Ehtiram Quliyev elə tozanaq qoparmışdı ki…
Haqqında, “bu işi belə qoymayacaq!” dediyimiz adamlar kimi də… Amma nə oldu?
AFFA onun həşəmətli çıxışına 15 min cərimə kəsdi.
Sonra nə oldu?
Hələ heç nə…
Gözləyirik, görək Ehtiram bəyin hirsindən-qeyzindən bir şey qalıbmı?
Üç gün keçib, hələ də sakitçilikdir.
“Zirə” ilə kubok oyununda (0:2) baş hakim Əliyar Ağayevin iki qərarına üsyan edən Quliyevin dediklərinə görə gündəmə gəlməyi, cərimə olunmağı və sükunətə qərq olmağı (hələ ki)…
Hekayə belə bitsə, onda sual yaranacaq, Ehtiram bəy niyə sonadək getmir?
Düzü, sonadək getmək hara aparır; bilmirik. Ancaq bir mübarizə varsa, nəticəsi də bilinməlidir.
Nəticə?
Yoldaş Quliyev ötən ilin fevralında “Şamaxı” ilə matçda qar səbəbindən VAR və canlı yayımının olmaması ilə bağlı da analoji vəziyyət yaratmışdı. Klub həmin görüşdən öncə bəyanat yayıb, oyunun şəffaf keçiriləcəyinə şübhələrin olduğunu bildirmişdi. Rəhbərliyin bəlağətli çıxışı gündəmi zəbt etmiş, nəticəsi yenə cərimə ilə bitmişdi. Quliyev hətta sonradan passiv mövqeyə keçərək gərginliyi azaltmağa cəhd etmişdi…
Bu dəfə də eyni “taktika”?
Ölkənin futbol gündəmi əsasən neqativ auranın dominantlığı altında olur. Quliyev kimi funksionerlər neqativ səbəblərə qarşı emosional çıxışlar edəndə istər-istəməz bütün diqqətlər ona yönəlir. Hətta obraz birə beş böyüyür, xilaskar gözüylə baxanlar belə olur…
Məhz bu səbəbdəndir ki, azsaylı nümunələrdən biri kimi – Ehtiram bəyin bu cür hərəkətə keçməyindən sonra eyni tonallıqda davamını gətirməməsi məyusluq yarada bilər.
Bəlkə də biz emosional aclığın doymamağın yaratdığı boşluqda çabalayırıq; nə xilaskar?!
Nədən xilaskar…?


Fikirlərini bizimlə bölüş!