Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Sadiq olmayan həyat!

Bayram günlərində “Neftçi”də bayram olmadı. İş işə qarışdı, yenə gərgin qrafik oldu. Gündəmdə olan iki məsələ var idi — Rəşad Sadiqov və Melvin Platye. “Neftçi” Melvin məsələsində xeyli gecikdi. Ötən mövsüm Çempionlar Liqasının startından öncə komandaya böyük ümidlərlə gətirilən Platye heç nə ilə yadda qalmadı. Sadəcə, “Neftçi” azarkeşlərinin əsəbləri ilə oynadı, xeyli pul “yedi” və icarəyə getdi. Əslində “Neftçi” bu prosesi qış fasiləsində həyata keçirməli idi. Platyeni göndərməli olan “flaqman” yaxşı səviyyədə bir hücumçu gətirməli idi ki, heç olmasa işinə yarasın. Çünki “Neftçi” həm kubok, həm də çempionatda yüksək yerlər uğrunda mübarizə aparır. Bu mənada alternativ futbolçulara ehtiyac çoxdur. Qış fasiləsində “Neftçi”də olan durum isə hər kəsə bəllidir. Nazim Süleymanov üçün futbolçu gətirməyən “Neftçi” Böyükağa Hacıyev üçün oyunçu alıb ictimai qınağa tuş gəlmək istəmədi. Amma zaman göstərdi ki, “Neftçi”də oyunçuya ehtiyac var. Məlum cəzalardan sonra daha aydın göründü ki, ölkənin ən köklü klubunun belə, alternativli heyəti yoxdur.

Rəşad Sadiqov işi isə bir qədər gözlənilməz oldu. Lap Novruz bayramında Şaxta babanın qapını açıb içəri girməsi kimi. Rəşad Sadiqov “Neftçi”nin kapitanıdır, klubda hörməti olan adamdır. Açığı, Rəşadın əvəzedici heyətə göndərilməsi gözlənilən deyildi. Bütün bunların fonunda “Neftçi”nin addımını peşəkarlıq saymaq olar. Hərə layiq olduğu cavabı almalıdır. Adından, soyadından asılı olmayaraq, futbolçu layiq olduğu pillədə tutulmalıdır.

Rəşad Sadiqov hazırkı oyunu ilə “Neftçi”nin kapitanı olmağa layiqdirmi? Həqiqətən də, Rəşad son vaxtlar sabit futbol sərgiləyə bilmir, kollektivdən geri qalmasa da, fərqlənmir də. Amma Rəşad Sadiqov fərqlənməlidir, həm kapitan, həm lider, həm də insan kimi…

Rəşad getdiyi yerlərdə söyülməyən, hörmət qazanan insandır. Mənə elə gəlir ki, Rəşad Sadiqov “Neftçi”yə keçməkdə düzgün addım atdı. Bir qədər geri qayıdıb, mənzərəyə baxaq. Rəşad “Neftçi”yə gəlib, Avropa Liqasının qrup mərhələsində oynayan azsaylı azərbaycanlılardan biri kimi tarixə düşdü, Milanda qol vurdu. Bütün bunlar Azərbaycan futbolçusu üçün tarixi hadisələrdir. Bu mənada, Rəşadın seçimi düzgün idi. Amma digər bir məsələ də var. Rəşad uğurlar qazandığı “Neftçi”yə necə gəlmişdi? Hans Yürgen Gedeni yəqin ki, xatırlayırsınız. “Neftçi”ni dağıdan almanın o vaxt heyətdən qovduğu futbolçulardan biri də məhz Rəşad idi. Ağır vaxtlar idi. “Qarabağ” məhz həmin ağır vaxtlarda Rəşada sahib çıxdı. Sahib çıxdı deyəndə, Gede “Neftçi”dən elə futbolçuları göndərmişdi ki, həmin adamlar cəmi bir neçə gün klubsuz qala bilərdilər. Lakin həmin vaxt “Qarabağ” adı və Qurban Qurbanov amili üzdə olan futbolçuların Ağdam klubuna doğru axınını təmin etdi.

“Qarabağ”ın yenidən dirçəlməsində bu futbolçuların əməyi az olmadı. Amma Rəşad “Qarabağ”dan öz adına, sanına uyğun olmayan şəkildə getdi. Deyə bilərsiniz ki, peşəkar futbolçunun müqavilə müddətinin başa çatmasına 6 ay qalmış digər klubla danışıqlara başlamağa haqqı çatır. Amma unutmayaq ki, söhbət Azərbaycan futbolundan gedir. Rəşadın “Qarabağ”dan ayrıldığı gün yaxşı yadımdadır. “Qarabağ” o vaxt ev oyunlarını Ağdamda, Quzanlıda keçirirdi. Qurban Qurbanov “İnter”lə vacib oyuna komanda hazırlayırdı və Rəşad da heyətdə yer almışdı. Məhz həmin gün çıxıb açıqlama verən Rəşad “Neftçi” ilə razılığa gəldiyini bildirdi. Qurban Qurbanov da dərhal onu heyətdən uzaqlaşdırıb, Bakıya göndərdi. Heç də yaxşı mənzərə deyil. Qarşıda səni möhtəşəm uğurlar gözləsə belə, hazırkı yerindən elə ayrılmamalısan. Nə vaxtsa qarşına çıxacaq.

Bəlkə də, Rəşadın vaxtilə “Qarabağ”dan problemli şəkildə getməsi, kapitanı olduğu komandanı ağır vəziyyətdə qoymasının cəzası bu gün “Neftçi”də qarşısına çıxır. Amma dediyim kimi, Rəşad Sadiqov hörmət elədiyim, işinə bağlı olan bir şəxsdir. Zəif oynadığı üçün əvəzedici heyətə göndərilməsi də normal haldır. Amma yəqin ki, Rəşad da gözləmirdi ki, “Neftçi”də bu vəziyyətə düşəcək. Həyatdır, Rəşad, həyatdır. Sadiq olmayan həyat!

Fikirlərini bizimlə bölüş!