Sadıqov Verniduba barmaq silkələdi, “CBC Sport”a maraqsız gəldi

"Neftçi" – "Zirə" (1:0) oyununun ən maraqlı məqamı, şübhəsiz ki, final fitindən sonra yaşananlar idi. Rəşad Sadıqovun həmkarı Yuri Verniduba yaxınlaşaraq barmağını silkələməsi və kəskin şəkildə irad bildirməsi, daha sonra üzünü çevirən Sadıqova Vernidubun eyni şəkildə cavab verməsi, ardınca isə ukraynalı mütəxəssisin köməkçisinin Sadıqovun üzərinə getməsi…

Çox təəssüf ki, yayımçı kanal həmin kadrları efirə vermir.

Halbuki, bu görüntülər yayımlansaydı, təbii ki, daha maraqlı olardı. Reaksiyalar çox olardı, kanalın öz tematik verilişlərində müzakirələr aparılardı. Hətta növbəti oyunlar üçün əlavə intriqa və maraq yaranardı.

Bir neçə gün əvvəl çox dəyərli Şəmsəddin müəllim Facebook hesabında Premyer Liqanın "beIN Sports"da yayımlanacağı ilə bağlı saxta (fake) xəbərə sevinənləri görəndə nə qədər məyus olduğunu ifadə etmişdi.

Düşünürəm ki, məhz bu kimi detallar azarkeşləri və izləyiciləri kanaldan soyudur.

Açığı, mənə görə, "CBC Sport"un fəaliyyəti onun potensialından və imkanlarından qat-qat aşağıdır.

Hamımıza məlumdur ki, kanalın təsisçisi dövlətə məxsus SOCAR-dır və maliyyələşməsi də dövlət vəsaiti hesabına həyata keçirilir. Kanalın yaradılmasında əsas məqsədlərdən biri də Azərbaycan futboluna xidmət etmək idi.

Çox təəssüf ki, kanal hazırda həftə ərzində Premyer Liqamızın cəmi 6 oyununun yayımı ilə kifayətlənir. Birinci Liqaya, Qadınlar Liqasına, uşaq liqalarına isə efirində yer ayırmır.

Birinci Liqa ilə bağlı əvvəllər əsas bəhanə stadionların televiziya çəkilişləri üçün uyğun olmaması idi. Allaha şükür, indi çəkiliş üçün kifayət qədər yararlı stadionlarımız var. Məsələn, Masazırda, Yevlaxda, Xankəndidə, Gəncədə, Zaqatalada yerləşən stadionlar.

Tutaq ki, bölgələrdəki oyunlara çəkiliş qrupunun göndərilməsinə imkan yoxdur. Bəs Masazırda keçirilən oyunlara nə mane olur?

Ötən mövsümün sonunda yaxşı xatırlayıram ki, Birinci Liqanın "Səbail" – "Şəfa" qarşılaşmasının canlı yayımlanacağı elan edilmişdi. Lakin sonradan çəkiliş qrupunun Bayıla göndərilməsi unudulmuşdu.

Bax, məhz bu kimi hallar da kanalın çəkisini aşağı salır.

Azərbaycan futboluna xidmət etmək missiyası ilə yaradılan bir kanalın imkanlarından bu qədər az istifadə olunması təəssüf doğurur.

Elsevər MURADZADƏ

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.