Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qıvlasızlar, bə niyə?

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan kubokunun final qarşılaşmasına gələ bilməyib. PFL prezidenti Ramin Musayev deyib ki, Rövnəq Abdullayev fitri istedad, ağlasığmaz işgüzarlıq, qeyri-adi peşəkarlıq sahibi olduğu üçün əvəzedilməz kadrdı Azərbaycan üçün. Həmin gün «bapbalaca boyu, adam dolusu toyu» olan bu işgüzar adam Azərbaycanın inkişafı, millətin rifahı naminə çox ciddi görüşlər keçirdiyindən, müqavilələr imzaladığından, Azərbaycan kubokunun finalına özünü çatdıra bilməyib.
Rövnəq Abdullayev həqiqətən də əvəzsiz kadrdı. Onun dədəlik, yox, çaşdım, atalıq (dədəlik qayğısı Sadıq Sadıqova məxsusdu) və qardaşlıq qayğısı olmasaydı, Azərbaycan stadionlarında futbol oynamaq əvəzinə it boğuşdurar, xoruz döyüşdürərdilər.
Rövnəq Abdullayevin atalıq və qardaşlıq qayğısı olmasaydı, Azərbaycan xalqı Ramin Musayev kimi futbol məmurunu, Sadıq Sadıqov kimi klub prezidentini hardan tapacaqdı? Heç hardan. Tapmayanda da Azərbaycan çempionatı inkişaf sürətinə görə Rusiya, Türkiyə çempionatlarını necə tozanaqda qoyacaqdı? Rövnəq Abdullayev olmasaydı, “Neftçi” üç il dalbadal necə çempion olacaq, iki il sərasər Azərbaycan kubokunu nə təhər qazanacaqdı? Bəs Avroliqanın qrup mərhələsinə necə düşəcəkdi? Araz Abdullayev, Elşən Abdullayev, Samir Məsimov, Elvin Yunuszadə kimi futbolçuların yetişməsini özüm qəsdən demirəm. Qoy, bunu Tahir Süleymanov desin.
Rövnəq Abdullayevin başı xalqın rifahını, həyat şəraitini yaxşılaşdırmağa o qədər qarışıb ki, Azərbaycan kubokunun final oyununa gələ bilməyib. Bəs xalq bunun cavabını necə verib? Heç necə. Xalq nankordu də. Xalqın nankor olduğunu da “Neftçi”nin mətbuat xidmətinin rəhbəri, dostumuz Gündüz Abbaszadə deyib. Bu nankor xalq Azərbaycan kubokunun finalında “Neftçi”ni dəstəksiz qoyub. “Neftçi” rəhbərliyi istəsəymiş, onları məcburi şəkildə stadiona gətirərmiş. Amma bundan vaz keçiblər. Qayğıkeş, humanistdilər axı. Başqa klublara baxmayın, zor tətbiq etmək onların düşüncə tərzinə, həyat fəlsəfəsinə ziddi. Eləcə deyiblər ki, «Rövnəq Abdullayevin qayğısı burnunuzdan gəlsin, adam gecə-gündüz sizin üçün çalışır, siz isə stadiona da gəlmirsiz».
Dostumuz Gündüz Abbaszadə deyir ki, Bakıda xalq üçün həddindən artıq əyləncə yerləri təşkil olunduğundan, Avropa standartlarından beş dəfə artıq məvacib alan azərbaycanlılar stadiona gəlmək əvəzinə, barlara üz tutublar. Biz belə millətik də. Pul gördük qudururuq. Ayə, adam da quduranda bara gedər? Rövnəq müəllimin zəhməti haram olsun sizə. Adam quduranda maşınla adam basar, amma yenə də stadiona gələr.
Azərbaycanlılarda «çörəyimin duzu yoxdu», «çörəyi dizinin üstündə olan adam» məsəlləri var. Rövnəq Abdullayevin çörəyinin duzunun olub-olmadığını deyə bilmərik, çünki dadmamışq. Ancaq onu deyə bilərəm ki, azərbaycanlıların çörəyi həqiqətən də dizinin üstündədi. Rövnəq müəllim bunlara çörək verir. Onlar isə “Neftçi”yə arxa çevirirlər. Rövnəq Abdullayev bunlara çörək verir, onlar Ramin Musayevi bəyənmirlər, Sadıq Sadıqovu sevmirlər, Tahir Süleymanova nifrət edirlər.
Ayə, qıvlasızlar, bə niyə? Rəşad Müseyibzadə demişkən, ə, qudurmusuz, lotular?

Fikirlərini bizimlə bölüş!