Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qurbanovlu milli naminə…

Kosovo, Farer adaları, Malta… Yığmamızın Millət Liqasında qarşılaşacağı rəqiblərdi. Bilirəm, gülməli vəziyyətə düşmüşük. İllərdi xərclənən milyonların fonunda bu gün bu rəqiblərlə oyunlardan qalib ayrılıb, qrup birincisi olmaq üçün dua etməməliyik. Yaradılan şəraitin, ayrılan vəsaitin qarşılığı başqa cür olmalıydı. Elə Lozannada püşk atılan gün sosial şəbəkələrdə aparılan müzakirələr də “cırtdan” ölkələrin milliləriylə eyni qrupda yer almağımızla bağlı idi.
UEFA ilə FİFA-nın 2016-da tanıdığı Kosovo, hər imkanda qapazaltı etdiyimiz Malta, əhalisinin sayı cəmi 50 min olan Farer adaları klubları dünyaya səs salan Azərbaycanla oyunlardan qorxmalıdı. Bizimkilərlə eyni qrupa düşdüklərinə görə püşkü lənətləməlidilər. Amma bu günün reallığı başqadı. “Qarabağ”, “Qəbələ” və “Neftçi”nin avrokuboklardakı uğurlarından fərqli, nə əsas, nə də aşağı yaş qruplarından ibarət yığmalarımız sözünü deməyi bacarıb. Hər seçmə mərhələdə 1-2 sürpriz nəticə, vəssalam. Məsələn, sonuncu tsikldə Norveç üzərində qələbəylə Çexiya ilə səfər heç-heçəsi ümid yaratsa da, hadisələrin sonrakı axarı millinin əsl yerini göstərdi. Bəli, bu gün Azərbaycan yığması Avropada ciddi qəbul olunmur.
Səbəblər çoxdu. AFFA rəhbərliyinin yanlış siyasəti, pulların lazımsız yerlərə xərclənməsi, ölkə futboluna cavabdehlik daşıyanların bu oyun növündə naşı olması, kütləvi “milliləşdirmə”, əcnəbi məşqçilərə hədsiz sevgi – 10 ildi görməkdə olduğumuz bu və digər faktlar yığmaları uçuruma aparıb. AFFA-da əsas söz sahiblərinin ilk növbədə cibini düşünməsi vəziyyəti bu həddə gətirib çıxarıb. Berti Foqts, Robert Prosineçki, Bernard Lippert, Oliver Pilzer, Nikolay Adam kimi ciddi iş görməyən əcnəbilərə verilən pullar məqsədyönlü işlərə xərclənsəydi, bu gün “ölülər”in qrupunda yer almaq əvəzinə, AÇ-nin final mərhələsinə seçmə mərhələdən yollanmağın planlarını cızardıq.
Nankorcasına yedilər, taladılar, çapdılar, ciblərini doldurdular. Ölkə büdcəsindən ayrılan vəsaiti özləri və yaxınlarının firavan yaşayışına xərclədilər. Gizlətməyəcəm, son illər baş redaktor əsas yığmanın oyunlarını işıqlandırmaq üçün stadiona getmək tapşırığını verəndə, başıma elə bil qaynar su tökülürdü. Aşağı yaşlıları isə, ümumiyyətlə, izləmirdim. Mən əsəb keçirəcəm, xəstəlik tapacam, hirsimi yaxınlarıma, dostlarıma tökəcəm, AFFA-nın başında oturanların heç vecinə də olmayacaq. Futbolun bu günü ölkə rəhbərliyinin etibar etdiklərinin vecinə deyilsə, mənim dünəndən vecimə deyil. Odu ki, sizi yaxşı başa düşürəm. Tənqidləriniz, iradlarınız, atmacalarınız – hər birində haqlısız.
Amma bu yığmanın başında artıq Qurban Qurbanov dayanıb. Hər bir azərbaycanlının qürur duyduğu, xarakteri və danışığı ilə nümunə olmağı bacaran, futbol savadına heç kimin şübhə etmədiyi, “Qarabağ”ı dünyaya tanıdan Qurbanov. Yəni bundan sonra Fotqslu, ya da Prosineçkili yox, qanı qanımızdan, canı canımızdan olan Qurban Qurbanovlu yığma izləyəcəyik. Şübhəsiz, son illərdə baş verən proseslərdən o da xəbərdardı. Kimin hansı işlərlə məşğul olduğunu eşidib-bilməmiş olmaz. Çirkin niyyətliləri tədricən uzaqlaşdıracaq, zamanla öz siyasətini yürüdüb əsas söz sahibinə çevriləcək. Yığmanın timsalında ikinci “Qarabağ”ı görəcəyimiz gün də uzaqda deyil. Qurbanovu yaxından tanıyan biri kimi millidə böyük işlər görəcəyinə əminəm. Əcnəbi həmkarları kimi 3-5 il vaxt istəməyəcək. Uzağı bir ilə çəkdiyi əziyyətin bəhrəsi görünəcək.
Deməyim odu ki, illərdi AFFA-dakı qaqaşların qazanc mənbəyinə çevrilən yığmanı özümüzkiləşdirməyin vaxtıdı. Artıq o qaqaşlar da çörəkdən uzaq düşəcəklərini yaxşı bilirlər. Zamanla ya yola salınacaqlar, ya da özləri yavaş-yavaş gedəcəklər. Keçmişdə olanlar bitdi. Unudaq, yaddaşlardan silək. Onsuz da hər dəfə xatırlamaqla heç nə qayıtmayacaq.
Yığma artıq Qurban Qurbanov erasına qədəm qoyub. Rəqiblərin “cırtdan” olmasını lağ obyektinə çevirmək əvəzinə, millini AÇ-nin final mərhələsinə səsləməliyik. Zorla, ironiya, lağ-lağı ilə yox. Dostcasına. Birləşməli, yumruq olmalıyıq. Sentyabrın 7-də Kosovoyla oyun BOS-da keçirilsə belə, bir nömrəli arenanı doldurmalıyıq ki, Foqtsa, Prosineçkiyə və onlara havadarlıq edənlərə gözdağı olsun. Başa düşsünlər ki, xalqın yığmada görmək istədiyi adam məhz elə Qurbanov idi. Baş məşqçi ilə yetirmələri də bizim onlara olan sevgimizdən ilhamlanıb üzümüzü qələbələrlə güldürsün. “Qarabağ”ın oyunlarında bir olduğumuz kimi olaq. O həyəcan, o fəxr, o sevinc göz yaşları. Bir sözlə, AFFA-dakıları unudub, Qurbanov üçün birləşək.

Fikirlərini bizimlə bölüş!