Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qarabağ savaşı futbol matçından başlayıb?!

Əslində yeni tariximizə qanlı iz qoyan I Qarabağ savaşının səbəbləri bizə aydındı. Ermənilər ta qədimdən çirkin niyyətlərini, əsilsiz torpaq iddialarını həyata keçirmək üçün münasib vaxtı güdüblər. Xainlikləri həmişə arxadan vurulan zərbəyə bənzəyib.

Sovet İttifaqının təməli sarsılıb, yıxılmağa başlayanda da əməllərindən qalmayıb, fürsəti qaçırmayıblar. Nəhəng imperiya çökəndə insanlarımız başqa təlaş içində olub. “Qardaş hayıstanlılar” isə SSRİ-nin xarabalıqları altında belə öz məkirli planlarını gerçəkləşdirməyə çalışıblar. Bizim yaranan qarmaqarışıqlıqdan başımız açılanda isə gec olub…

Zori Balayanın “Ocağ”ı belə tez qızışa bilməzdi

Qarabağ müharibəsi məhz hansı hadisəylə başladı, ermənilərin aranı qatmasına bəhanə nə oldu?

Qəribədi ki, əksəriyyətimiz münaqişənin alovlu illərinin acısını öz üzərində hiss etsə də, bu suala cavab verə bilməz. Doğurdan da elə bir keşməkeşli dövr idi ki, savaşın da hardan çıxdığını hiss etmədik.

Hər şeyin Zori Balayanın “Ocaq” kitabından başlandığını düşünənlər çoxluq təşkil edir. Bəli, ilk dəfə torpaq iddiaları “Böyük Ermənistan” xülyasıyla yaşayan (sonradan Xocalı qətliamında da şəxsən iştirak edən) Balayanın dilindən səslənib. Amma vaxtında qarşısı alınmayan, əksinə müxtəlif dillərdə dərc edilərək, bütün dünya ermənilərinə paylanan “Ocaq”ın tüstüsü dərhal gözümüzü kor etməyib. Ermənilər Balayanın şovinist fikirlərinin oyanmasında əsas rol oynadığını etiraf etsə də, münaqişəyə start verən məhz kitabın olduğuyla razılaşmır.

Xatırladaq ki, “Ocaq” 1984-cü ildə çapdan çıxıb.8 Savaş isə bildiyimiz kimi 1988-ci ildə qızışıb. Aradakı müddət az deyil. Ona görə də Qarabağda barıt çəlləyini partladan qığılcım məhz Balayanın təxribatçı “əsəri”di demək düz olmaz.

Birinci qan: “Qarabağ” (Stepanakert) – “Kəpəz” (Kirovabad)

Ermənistan mənbələrində bununla bağlı çox maraqlı fikrə rast gəldim. Sən demə Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) ermənilərlə azərbaycanlılar arasında ilk kütləvi və ciddi toqquşma futbol matçında baş verib. Və onlar “Qarabağ hərəkatının” başlanğıcı kimi həmin tarixi göstərir.

Düşmən ölkə qaynaqları aşağıdakıları yazır:

Ermənilər iddia edir ki, aranı qatan, milli münaqişəyə gətirib çıxaran dava bununla başlayıb. Həmin oyundan sonra ermənilər yaşayan yerdə azərbaycanlılar, azərbaycanlıların çoxluq təşkil etdiyi bölgələrdə isə ermənilər öldürülməyə başlayıb. Qondarma “Dağlıq Qarabağ Respublikasının” idman komitəsinin sədri Razmik Ovsepyan da müharibənin həmin olaydan sonra alovlandığına şübhə etmir:

Söhbət prinsipiallığı ilə seçilən “Qarabağ” (Stepanakert) – “Kəpəz” (Kirovabad) matçından gedir. Açığı bu qarşılaşmadakı dava-dalaş haqda eşitmişdim. Ancaq ermənilərın olayı müharibəyə gətirib çıxaran səbəb kimi göstərmələri mənimçün önəmli yenilik idi. Belə çıxır oyun az qala tarixi əhəmiyyət kəsb edir…

Dava meydanda başlayıb

Ermənilərin hər şeyi özlərinə sərf edən tərzdə qələmə verdiyi sirr deyil. Odur ki, göstərilən oyunun iştirakçılarından – istər azarkeşlərimizdən, istərsə də futbolçularımızdan daha ətraflı məlumat toplamağa çalışdım.

