Robert Prosineçki ilə anlaşmaya son qoyulan gündən bəri futbol ictimaiyyətini məşğul edən, bu ölkədə gözətçidən prezidentə qədər hər kəsin maraq dairəsində olan məsələyə nöqtə qoyuldu: Qurban Qurbanov yığmanın “sükanı arxasına” keçdi. Etiket qaydalarına uyğun olaraq yeni baş məşqçiyə uğur arzulayır, xeyirli-uğurlu olsun deyirəm!
Qurban bəyin çox ağır yükün altına girməsini istəməyənlərin yeganə dəlili budu ki, bəs, “Qarabağ” zəifləyə bilər, Avropanı heyrətləndirən komanda göz önündə batar. Anlayışla qarşılayır, amma heç bir halda qəbul etmirəm. Hər bir fərd – traktorçu, bağban, müəllim kimi, məşqçi də karyera pillələrində irəliləməyə, inkişafa, mükəmməlliyə can atır. Yığma klubla müqayisədə bir pillə yüksəkdə dayanırsa, hər ölkədə futbol piramidasının zirvəsi sayılırsa, nədən adama həmin zirvədə dayanıb özünü göstərmək imkanı verilməsin?! Qurbanovu yeni səviyyədə, yeni uğurların memarı kimi görmək istəyirikmi? Əminəm ki, hər biriniz ayrılıqda və hətta xorla “hə” deyəcəksiz? Yaxşı, onda bu yersiz canıyananlığın, Qurban bəyi qorumaq cəhdinin səbəbi nədi?
Bir başqa məqam üzərində gəzişək. Nədənsə adamlara elə gəlir ki, Qurban bəyin 18-19 yaşı var, ya da yığmanı çalışdırmaq erməninin atəş nötqəsi altında səngərdə dayanmaq dərəcəsində böyük riskdi. Gəlin, özümüzü və milləti aldatmayaq. O artıq sözün bütün mənalarında yetkin insandı. Yığma məşqçisi olmağın boynuna hansı məsuluyyət qoyacağını hər kəsdən yaxşı anlayır. Hətta bunu da gizlətmirəm ki, konkret yığma mövzusundan söz düşəndə gözləri gülür, fərəhdən dolub-daşır. Şəxsən mən bunu ötən ilin sentyabrında – “Qarabağ”ın Avroliqa çərçivəsində PAOK və “Slovan” ilə səfərdə keçirəcəyi oyunlara Media Komitəsinin xətti ilə jurnalistlərin aparılmasını razılaşdırmaq üçün görüşəndə müşahidə etmişdim. Təyinatın gerçəkləşdiyi iclasdan qayıdan işçilərimiz Qurban bəyin sevinc içində olduğunu deyəndə zənnimdə yanılmadığımı bir daha anladım.
Qurbanov “Qarabağ” adlı fenomenin şəksiz memarı, yaradıcısıdı. Əlbəttə, lokal uğursuzluqlara səbirlə yanaşan, məşqçidən etimadını əsirgəməyən klub rəhbərliyinin xidməti öz yerində, amma məhz Qurban bəy “tarixi şəxsiyyətlər yazır” tezisinə tam uyğun gələn xarizmatik fiqurdu. Özü də qanı-canı, varlığı ilə müstəqil ölkənin yetişdirməsi, məhsulu olan fiqur. O Azərbaycanda bombardir idi, amma kifayətlənmədi, özünü göstərmək üçün Stavropola getdi, orda qoldan doymadı, “Fakel”i elitaya yüksəltmək üçün Valeri Nenenkonun yanına getdi, 2003-ün fevralında – bir çox klublar qəsdən futbolçusunu yığmaya buraxmayanda səfərdə Serbiya və Çernoqoriyanın qapısına iki qol vurmaqla vətənə qəhrəman kimi döndü, “Qarabağ”ın “sükanı arxasına” keçəndən sonra Azərbaycan klublarının avrokuboklarda iştirakı ilə bağlı acı statistikanı, hər kəsi bezdirən stereotipləri alt-üst etdi, azərbaycanlıların futbol oynaya bilmədiyinə dair mifi dağıtdı. Və heç bir vaxt da öz təbii, inadkar, hədəfinə doğru inamla addımlayan kənd uşağı obrazından çıxmadı, daim təvazökarlığını qorudu, “mən” deməli olduğu anlarda da “biz” dedi, hisslərini gizlətmək mümkünsüz olanda göz yaşını saxlamadı, dünyanın dörd bir yanında yaşayan azərbaycanlıları uğurları ilə küçələrə tökdü. Sabah isə o, məzuniyyət və toplanış üçün başqa ölkələrə qaçmayacaq, bizlərdən biri kimi komandası ilə birgə yanımızda olacaq, əminəm ki, heyət seçimində də istisnasız ədalət hissini qoruyacaq.
Təbii ki, Qurban bəy yeni postda uğursuzluqlarla üzləşə, amansız tənqidə də məruz qala bilər. Amma heç bir uğursuzluq onu sındırmamalı, yolundan döndərməməlidi. İstənilən halda yığmanın istər oyun, istərsə nəticə baxımından indikindən daha yaxşı görünəcəyinə inanmalı və Qurbanovu dəstəkləməliyik. Bəli, hədsiz eyforiyaya qapılmağa da dəyməz. Hətta deyərdim ki, yeni baş məşqçinin yaxınlarda AFFA-nın İcraiyyə Komitəsindən uzaqlaşması, uzaq perspektiv üçün isə “Qarabağ”da özünə varis hazırlaması da yaxşı olardı. Amma bunlar sabahın suallarıdı. Bu günün qəhrəmanı, çoxdan xalqın gözündən düşən komandanı xalqa qaytara biləsi birinci adam məhz odu – Qurban Qurbanov! Qəzan mübarək!
Mahir RÜSTƏMLİ
Qurban: qəhrəman, yoxsa qurban?




Fikirlərini bizimlə bölüş!