Azərbaycan futbolunun azarkeşləri iki maraqlı gün yaşadı. Əvvəlcə “Qarabağ”, ertəsi isə “Neftçi” rəqibdən daha güclü olduğuna şübhə yeri qoymayan hesabla qələbə qazandı və indi hər biri qatıldıqları turnirlərin qrupuna doğru irəliləyirlər. Təbii ki, ikisi də qrupa düşsəydi, futbolumuz adına böyük olaya şahidlik edərdik, ən azı qışa qədər avrokubok həyəcanı yaşayardıq. Öz aramızdı, həm də növbəti mövsümdə çempionluq mübarizəsini bərabər şərtlər altında aparardılar, biri o birisinin təqvimindən, oyun qrafikindən narazılıq etməzdi. “Ya nəsib, ya qismət” deyib, başqa məqamlara toxunmaq istəyirəm.
“Qarabağ”, demək olar ki, ilk mərhələdəki ssenarini təkrarladı və Dandolkdakı oyunun son 15 dəqiqəsinə görə ciddi narahatlıq keçirən futbol ictimaiyyətini parlaq qələbə ilə sevindirdi. Yenə səfər heç-heçəsini (düzdü, bu dəfə 0:0 ilə yox, 1:1-lə dönmüşdülər) ev qələbəsi müşayiət etdi. Hər şey yaxşı idi, bircə bu yersiz zədələr və Mahir Əmrəlinin saysız yanılmaları olmasaydı. İlk oyunun nəticəsi, Mahirin bəzi yersiz hərəkətləri, ya nəsə Qurban Qurbanova əməlli-başlı təsir göstərmişdi. Mən onu uzun fasilədən sonra belə həyəcanlı, hisslərini gizlətməyə çalışmayan, yetirmələrinin meydandakı səhvlərini az qala anındaca aradan qaldırmaq istəyən məşqçi-adam kimi gördüm. Fikir verdizsə, Mahirə səhvlərini anındaca göstərirdi. Epizodların birində “Dandolk”un oyunçularından biri az qala ona toxunacaqdı. Bu zaman “Qarabağ”ın ehtiyat oyunçular skamyasından kimsə qonaq futbolçuya çəmkirsə də, Qurban bəy dərhal yanındakının hərəkətinə emosional reaksiya göstərdi.
İş elə gətirib ki, “Qarabağ” 3-cü mərhələyə də səfərdə başlayacaq. Təbii ki, Cənubi Kipr türklərə dost ölkə deyil, APOEL isə gücünə görə “Partizani” və ya “Dandolk” ilə müqayisəyə gəlməz. Ən müxtəlif səbəblərdən “Qarabağ”ı ağır sınaq gözləyir. Bununla belə, Qurban bəyin komandasının bu mərhələni də adlamağa və ən azı Avropa Liqasının qrupundakı yerini təminat altına almağa gücü çatar. Bircə səfərdən sərfəli nəticə ilə dönsünlər, evdə “Tofiq Bəhramov”un möhtəşəm tribunalarının dəstəyi altında hər cür qəhrəmanlığa imza atmaq mümkündü. Yeri gəlmişkən, futbolsevərləri və həmkarlarımı “Dalğa”ya gediş-gəliş əziyyətindən qurtulmaq və “Bəhramov”a dönüş münasibəti ilə də təbrik etməyə dəyər. İnşallah, “Qarabağ” bu dönüşü gözəlləşdirəcək!
Və “Neftçi”… Gizlətməyə dəyməz ki, dünənki oyun səfərdəki ilə müqayisədə daha çətin keçdi. Allah eləməmiş, ruslar hesabı açsaydı, oyun istənilən məcraya düşə bilərdi. Sevindirici hal odu ki, bakılıların müdafiə xətti güclü rəqiblə oyunlarda qapını toxunulmaz saxladı, standart vəziyyətlər istisna olmaqla rəqibə fərqlənmək şansı vermədi. Raufun qolu iki oyunda çəkdiyi əziyyətin haqlı əvəzi idisə, sonda gələn iki qol rusları sarsıtmaq baxımından yerinə düşdü. Mən indi həvəslə Rusiya mediasının budəfəki məğlubiyyəti necə qarşılayacağını gözləyirəm. Bir daha biabırçı məğlubiyyətlərinin siyahısını tutmaq fikrinə düşsələr, yəqin ki, Bakıdakı 0:3-ü siyahının başına yazarlar. Çox sevindirici haldı ki, kollektiv idman növlərində Rusiya təmsilçisinə belə sarsıdıcı zərbə vura bildik. Bundan sonra püşkdə bizimkilərin bəxtinə düşəndə yəqin rəqibi öyrənməklə bağlı daha çox çalışarlar. İndi qoy ürəkləri istəyən qədər samovar çayı içsinlər, çayın yanına da pryanik qoysunlar. Amma Azərbaycan futbolunun ağ-qara “Neftçi” rəngini əbədi unutmasınlar.
Son iki günün bəxtinə daha bir 3:0 yazılmışdı. Bizi sevindirməyən 3:0. Ağlı başında olan, futboldan az-çox baş çıxaran istənilən adam “Qəbələ”nin Tiflisdə hansısa qəhrəmanlığa imza atacağına inanmırdı. Gözlənilən kimi də oldu: “Səbail”in ardından “Qəbələ” də ölkə reytinqinə heç nə əlavə etmədən Avroliqa ilə vidalaşdı. Hərçənd “dənizçilər” oyunu ilə ən azı rumınları təəccübləndirməyi bacardı. Fakt budu ki, “Səbail” və “Qəbələ” mübarizəni elə ilk mərhələdə dayandırıb. Azərbaycan futbolunun şərəfini qorumaq qoca “Neftçi” ilə qitə səhnəsində yaşından böyük uğurlar qazanan “Qarabağ”ın boynuna düşüb. İkisi də güclüdü, ikisi də həvəslidi, ikisi də Azərbaycanı avrokubokların qrupuna daşımaqda israrlıdı. Güman edirəm ki, əvvəlcə avropalılar, sonra da daxili yarışlarda özümüz bu iki komandanın rəqabərindən hələ çox ləzzət alacağıq. Hələlik isə əl-ələ, ancaq irəli!
HUŞƏNG
“Qarabağ” və “Neftçi”: əl-ələ, irəli!




Fikirlərini bizimlə bölüş!