Matç 2 iyun 1987-ci il tarixində, SSRİ çempionatının 2-ci dəstəsinin, 9-cu zonası çərçivəsində baş tutub. Onda “Kəpəz” ənənəvi olaraq sırf ermənilərdən təşkil edilən Stepanakert komandasından çox güclü imiş9 (heyətdə yeganə qeyri-erməni Munis Abdullayev olub10).

1987-ci ildə Xankəndi “Qarabağ” futbol komandasının stadionda çəkilmiş qara-ağ kollektiv fotosu.
“Qarabağ—87”: Xankəndi klubunun heyətini göstərən arxiv fotosu. Foto: Futbol+ / Munis Abdullayevin arxivindən. 5

Onda gəncəlilərin 1-ci dəstəyə çıxmaq uğrunda, “Qarabağ”ın isə yerini qorumaq üçün mübarizə aparması sözlərimi təsdiqləyir. Aralarında keçirilən oyunların demək olar hamısında, o cümlədən Stepanakertdəki görüşlərdə həmyerlilərimiz qələbə qazanırmış.

Amma 1987-ci ildə keçirilən növbəti dueldə yenilməmək üçün artıq “Böyük Ermənistan” avantürası ilə beyni doldurulmağa başlayan “xaçiklər” tədbirli davranır. Qazaxıstandan olan hakimi alırlar.

1977-ci ildə Xankəndi “Qarabağ” futbol komandasının stadionda çəkilmiş qara-ağ kollektiv fotosu; arxa planda ФУТБОЛ-77 lövhəsi görünür.
Xankəndi “Qarabağ” futbol komandası — 1977-ci il Azərbaycan SSR çempionu. Foto: Oragir.news / Karen Mirzoyanın 07.03.2025 tarixli yazısı. 3

Buna rəğmən rəqibindən bir baş üstün olan “Kəpəz” səfərdə 1:0 hesabıyla önə keçir. “Qarabağlılar” hakimə təzyiqi daha da artırır. Referi qorxusundan inanılmaz qərarlar verməyə başlayır. Fit ancaq bir tərəfə çalır. Qazaxıstanlı hakimin min hoqqadan çıxıb lazım olan hesabı təmin etməsi bir yana, ermənilərin açıq-aşkar vəhşi oyununa göz yumur. Hətta “stepanakertlilərdən” biri qonaqların oyunçusunu vurmaqdan da çəkinmir. Buna dözməyən gəncəlilər txaların cavabının verir. Futbolçular arasında meydanda başlayan dava tezliklə tribunalara keçir.

Qeyd edək ki, onda Stepanakertdə əsasən ermənilər yaşayırdı. Amma Ağdamdan, Şuşadan, Qarabağın azərbaycanlılar çox məskunlaşmış digər rayonlarından çox sayda həmyerlimiz “Kəpəz”ə dəstək vermək məqsədi ilə stadiona axın edibmiş. Dava düşəndə bizimkilər onlardan az deyilmiş. Hətta qanlı toqquşmada düşmənlərimiz daha çox xəsarət alıb. Dava edənlərin öhdəsindən şəhərin milisi gələ bilmirmiş. Ona görə yanğınsöndürənləri də iğtişaşı yatırmağa cəlb ediblərmiş.

DQMV’nin əsas arenasının cəzalandırıldığı, erməni “Qarabağ”ının növbəti ev oyunlarını Azərbaycanın başqa rayonlarında keçirdiyi haqda söylənilənlər isə yalandı.11 Ruslar ermənilərə gözün üstə qaşın da var deməyib. Təbii ki, bizimkilərə münasibət tam fərqli olub. Hətta “Kəpəz”in davada iştirak edən bir neçə oyunçusu izahat vermək üçün Moskvaya çağırılıb.

Əfsanəvi Gəncə tuneli

SSRİ Futbol Federasiyası rəsmilərinin və hüquq mühafizə orqanlarının xəbərdarlıq və təhdidlərinə baxmayaraq, gəncəlilər bu haqsızlığı cavabsız qoymayıb.

Cəmi iki ay sonra, avqustun 8-də Cavad xan torpağında baş tutan ikinci dövrənin qarşılaşmasında futbolçularımız həm meydanda, həm də ondan kənarda Qarabağ ermənilərinə əməlli başlı divan tutub – 6:2.

Oyun bir yana, əsas tamaşa final fitindən sonra başlayıb. Ermənilər Gəncə stadionunun paltardəyişmə otağına gedən əfsanəvi yeraltı tunelinin “ləzzətini” öz üzərilərində artıqlamasıyla hiss edib.

