Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Qurdlar”ın CBC sürfəsi

İndi guya siz nə gözləyirdiz ki? Gözləyirdiz ki, AFFA çempionatın yayım hüququnu satmaq üçün tender elan edəndən sonra saçyoldu başlayacaq? Başa düşürəm ey, PFL-in prezidenti Ramin Musayev xəyalpərəst ola bilər. Və xəyal edə bilər ki, onun keçirdiyi çempionat Dəmbəlovdan ucadı. Amma telekanallar ağılsız deyil axı. Bizm telekanallar “moşennik” xarakterinə sahibdilər. “Moşenniklər” isə çox ağıllı olurlar. Onlar pul olmayan yerə əl uzatmazlar. Azərbaycan çempionatının yayım hüququna sahib olmaq üçün pul ödəyəcək telekanal şalvarsız qalar. Bunu ki, hamı bilir.

Siz Allah, “telekanallar Azərbaycan çempionatına maraq göstərmir” ittiham aktını da qatlayın, qoyun bir tərəfə. Guya əhli-Azərbaycan alışıb-yanırdı çempionatın oyunlarına baxmaqdan ötrü. Bu çempionatın oyunlarına baxmaq üçün bir manat verməyimizə heyfimiz gəlir. Niyə? Çünki hamımız çempionatın dəyərinin manata layiq olmadığını dərk edirik axı. İndi düzünü deyin, telekanal rəhbəri olsaydız, manatlıq dəyəri olmayan çempionatın yayım hüququnu almaq üçün bir milyon ödəyərdiz? Görürsən, onda susursuz! Amma telekanalları da ittiham edirsiz.

Azərbaycan çempionatını matah etmək üçün əvvəlcə bu məhsulu təmizləmək lazımdı: “qurdlar”dan. Qurdlu məhsulu kim alar ki? Azərbaycan futboluna rəhbərlik edənlər saxtakar, korrupsioner imicə sahibdilər. Ölkədə hamı belə düşünür: Azərbaycan futbolunda hər şey alınır və satılır.

Bəlkə elə deyil? Bəlkə belə düşünməyən də var aramızda?

Rövnəq Abdullayev getməlid, Ramin Musayev getməlidi, Elxan Məmmədov getməlidi. “Qurdlar”ın sürfəsi təmizlənməlidi futboldan.

O telekanal var ey… Adına CBC deyirlər ha, onu deyirəm. Hə, o telekanal da SOCAR-ın nəzdində fəaliyyət göstərir. Yazdım ki, biləsiz, heç bir tender-zad olmayıb. Sadəcə, ayıblarına kor olub, öz sürfələrindən olan kanalı dürtüblər futbola.

Hə, bilirəm bu kanala da çoxu baxa bilmir axı. Elə mən də baxa bilmirəm. Heç bundan sonra da baxmağa cəhd etməyəcəm. Bəs Azərbaycan çempionatının oyunlarına harda baxacam? Bəs çempionatın oyunlarına baxmaya-baxmaya necə yazacam?

Ay sizin saqqalınız ağarsın, bundan asan nə var ki? Rövnəq Abdullayev AFFA-ya getməyə-getməyə Azərbaycan futbolunu necə idarə edir? Azərbaycan futbolundan yazmaq üçün çempionatın oyunlarına baxmağa gərək yoxdu. Biz başqa “oyunlar”dan yazırıq. Bilirəm, elə sizi də çempionatın oyunları maraqlandırmır, yazdığımız “oyunlar” barədə oxuyursuz. Yoxsa, elə deyil? Boynunuza alın, yazını bitirim də…

Fikirlərini bizimlə bölüş!