Dekabrın 10-da "Qarabağ" cari mövsümdəki ən vacib oyununa çıxacaq. Düz bir il öncəki vəziyyət yaranıb. 2014-ün dekabrında "İnter" üzərindəki mümkün qələbə üçün dua edirdiksə, bu dəfə Belçikada qazanılabaq 3 xal üçün əllərimizi göyə açacağıq. Amma hər bir iş Allaha yalvarmaqla həll olunsaydı, nə vardı?
Bunun üçün əsas yük baş məşqçi Qurban Qurbanovla meydanda top dalınca qaçacaq futbolçuların üzərinə düşəcək. "Köhlən atlar" növbəti mərhələyə adlamağın sevincini yaşamaq istəyirsə, 90 dəqiqənin tamamında "Konstant Vanden Stok"u qələbə ilə susdurmağı bacarmalıdı. Eyni zamanda "Tottenhem"in "Monako"ya uduzmamasını arzulamalıyıq…
Düzdü, çətin səfərdi və Brüsseldə meydana çıxan komandalar heç da asan anlar yaşamayıb. "Qarabağ" sevinən tərəf olmaq istəyirsə, müəyyən detallar var ki, onlara diqqət yetirməli, planını bunlara uyğun qurmalıdı. Yazının keyfiyyətli alınması üçün 3 saatdan artıq vaxt sərf etdim ki, harda başlayıb harda bitirdiyimi özüm də bilmədim.
"Anderlext" evdə uduzmayıb
Cari mövsümdə ölkə çempionatı, ölkə kuboku və Avroliqanın qrup mərhələsində 23 oyun keçirən (16-sı çempionat, 2-si ölkə kuboku, 5-i Avroliqa) "bənövşəyi-ağlar" 12 rəqibini "Konstant Vanden Stok"da qəbul edib. 28063 tamaşaçı tutumu olan, lakin Avroliqada maksimum 21845 azarkeşi qəbul etməsinə icazə verilən stadionu meydan sahibləri üçün uğurlu saya bilərik. Paytaxt təmsilçisi avqustdan bu yana doğma azarkeşləri önündə keçirdiyi oyunların heç birində məğlub olmayıb. 8 dəfə qələbə qazanan Hasinin yetirmələri 4 dəfə heç-heçə edib. Rəqib qapısın-dan 21 top keçirdikləri halda, öz qapılarında 10 qol görüblər. Hətta "Tottenhem" və "Monako" kimi nəhənglər belə Brüsseldə qələbəni bayram edə bilməyib. Fransızlarla heç-heçə (1:1) qey-də alındığı halda, hotspurlular "Anderlext"ə məğlub olub – 1:2. Odu ki, təmsilçimiz rəqibin "Konstant Vanden Stok"dakı yenilgisizlik seriyasına "dur" deməlidi.
"60"dan sonra buraxır…
Statistikadan danışmalı olsaq, müəyyən maraqlı rəqəmlərlə rastlaşdım. Fikrimcə, Qurban Qurbanova lazım olacaq məlumatdı. Başlayaq ondan ki, "Anderlext" evdəki 12 oyunun yalnız 4-də qapısının toxunulmazlığını qoruya bilib. Qalan 8 qarşılaşmanın hər birində meydan sahibləri mərkəzə dəvət olunub. Buraxılan 10 qolun dəqiqələr üzrə bölgüsü də diqqətçəkəndi. "Bənövşəyi-ağlar" 1-30-cu dəqiqələr aralığında 2 dəfə mərkəzə dəvət olunub. 30-dan 60-cı dəqiqəyə qədər olan vaxt aralığında da qapısında eyni sayda top görüb. "Anderlext" üçün əsl həngamə son yarım saatda baş verir. 10 qoldan 6-sı məhz 60-90-cı dəqiqələr aralığında buraxılıb. Xüsusən son 15 dəqiqədə tablodakı rəqəmlər rəqiblərin xeyrinə dəyişir. Odu ki, hesabın necəliyindən asılı olmayaraq, "Qarabağ" hücumlarına son saniyələrə qədər ara verməməlidi.
…həm də vururlar
Brüssellilər qol buraxmaqla yanaşı, rəqib qapısının torunu silkələməyi bacarır. Cari mövsümdə "Anderlext"in evdə vurduğu 21 qolun dəqiqələr üzrə bölgüsü də maraqlıdı. Matçın əvvəlində fərqlənmək brüssellilər üçün çətin deyil. Onlar xüsusən önəmli qarşılaşmalarda azarkeşləri vaxtından əvvəl sevindirməyi bacarır. "Monako" ilə Belçikadakı matçda Jilye 11-ci dəqiqədə fərqlənməyi bacarmışdısa, eyni futbolçu "Tottenhem"in qapıçısını 13-cü dəqiqədə məyus etmişdi. "Brügge" və "Gent" kimi prisipial rəqiblərlə oyunlarda isə hesab 12-ci dəqiqədə açılmışdı. Ümumilikdə "Anderlext" 1-30-cu dəqiqələr aralığında 5 dəfə fərqlənməyi bacarıb. 9 qol isə növbəti yarım saata təsadüf edib. Və ən maraqlısı onlardan 4-nün fasilədən dərhal sonrakı 10 dəqiqə ərzində vurulmasıdı. Qalan 7 qol isə rəqib qapılarından son 30 dəqiqədə keçirilib. Onlardan 4-ü uzatma dəqiqələrinə təsadüf edir. Bu isə o deməkdi ki, "Anderlext" matçın sonlarına yaxın qapısında qol görməyə alışdığı kimi, vəziyyəti xeyrinə dəyişməyi də bacarır.
