“Rəşad Sadiqov əvəzedici komandada oynamağa başlayıb, aldığım məlumata görə, yaxşı oynayır. İnanıram ki, sıralarımıza qayıdacaq. Amma “Xəzər Lənkəran”la oyunda heyətdə olacağı gözlənilmir” – bu fikirləri Böyükağa Hacıyev “Rəvan”la oyundan sonrakı mətbuat konfransında səsləndirdi.
Biz Novruz bayramını qeyd etməklə məşğulkən “xalq komandası”nın düşərgəsində maraqlı prosesslər cərəyan edirdi. Elə klubun və futbolçunun bəxti bunda gətirdi. Sadiqovla klub rəhbərliyi arasında münasibətlərin çat verməsi bayram günlərinə təsadüf etməklə müəyyən mənada diqqətdən kənarda qaldı.
Nəyin baş verdiyindən artıq siz də xəbərdarsız. Yəqin onu da bilirsiz ki, Rəşadla Hacıyevin münasibətləri hələ yayda pozulmuşdu. “Skenderbeu” ilə çətin sınaq öncəsi tərəflər arasında “soyuq müharibə” yaşanırdı. Təlim-məşq toplanışı zamanı çalışdırıcının komandanı fiziki cəhətdən çox yorması kapitanı özündən çıxarmış, Avstriyada yaşanan sözlü atışmanın əks-sədası Bakıya qədər gəlib çıxmışdı. Həmin vaxt “Neftçi” vacib sınaqla üz-üzə olduğundan bu söz-söhbət çox da böyüdülmədi. İdman mətbuatı da, azarkeşlər də “ağ-qaralar”dan Albaniya çempionunu devirib, avrokuboklarda yoluna davam etməsini gözləyirdi. Amma daxili çəkişmələr təkcə “Neftçi”yə deyil, ümumən Azərbaycan futboluna ciddi zərbə vurdu. Neftlə zəngin ölkəmizin “Neftçi”si özündən qat-qat kasıb “Skenderbeu” qarşısında diz çökdü.
Düşünürdüm ki, həmin fiaskodan sonra klub prezidenti ciddi islahatlarla əl atacaq, komadanın içində kök salan “avtoritetlər”in çantası qoltuğuna verilib, bazadan qovulacaq. Gözlədiyimiz baş vermədi. Çempionlar Liqasındakı uğursuzluğun günahkarı kimi tək hədəf Böyükağa Hacıyev göstərildi və çalışdırıcı istefa verməyə məcbur edildi. Hadisələrin sonrakı gedişatı göstərdi ki, bu istefa da müvəqqəti xarakterli imiş, coşan ehtirasların soyudulmasına xidmət edirmiş.
“Neftçi” ötən yaydan bəri buraxmağa başladığı səhvlərin acısını çəkməkdə davam edir. Liderin 10 xal gerisində olan “ağ-qaralar”ın tarixinə bu mövsüm çox ağır məğlubiyyətlər, qalmaqallar yazılıb. Prossesləri dərindən analiz etmək kifayətdi ki, hər şeyin səbəbinin klubdaxili nizam-intizamın aşağı olmasında, müxtəlif qrupların maraqlarının toqquşmasında olduğunu aydınlaşdırasan.
Dikbaşlıqlarıyla ad çıxaran futbolçuların, klubdan narazılıqla ayrılan çalışdırıcıların, hətta Sadıq Sadıqovun özünün verdiyi müsahibələrdə kifayət qədər ciddi arqumentlər tapmaq mümkündü. Uzağa getməyib, son günlərin “qəhrəmanı”na çevrilmiş Rəşad Sadiqovun cəmisi iki ay bundan əvvəl, Antalyada dediklərinə diqqət yetirək. Böyükağa Hacıyevin postuna qayıdışından bəhs edən Rəşad bilərəkdən, ya da bilməyərəkdən özlərini ifşa edir: “Komandada nizam-intizam zəifləmişdi. Böyükağa müəllim sərtliyi sevir. İmkan vermir ki, hansısa futbolçu komanda daxilində “avtoritet”lik eləsin. Sözünü vaxtında deyir. Əvvəlki məşqçilər bir qədər yumşaqlıq edirdilər. Buna görə də onun əziyyətini çəkdilər”.
Kor-kor, gör-gör, adam etiraf edir ki, komandada “avtoritet”lər var və onlarla dil tapa bilməyən məşqiçlər uğursuz olmağa məhkumdular. Klubun daxilindəki xoşagəlməz vəziyyət kənardan belə çılpaqlığı ilə görünürsə, bəs rəhbərlik hara baxır? Niyə birdəfəlik “avtoritet”lərin kökü kəsilmir? “Özü yıxılan ağlamaz” deyib atalarımız. Belədə “Neftçi”də başverənlərə görə Böyükağa Hacıyevdən daha çox Sadıq Sadıqovla Tahir Süleymanovun məsuliyyət daşıdığı şübhəsizdi. Siz klubun daxilində belə gizli bombaları bəsləyirsiz, sonra da onların məhv etməyi məşqçilərin öhdəsinə buraxırsız.
Özünü dünyanın ağası hesab edən futbolçular da xoşlarına gəlməyən çalışdırıcının “torbasını” tikməyə çətinlik çəkmirlər. Əvəzedici komandanı “cərimə batalyonu”na çevirməklə problemi həll edə bilməyəcəksiz. Heç özünüzü dünyadan bixəbər aparıb, “əvəzedici komanda da bizimdi, futbolçunu ora göndəririksə, başını aşağı salıb, oynasın” deməklə eyiblərinizi ört-basdır edə də bilməzsiz. Sizə sadiq olmayan təkcə Sadiqov deyil, “Neftçi”ni “avtoritet”lərdən təmizliyib, futbolçu axtarışına çıxın.




Fikirlərini bizimlə bölüş!