Millimiz Antalya toplanışını Qazaxıstan yığması ilə yoxlama görüşüylə başa vurdu. Robert Prosineçkinin yetirmələri buraxılan erkən qola cavab vermək üçün kifayət qədər vaxta sahib olsalar da, bunu bacarmadılar.
Millimizin start heyətinə nəzər saldıqda, bir neçə məqam diqqət çəkirdi. Əvvəla, Araz Abdullayevin mərkəz yarımmüdafiəçisi mövqeyinə çəkilməsi barədə. Rahid Əmirquliyevin toplanışda iştirak etməyəcəyi çoxdan məlum olduğu halda, cinah yarımmüdafiəçisinin mərkəzə çəkilməsinin adı nədi? Yəni, bu qədər rəzil gündəydik ki, mərkəz yarımmüdafiəçisi mövqeyinə futbolçu tapılmadı və Araz ortaya çəkildi? Coşqun Diniyevin haqqı yeyilmirmi?
Digər məqam hücumçuyla bağlıydı. Yoxlama görüşü namizədləri baxışdan keçirmək üçün əla platsdarmdı. Ancaq eksperimentin də yolu var da. Yarımmüdafiəçi Ağabala Ramazanovu “Sumqayıt”dan dartıb gətirirsən, yığmaya, komandanın əsas qol ümidi – Amil Yunanovu yoldaşlıq oyununa da çağırmırsan. Özü də bu, heç də Nurlan Novruzovla parallel aparmaq üçün şans deyil. Çünki Novruzovun səviyyəsiylə perspektivli Yunanovu müqayisə etmək belə, absurddu!
Yekunda nə baş verdi? Ağabalanın meydançada olduğu 45 dəqiqə ərzində varlığı ilə yoxluğu bilinmədi. Prosineçki də yenə vinger – Ruslan Qurbanovu hücuma atdı. Keçilmiş mərhələdi, deyilmi?
Vurulan qol futbolumuzun yerində saydığını bir daha nümayiş etdirdi: 25 ildi “2-ci mərtəbə” probleminə məlhəm tapılmır. “Rəşad Sadıqov qocalıb”, deyənlərə isə 2-ci hissədə qapımız qarşısında yaranan təhlükələrin sayını xatırlatmaq istərdik: top 2 dəfə qapı tirindən döndü, bir dəfə isə Kamran Ağayev səviyyəsini ortaya qoymaqla fərqin artmasına imkan vermədi. Bəli, Sadıqovda əvvəlki sürət yoxdu, amma indi bunu əvəz etməyə kifayət qədər təcrübəsi var. Rəşadı futboldan silməyə tələsməyin. Kapitan hələ də millimizə lazımdı!
Fasilədən sonra Prosineçkinin əvəzetmələri müəyyən mənada bəhrə verdi. Millimiz daha kəsərli hücumlar qurmağa başladı. Amma hücumçu olmayan yerdə kimə, nəyə ümid etməlisən? 90 dəqiqə ərzində cəmi bir 100 faizli qol imkanı yaradan komanda haqda “məqsədimiz Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdı”, demək hansı məntiqə sığır? Özü də rəqib…
Rəqib seçimi də düzgün aparılmamışdı. Qazaxıstanla oyunda millimiz açıq futbol oynamağı hədəfləməyə məhkum idi. Gəlin görək DÇ-nin seçmə qrup mərhələsində çoxmu rəqiblə açıq futbol oynaya biləcəyik? San-Marinodan başqa elə bir rəqib olacaqmı? Bu prizmadan yanaşdıqda aydın olur ki, yeganə məqsəd xətlərarası əlaqənin bərpası, habelə yeni nəfəsin yoxlanılması olub. Belədə də ortaya təbii sual çıxır: hanı həmin yeni nəfəs?
Biz Qazaxıstanı da uda bilmədik. İndi cavab verin: bəs, kiminlə oynayaq ki, qalib gələk? “Astana” Çempionlar Liqasının qrupuna çıxıb? Bizdən də “Qarabağ”la “Qəbələ” Avropa Liqasının qrupunda idilər. Qazaxıstanın əhalisi bizdən çoxdu? Onda Çin əbədi dünya çempionu olmalıdı. Hələ biz oyun praktikasından danışmırıq. Qardaşım, onların ölkə çempionatı yenicə start götürüb e! Bizimkilər isə formalarının zirvə nöqtəsindədi. Bu vəziyyətdə də orta asiyalılara qalib gələ bilmiriksə, gör bizim futbol nə gündədi?!
Sonda kapitan sarğısı məsələsinə də toxunmaq istəyərdik. Rəşad Sadıqov əvəzləndikdən sonra sarğı Bədavi Hüseynova keçdi. “Paçka-paçka” əcnəbini milliləşdirdiniz, indi də bu şərəfi də azərbaycanlıların əlindən almaq eşqinə düşmüsünüz, cənab AFFA məmurları? Oyun bitib, bu sətirlər qələmə alınarkən, yəqin ki, təyyarədəsiniz. Gözünüzü yumub, növbəti uydurma vədlər vermək planları cızırsınız. Ancaq imkanınız olanda, hansı millətə mənsub olduğunuzu xatırlayın. Hələ də ümid edirik ki, bunu xatırladıqda, azacıq da olsa, xəcalət çəkəcəksiniz! Nəbadə “vitse-kapitanı biz seçmirik, komandadaxili səsvermə nəticəsinə uyğun addım atılır”, deyəsiniz ha! Çünki AFFA-dakı Hesabat-Təyinat Konfransının qeyri-legitim keçirən qurumun kapitanlıq məsələsinə müdaxilə etməməsi mümkünsüzdü. Yaxanızı kənara çəkə bilməzsiz. Heç olmasa, AFFA-nın rəsmi saytı vasitəsi ilə azərbaycanlılara qarşı etdiyiniz bu hərəkətə görə üzr istəyin və bir daha təkrarlanmayacağına söz verin.




Fikirlərini bizimlə bölüş!