Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Sadıq Sadıqovun təklifi, Süleymanovla Məmmədovun “razborka”sı

“Neftçi”nin Müşahidə Şurası Emil Mpenzaya görə FİFA-nın kluba kəsdiyi milyon dollara yaxın cərimədən yaxa qurtarmağın yollarını müzakirə etmək üçün toplaşıb. Müşahidə Şurasının iclasına “ağ-qaralar”ın keçmiş vitse-prezidenti Tahir Süleymanov da qatılıb.

Toplantıda ilk çıxışı Müşahidə Şurasının sədri Çingiz Abdullayev edir:
– Bilmirəm mən baş verir nə. Bizim pulumuz yoxdur büdcədə. Necə məsələni etməliyik həll? Kimin təklifi nə varsa, desin.

Sonra Abdullayev üzünü “Neftçi”nin keçmiş prezidenti Sadıq Sadıqova tutur: “Sadıq müəllim, buyurun bir söz demək bəlkə istəyirsiz”.

Sadıq Sadıqov:
– Mənim bir təklifim var.

Tahir Süleymanov:
– Məncə, bu, çox gözəl təklifdi, Sadıq müəllim.

Sadıq Sadıqov Süleymanova baxır, amma heç nə demir.

Çingiz Abdullayev:
– Sizdədi buyurun, söz, Sadıq müəllim.

Sadıq Sadıqov:
– Mən təklif edirəm ki…

Tahir Süleymanov:
– Mən də Sadıq müəllimin bu təklifini dəstəkləyirəm, çox gözəl təklifdi.

“Neftçi”nin icraçı direktoru Elnur Məmmədov:
– Tahir məllim, imkan verin Sadıq məllim fikrini tamamlasın.

Tahir Süleymanov sanki bu sözə bəndmiş kimi:
– Sən kimsən əəə? Sən kimsən mənə göstəriş verirsən? Biz bu klubda Mirhüseynləri, Cavidləri, Elvinləri yetişdirəndə sən harda idin?

Çingiz Abdullayev:
– İştirak edən məclisdəkilərdən xahişim budur ki, sakitliyə əməl edək bir az. Buyurun, söz Sadıq müəllim, sizindir.

Sadıq Sadıqov:
– Mənim təklifim belədir ki…

Tahir Süleymanov:
– Mən bu təkliflə ikiəlli razıyam. Lap lazım olsa, bu məsələylə bağlı “Neftçi”nin keçmiş rəhbərliyindən bir işçi qrupu yaradıb, Sadıq müəllimi də ora rəhbər təyin etmək olar. İnanıram ki, Sadıq müəllimin rəhbərliyi altında biz bu problemi həll edə bilərik.

Elnur Məmmədov:
– Çingiz məllim, çox xahiş edirəm ki, artıq şəxslər buranı tərk etsinlər.

Tahir Süleymanov özündən çıxır, nə çıxır:
– Sən kimsən əəə? Biz bu kişiylə (əliylə Sadıq Sadıqovu göstərir) bu klubda tarix yazanda sən harda idin? Sənə kim ixtiyar verib mənimlə bu tonda danışırsan?Mən futbolda olanda sən harda idin? Dur özün tərk elə buranı.

Müşahidə Şurasının iclasında ara qarışır, məzhəb itir, ağız deyəni qulaq eşitmir.

Bu qarışıqlıqda Çingiz Abdullayev yanında əyləşmiş Sadıq Sadıqovun qulağına qışqırır:
– Təklifiniz olacaqdı nə, Sadıq müəllim?

Sadıq Sadıqov da qışqırır:
– Əşi, Allah evinizi tiksin, bayaqdan oturmuşuq burda. Təklif edəcəkdim ki, çay gətirsinlər, söhbətimizi çay süfrəsi arxasında edək.

Fikirlərini bizimlə bölüş!