Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Qarabağ”ın dərdi – Heç olmasa sevincinizə pul xərcləyin

14 yaşım vardı. Qarabağ uğrunda “döyüşlər” yenicə başlamışdı. Dağlıq Qarabağda ermənilərin kompakt yaşadığı ərazilərdə mitinqlər gedirdi. Bizimkilər də onlara adekvat olaraq meydanlara çıxmışdı. Rayonumuzla həmsərhəd olan Mardakert – indiki Ağdərə şəhərində keçirilən mitinqdə bizə qarğış edirdilər. Guya onların sosial problemlərini tərtərlilər yaradıb. Və hər iki tərəf postqurma “əməliyyatı”na da start vermişdi.

Uzun-uzadı yazıb, vaxtınızı almayım. Tərtərdə post növbəsində olan rəhmətlik atam evə başıalovlu gəldi. Həmin gecə postlara rayonun rəhbər şəxsləri də baş çəkmişdi. Anam atamdan niyə belə əsəbi olmağını soruşdu. Adı yadımdan çıxıb, o vaxt rayonun idarə rəhbərlərindən olan biri postda deyibmiş ki, hara nə olur, olsun, Mirbəşirə (o vaxt rayonumuz bu cür adlanırdı) heç nə olmasın. Bu söhbət atama çox pis təsir etmişdi.

Dağlıq Qarabağda yaşayan azərbaycanlıların müdafiəsi üçün əraziyə yerləşdirilmiş sovet ordusundan silah almaq üçün vəsait toplanırdı. Aqil Abbas pul toplamaq üçün az qala dilənirdi. Döymədiyi qapı qalmamışdı. Dəyəsən, yetərincə pul toplanmamışdı. Toplansaydı, Dağlıq Qarabağ ərazisindəki azərbaycanlı kəndləri sovet ordusu tərəfindən sürətlə boşaldılmazdı. Biz Qarabağımızı pula görə itirdik. Bu və ya digər formada.

Dünyada yeganə məcburi köçkün statusunda olan komanda “Qarabağ”dı. O “Qarabağ” ki, büdcəsi cəmi 11 milyon manatdı. İndi ortabab bir market sahibinin cibində həmin məbləğ var.

“Qarabağ” futbol azarkeşi olmayanı da sevindirir. Oyunuyla. Avropanın tanınmış klublarını məcburi köçkün kimi sığındığı Bakıya gətirir. Dəstək oluruq. Sözdə. Komandanın büdcəsi tək sponsorun maliyyəsiylə formalaşmır. UEFA-nın qoyduğu şərtlər ağırdı. Bunun cəriməsi var, qonaqların qarşılanması var. Məcburi köçkün komandamız hər oyun bilet satmağa məcburdu. Bu, həm də UEFA-nın tələbidi. Biz neynirik?

Oyundan iki-üç gün əvvəl klubun rəsmilərinə zəng zəngin dalınca gəlir, hamı pulsuz bilet axtarır. Pulsuz bilet axtaranlar isə adəti üzrə imkanlı adamlar olur. O adamlar ki, “hara nə olursa olsun, Mirbəşirə heç nə olmasın” məntiqiylə yaşayanlardı. Sevinmək istəyirlər. “Qarabağ”ın oyununa pulsuz bilet tapdıqları üçün. Bəlkə utanasız, cənab pulsuz bilet tapanlar. Heç olmasa, sevincinizə pul xərcləyin.

Mehman MURADLI

Fikirlərini bizimlə bölüş!