Valideynləri və vətəni insan özü seçmir – təəssüf ki, Mahir Mədətov (bəli-bəli, məhz Mədətov, Əmrəli yox!) bu sadə həqiqəti anlamır və anlamadıqca da batır…
Bir yox, bir neçə dəfə evlənib-boşanmaq Azərbaycan cəmiyyətində birmənalı qəbul olunmasa da, dünya bu yola çoxdan öyrəşib. Yox, mən dəfələrlə ailə qurmağın tərəfdarı deyiləm və mental dəyərlərin çox adi daşıyıcısı kimi evli cütlərin eyni yastıqda qocalmasının tərəfdarıyam. Lakin bütün boşanmaları faciə səviyyəsinə qaldırmaq, kişinin və ya qadının zorla evliliyi sürdürməsini, övladların bu yolda vasitəyə çevrilməsini də istəmirəm. Mədətovların başına gələnlər, daha doğrusu, futbolçunun atası Anar bəyin Elnurə xanımdan ayrılaraq vizajist Samirə xanımla evlənmək qərarı ətrafında yaşananlar artıq bir ailənin sərhədlərindən kənara çıxaraq, az qala bütün ölkəni məşğul edən məsələyə çevrilib.
Ailənin şou-biznesə yaxınlığı, deyəsən, hər kəsin davranışına məhz həmin dünyanın adamlarına xas olan elementlər qatıb. Anar bəylə ayrılığı çox ağrılı qəbul edən Elnurə xanım olaya bəzən sabiq həyat yoldaşının anasını qatır, keçmişi qurdalayır, etdiyi yaxşılıqları Mahirin atasının başına çırpır. Ata Mədətov evdən bir çöpsüz ayrıldığını, Mahiri anasının və dayısının öyrətdiyini, özünün zamanında Elnurə xanımın yaxınlarının da problemlərini həll etdiyini deyir. Kompassız gəmini xatırladan Mahir isə vəziyyətdən ən yaxşı çıxış yolunu soyadından imtinada, hər addımda atasını aşağılamaqda görür.
Ata yaxşı da ola bilər, pis də. Ananın atadan ayrılması sənə problemləri ictimaiyyət arasında daşımağa, ata soyadını bu şəkildə məsxərəyə qoymağa əsas vermir. Bu adam “instaqram” hesabında oyundan çəkilən şəklin üzərindəki “Mədətov” soyadının üstünü örtür, “Əmrəli” soyadlı yeni şəxsiyyət vəsiqəsini götürən kimi bütün Azərbaycana göstərir. Və nəhayət, mövsümün son oyununda soyadını səsləyən azarkeşlərə milyonlarla seyrçinin gözü önündə etiraz edir, “belə etməyin” mesajını göndərir. Ailə sarsıntısı Mahiri elə psixoz vəziyyətinə salıb ki, atasından intiqam almaq üçün istənilən hərəkəti edər. Amma bu heç də qəhrəmanlıq deyil. Şəxsən mən belə düşünürəm və əsas dəlilimi də elə yazının girişində açıqladım. Valideynləri və vətəni seçmirlər, Mahir! Bu gün sən heç də düz yolda deyilsən. Təbii, nəinki soyadını, hətta adını da dəyişə bilərsən. Belə məsələlərlə bağlı qanunvericilik indi çox sadələşdirilib. Amma soyadla yanaşı, atanın adından da imtina etmək, özü də bunu Azərbaycana xüsusi şəkildə göstərmək, atanı, soyadını belə yaramaz üsulla aşağılamaq heç bir mənəvi-etik çərçivəyə sığmır.
Biz azərbaycanlılar arasında geniş yayılan, həm də kobud xarakter daşıyan bir məsəl var. Deyirlər ki, əslini danan haramzadadı. Mən bu məsəli sənə ünvanlamaqla qəlbinə dəymək, incitmək istəmirəm. Amma sən də düz yolda olmadığını anlamalı, qəbul etməli və davranışına, hərəkətlərinə çəki-düzən verməlisən. Təbii, ölkə çempionatının bombardiri adı ilə kifayətlənməyib, daha yüksək zirvələrə boylanmaq, təkcə oyunun yox, davranışınla da minlərlə azərbaycanlıya nümunə göstərilmək istəyirsənsə. Necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdi!




Fikirlərini bizimlə bölüş!