Rövnəq Abdullayev 2005-ci ildən SOCAR-ın prezidentidi. O həm də AFFA-nın prezidentidi.
Rövnəq müəllimin vəzifə titulları bununla bitmir. Adam Milli Məclisin deputatıdı. Bununla kifayətlənməyən Rövnəq müəllim Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdü.
Sözün qısası: “Fiqaro vsyo uspevayet”.
Yazıda toxunacağımız əsas məqam qaz məsələsidi. Hörmətli oxucunun nəzərinə çatdırım ki, (ola bilər bunu bilməyənlər olsun) qaz hasilatı ilə Azərbaycan adından SOCAR məşğul olur. SOCAR-ın prezidenti də yuxarıda qeyd etdiyim kimi Rövnəq Abdullayevdi.
Yazımızın qəhramanı SOCAR-a prezident təyin ediləndən dərhal sonra apardığı daxili və xarici qaz siyasəti öz bəhrəsini verdi.
Statistikaya nəzər salaq:
Belə ki, 2007-ci ildə qaz hasilatı 5997.6 mln m3 idisə, 2013-cü ildə bu rəqəm 7140.1 mln m3-ə çatmışdır. Bu rəqəmlər Rövnəq müəllimin daxili qaz siyasətinin nəticəsidi.
Xarici qaz siyasətində uğurlar daha çoxdu. Belə ki, Rövnəq müəllim SOCAR prezidenti olandan sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin təməli qoyulub. Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür.
Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulmuşdur. Boru kəməri biri Azərbaycanda, üçü Gürcüstanda olmaqla dörd qaz təhvili stansiyasına malikdi.
Hörmətli oxucunun nəzərinə bir daha çatdırım ki, bu, Rövnəq müəllimin ilk xarici qaz siyasətidi ki, uğura imza atıb.
Rövnəq müəllimin ikinci böyük xarici qaz siyasəti isə AFFA prezidenti kimi fəaliyyəti ilə əlaqədardı.
Belə ki, birinci uğurlu xarici qaz siyasətindən sonra 2008-ci ildə futbol üzrə Azərbaycan millisinin BAŞINA “Farmasept” ləqəbli Berti Foqtsu gətirməyi olub.
Baxmayaraq Berti müəllim millidə futbolun təməl prinsiplərində olan QOL vurmaq anlayışını bizdən məhrum edib, amma şəriki Rövnəq müəllim kimi qaz hasilatından BAŞI yaxşı çıxır.
Berti müəllim respublikamızda bağırsaq qazı hasilatı ilə məşğul olur və bu sahədə böyük uğurlara imza atıb.
Millinin hər oyunundan əvvəl Berti müəllimin bağırsaq qazından geninə-boluna istifadə etməsi SOCAR-ın qaz hasilatına öz töhvəsini verir.
Bu cür uğurlu siyasətin nəticəsidi ki, hətta dəniz səviyyəsindən 4 min metr hündürlükdə olan ucqar dağ kəndləri də qazlaşdırılıb.
P.S. Qazınız bol olsun, Rövnəq müəllim.
P.P.S. Qaz oddan təhlükəlidir.
Komanda.az




Fikirlərini bizimlə bölüş!