaya baş məşqçi gəlməsi inandırıcı deyil. Qalır, Rəşad Sadıqov. Düşünürəm ki, ciddi bir planlama, uzun müddətli əməkdaşlıq təklif olunsa, "Zirə" ilə sağollaşıb bu məsuliyyətin altına girər.

Qalanları inciməsin, inkişaf etmirlər. Məşqçiliyin özü yox, imitasiyası ilə məşğul olurlar.

Fikirlərini bizimlə bölüş!