Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Qəbələ”dəki etibarlı dəstə

Ukrayna millisinin sabiq üzvü Andrey Voronin karyerasını bitirdiyini elan edib. Voroninin son klubu Moskva "Dinamo"su olub. Futbolçu əməliyyat olunub, bir il bərpa kursu keçib, yenidən futbol oynamaq istəyib. Amma… Rusiyanın Ukraynaya olan münasibətindən ki xəbərdarsız. Voronini Rusiyadan "xoşluqla" yola salıblar. O da karyerasını bitirmək məcburiyyətində qalıb. Ancaq buna imkan vermək olmaz. Mən əminəm ki, "Qəbələ" rəhbərliyi Andreyin başına gələnlərdən xəbərsizdi. Xəbərləri olsaydı, onu dərhal dağlar qoynuna çağırardılar.

Rusiya – Ukrayna münasibətləri pisləşəndən bəri, "Qəbələ" humanitar aksiya keçirir. Ukraynada ac-yalavac qalan futbolçular bu aksiya çərçivəsində Qəbələyə gətirilir. Onlar yüksək infrastruktura malik sanatoriyalarda bərpa kursu keçirlər. Mənəvi, psixoloji sarsıntıdan xilas olmağa çalışırlar. Xilas olacaqlar da inşallah. "Qəbələ" rəhbərliyinin "atalıq qayğısı" sayəsində müharibənin ağrı-acısını yaşamış bu insanlar yenidən xoş günlərə qovuşacaqlar. Düzdü, onların mənəvi, psixoloji sarsıntıdan qurtulmasına elə Azərbaycanda da əngəl törədənlər az deyil. AZAL, "Simurq" Qəbələnin sanatoriyalarında istirahət edən ukraynalıları futbol qarşılaşmasında məğlub etməklə, onlara psixoloji zərbə vurmağa cəhd edib. Ayıb olsun!

Ona da inanıram ki, Qəbələdəki sanatoriyanın peşəkar personalı ukraynalı qonaqları əlavə təzyiqlərdən qorumağı bacaracaqlar. Fariz Nəcəfov, Zaur Əzizov, Səbuhi Səfiyarlı kimi peşəkarlar hər şeyə qadirdi. Heydərovların ayırdığı vəsaiti düzgün istiqamətdə, vicdanla xırıd etmək asan iş gəlməsin sizə. Kim olsa, o vəsaitin altında qalar, nəfəsi daralar, başı gicəllənər, axırda da ağlını itirər. Amma bu adamlar yüksək səviyyəli peşəkar olduqlarından, hava boşluğuna düşmürlər. İnşallah, Fariz Nəcəfovun komandası ukraynalıları bərpa edəndən sonra Qəbələdəki yerli futbolçuların da inkişafına nail olacaq. Gənc və perspektivli Ruslan Abışov, Rəşad Sadiqov, Cavid Hüseynov Azərbaycan futbolunun gələcəyi hesab olunur axı. Nəcəfovun dəstəsi bu futbolçuları dağlar arxasında göz bəbəyi kimi qoruyub, saxlayıb, gələcək nəsillərə ərməğan etməlidi.

Mən bütün azərbaycanlı azarkeşlərin adından Heydərovlardan xahiş edirəm ki, "Qəbələ"nin büdcəsini artırsınlar. Narahat olmağa əsas yoxdu, Nəcəfovun dəstəsi xəyanət etməyi bacarmaz. Onlar etibarı fəaliyyətləri ilə qazanıblar. Büdcəni artırın, Voronin də Qəbələyə gəlsin. Deyirlər, dağlar qoynunda onurğa zədəsini sağaltmaq asandı. Hələ Ruslanı, Rəşadı, Cavidi də qorumaq lazımdı axı… Pis gözlərdən, bəd nəzərlərdən… Büdcəni artırın, Allaha da xoş gələr.

Natiq MUXTARLI

Fikirlərini bizimlə bölüş!