Sonradan Munis Abdullayev müsahibəsində xatırlayır ki, “Kəpəz”in futbolçuları ona sakitcə xəbərdarlıq ediblərmiş, tuneldə işıq keçən kimi yerə otursun və tərpənməsin. Qaranlıqda “stepanakertlilər” möhkəm döyülüb. Paltardəyişmə otağına çatanda hamısının üst-başı, sifətləri pis gündə olan ermənilər heç bir xəsarət almayan komanda yoldaşları Munisə tərs-tərs baxırmış.14

Ağdam “Qarabağ”ı da bax belə yarandı!

Maraqlıdı ki, bu iki komanda arasında son oyun olub. Futbol qarşılaşmasındakı ədavət azərbaycanlılar və ermənilər arasında nifaqı bir qədər də şiddətləndirib.15 Münaqişə daha da qızışıb. Növbəti mövsümdə ölüm-itimin qaçılmaz olacağını nəzərə alan SSRİ’nin futbol funksionerləri Stepanakert komandasını əsasən Qafqaz təmsilçilərinin yarışdığı 9-cu zonadan çıxararaq, Rusiya klublarının yer aldığl 1-ci zonaya salıb.12

20 fevral 1988-ci ildə Xankəndidə nümayişdən sənədli arxiv fotosu; kütlə və şüarlar görünür.
Xankəndi, 20 fevral 1988. Foto: Ruslan Sarkisyan / Wikimedia Commons (CC BY-SA 4.0). 7

Qeyd edək ki, sözügedən hadisələr Qarabağın Azərbaycan icmasının ermənilərin acığına öz komandasını yaratmasına gətirib çıxarıb. Bu indi Avropa səhnəsində milli qürurumuza çevrilən, Qarabağın əslində kimin torpağı olduğunu siyasətçilərdən yaxşı təsdiqləyən, rəsmən əsası 1987-ci ildə qoyulmuş Ağdam “Qarabağ”ıdı!13

İstinadlar

  1. 1987-ci ilin iki matçının oyun siyahısı ↗ Wildstat · 02.06.1987 / 08.08.1987
  2. 1987-ci il Xankəndi stadionundakı kütləvi dava ↗ IWPR · Karine Ohanyan · 23.07.2009
  3. Meydan qarşıdurması haqqında ermənicə xatirə ↗ Oragir.news · Karen Mirzoyan · 07.03.2025
  4. Erməni siyasi fəalının həmin matçı xatırlaması ↗ Russia–Armenia · Maksim Mirzoyan · 09.02.2018
  5. Munis Abdullayevin 1987-ci ilin heyəti barədə ifadələri ↗ Futbol+ · İlkin Sultanlı · 15.10.2023
  6. Elbrus Abbasov: Ağdam klubuna “Qarabağ” adının verilməsi ↗ Qol.az · 31.12.2019
  7. Xankəndi — 20.02.1988, foto və lisenziya ↗ Wikimedia Commons · Ruslan Sarkisyan · CC BY-SA 4.0
  8. Zori Balayanın “Ocaq” kitabının 1984-cü il nəşri ↗ 1981 nəşrinin kitabxana qeydi ↗ Bibliofan · 1984; Rusiya Dövlət Kitabxanası 1981-ci il əvvəlki nəşri də qeyd edir
  9. 1987-ci il SSRİ çempionatının IX zonası — yekun cədvəl ↗ RSSSF · “Kəpəz” 7-ci, Xankəndi “Qarabağ”ı 13-cü
  10. Munis Abdullayev: 1987-ci ildə komandada yeganə azərbaycanlı idim ↗ Aznews.az · 25.12.2023 · futbolçunun öz müsahibəsi
  11. Xankəndi stadionunda 1987-ci ilin sonrakı ev oyunları ↗ Modern.az · 24.12.2023 · sentyabr və oktyabr 1987 matçları
  12. 1988-ci ildə Stepanakert “Qarabağ”ının SSRİ II liqası I zonasında iştirakı ↗ RSSSF · Soviet Union 1988 · I zona, 11-ci yer
  13. Ağdam “Qarabağ”ının klub tarixi və 1987-ci ildə müasir adını alması ↗ Qarabağ FK · klubun rəsmi tarixi
  14. Munis Abdullayev — Xankəndi “Qarabağ”ı barədə video material ↗ YouTube · videoya keçid
  15. 1959-cu ildə Gəncədə “Tekstilşik”–“Şirak” matçı ətrafında milli gərginlik haqqında xatirə ↗ Noev Kovcheg · Aleksandr Qazaryan · avqust 2010 · 1987 hadisəsinə tarixi paralel

Elsevər PAŞAYEV

Fikirlərini bizimlə bölüş!