Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qulaməlinin kor gözü və «Qəbələ»

…Məsmə arvad ərinin səbr kasasının daşmasına az qalmış – 15 illik həsrətdən sonra uşaq doğdu. İndi bu həmin Məsmənin evində hər gün toy-bayramdı. Artıq Məsmə arvadın evindən «köpək qızı, doğmursan cəhənnəmə doğ, heç olmasa yeməyi fərri-başdı bişir» sözləri eşidilmir, çağa səsi eşidilir.

…Həkimlər meşədə odun qırarkən lənətə gəlmiş çöpə tuş gəlməklə bir gözündən olan Qulaməlinin gözünü yeddi illik fasilədən sonra açmağa nail oldular. Bundan sonra həyata iki gözlə baxan Qulaməli hər il təkgözlülükdən qurtulduğu gündə nəzir qutusunun yanında quyruğu yerə dəyən toğlu bağlayır, əhdinə əməl edir.

…Mamedin ali məktəbə girmək üçün beş dəfə imtahan verib, beşindən də üzüqara qayıdan qızı Püstəxanım nəhayət, altıncı cəhddə özəl universitetlərdən birinə qəbul olundu. İndi Püstəxanımın valideynləri qızlarının universiteti bitirməsini gözləyirlər ki, tezliklə onu yaxın qohumlardan birinin oğluna ərə versinlər, diplomunu da cehizin üstünə qoysunlar.
.
..Əhədullanın oğlu Əsədulla 24 yaşında sünnət olundu. Bütün qonum-qonşu yığışdı, Əsədullanı «kişi» olması münasibətiylə təbrik etdi. Əsədullanın özü də sevincdən yerə-göyə sığmırdı. «Kişi» olandan sonra atasının sözünün üstündə durub onu evləndirəcəyinə əmin idi.
.
..Hər dəfə namaz qılanda, ibadətinin sonunda onu Həcc ziyarətinə aparmadığı üçün ərinə Allahdan bəla diləyən, qarğış edən Tükəzban səkkiz ildən sonra öz müqəddəs arzusuna çatdı. Əri alver elədiyi Sədərək bazarındakı «toçka»sına qohumunu qoyub, özü arvadını Həccə apardı. İndi Tükəzban qonşu arvadlardan ona müraciət edərkən Hacıxanım sözünü eşidəndə bir forslanır, bir forslanır ki, gəl görəsən.

…Ailə-məişət zəminində yaşanan bu xoş hadisələrlə yanaşı, Azərbaycan futbolunda da bir çox ilklər oldu. Məsələn, 2253839303848 gündən sonra Naxçıvanda futbol komandası yaradıldı. Adı «Araz» olan bu komanda Azərbaycan futbolunun içinə su kimi axdı. «Araz»ın «su»yu bulandırıb-bulandırmayacağı isə zaman məsələsidi.

…Azərbaycanın futbol üzrə milli komandası 373788399300303 gündən sonra çıxış etdiyi seçmə tsikldə doqquz xal topladı. Ölkənin futbol təsərrüfatına yiyəlik edənlər bu uğurdan vəcdə gəldilər, toy-bayram etdilər, fişənglər atıldı, qoyunlar, qoçlar kəsildi. Azərbaycanın futbol üzrə milli komandasının 373788399300303 gündən sonra seçmə tsikldə doqquz xal toplaması münasibətiylə AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı ilə Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi fəxri adına layiq görüldü («heç dəxli var» deyə sual etməyin, yəqin dəxli var).

…1095 gün, 5235353354995959478338 saatdan sonra nəhayət, Azərbaycan çempionatında «Neftçi»nin çempion olmayacağı xəbəri yayıldı. Xalq küçələrə axışdı, bu şad xəbəri əllərində «Qarabağ»ın bayraqları ilə, tonqallar qalamaqla qeyd eləməyə başladılar, «Neftçi»nin prezidenti Sadıq Sadıqovun otağının qapısını yumurta atəşinə tutdular.

…Bütün bu hadisələr baş verən vaxtı dünya da öz axarından qalmadı, milyonlarla insanlar doğuldu, milyonlarla insanlar dünyasını dəyişdi. Yer kürəsi öz oxu ətrafında milyardlarla dəfə dövrə vurdu. Həyat davam etdi, tənəzzülə uğrayanlar oldu, inkişaf edənlər oldu.

…Amma bircə «Qəbələ» adlı komanda… Məsmə arvad 15 ildən sonra doğdu, Qulaməlinin kor gözü yeddi ildən sonra açıldı, Püstəxanım altıncı cəhddə ali məktəbə girdi, Əsədulla 24 yaşında da olsa sünnət olundu, Tükəzban səkkiz ildən sonra arzusuna çatıb Hacıxanım oldu, ancaq «Qəbələ» klub ola bilmədi ki, bilmədi…

“Komanda”

Fikirlərini bizimlə bölüş!