Okaka heç, Jilyeyə diqqət!
Belçika çempionatında 16 oyuna 32 xal toplayan paytaxt təmsilçisi 4-cü pillədə qərarlaşıb. Rəqib qapılarından 27 top keçirdiyi halda, 13 dəfə mərkəzə dəvət olunub. Okakanın hesabında 7 qol varsa, digər qaradərili Silla 5 dəfə fərqlənib. Daxili birincilikdə 12 qol vuran cütlük ölkə kuboku ilə Avroliqada cəmi 1 dəfə sevinc hissi yaşayıb. Okaka 75-ci dəqiqədə "Tottenhem"in qapısına vurulan qələbə topunun müəllifidi. Əvəzində Jilye qolçuluq qabiliyyətini nümayiş etdirir. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən sabiq milli üzvü hər iki görüşdə "Monako"nu məyus edib. Daha bir dəfə "Tottenhem"in qapıçısını cəzalandırıb. Ucaboy belçikalı xüsusən standart vəziyyətlərdə əsl təhlükə mənbəyinə çevrilir.
"Üçlük" "at oynadır"
"Anderlext" bir futbolçudan ibarət deyil. Və qazanılan uğurlarda digər komanda üzvlərinin də danılmaz əməyi var. Hazırda Hasinin çalışdırdığı komandanın ən təhlükəli fiquru Yuri Tilemansdı. Bakıdakı görüşdə yalnız 72-ci dəqiqədən etibarən meydanda olan 18 yaşlı vinger rəqiblər üçün qarşısıalınmazdı. Asmalarına söz ola bilməz. Sürətli cinah keçidindən sonra topu ünvana çatdırmağı bacarır. Topla davranışı göz oxşayır. Əzmkardı, sona qədər mübarizə aparır. Cərimə meydançasının kənarında qarşısında boşluq yaranmasın. Yarandısa, vay rəqib qapıçının halına. Eyni sözləri Praet və Defur haqda söyləmək mümkündü. Belə deyim, komandanın "düşünən beyni" bu üç nəfərdi. Okakanın, yaxud Sillanın qol vurmasının qarşısını al-maq istəyiriksə, "üçlük" zərərsizləşdirilməlidi. "Duran toplar" zamanı Jilye ilə Deşaxtı unutmaq olmaz.
Qolu belə vururlar
Belçika nəhənginin qol vurmaq üslubu primitivdi. Top ayaqlarına düşdüsə, dərhal cinaha meyillənirlər. Fərqi yoxdu, sağ, ya sol – Tilemansla Defur hardadısa, ora. Cərimə meydançasına daxil olmaq imkanı varsa, şığıyıb ya yaxın küncə, ya da penalti nöqtəsi istiqamətinə yerlə sürətli ötürmə edilir. Yaxın küncə həmişə hücumçu qaçır, "nöqtə"yə atılan topa isə bir çox hallarda Praet zərbə endirir. Bununla yanaşı, asmalardan da çox istifadə olunur. Əks-hücumlar zamanı Okakanın rəqib müdafiəçilərin əhatəsində itib-batdığını görən komanda yoldaşı hücumçu üçün asma edir. Künc zərbələrində istifadə etdikləri "ev tapşırıqları" da sirr deyil. Top əksər hallarda birbaşa uzaq küncə ünvanlanır və ordakı ucaboylardan biri qapı önünə ötürmə edir. Ya da top künc nöqtəsindən birbaşa cərimə meydançasının yarımdairəsinə göndərilir, ordan da birbaşa qapıya zərbə endirilir.
Bu cür də buraxırlar
Rəqib komandalar "Anderlext"in qapısına adi vəziyyətlərdə yol tapır. Yəni bu komandaya qol vurmaq üçün xüsusi ustalıq və ya aylarla işlənmiş "ev tapşırığı" lazım deyil. Sol cinah zəif nöqtələridi. Yarımmüdafiənin mərkəzindən bu cinaha göndərilən ötürmələr sürətli vingerə çatdısa, qorxusu yoxdu. Müdafiənin mərkəzində boşluqlar nəzərə çarpır. Xüsusən həlledici an-larda mərkəzdəki "ikilik" bir-birinə güvənib səhvlərə yol verir. Maraqlıdı ki, ucaboy olmalarına baxmayaraq, "ikinci mərtəbədə" o qədər də effektli təsir bağışlamırlar. Dayaq yarımmüdafiəçilər rəqib futbolçulara cərimə meydançasının həndəvərindən zərbə endirmək imkanı verir ki, əksər hallarda Proto komandasının köməyinə yetişir.
Start "11-liy"i bəllidi
"Anderlext"in noyabrdan bu yana keçirdiyi 5 oyunun start "11-liy"inə nəzər saldıqda alban mütəxəssisin "Qarabağ"a qarşı oyunda ilk dəqiqələrdən şans verəcəyi futbolçuların adını təx-min etmək çətin deyil. "Çərçivə"nin Protonun qoruyacağı birmənalıdı. Müdafiənin solunda N'Sakala, sağında Jilye oynayacaqsa, mərkəz Deşaxtla Mboca həvalə olunacaq. Dayaq yarımmü-dafiəçiləri Defurla Dendonkerdi. Yarımmüdafiənin cinahlarında Tilemansla Praetin qərarlaşmaq ehtimalı daha yüksəkdi. Hasi ilk dəqiqələrdən iki hücumçuyla oynamaq qərarına gəlsə, meydanda Okakayla Naxarı görə bilərik. Çünki əsas hücumçularından Açimponq zədəlidi və çox güman, "Qarabağ"a qarşı oynamayacaq.




Fikirlərini bizimlə bölüş!