Bu gün “Kəpəz” yerli klublar arasında sərəncamında ən yaxşı stadionlardan və bazalardan birinə malikdir. Üstəlik, gəncəlilər ölkənin ən qocaman klublarından biri olaraq böyük ənənələrə sahibdirlər.
Bütün bunlara baxmayaraq, klubun idarə olunması son vaxtlar heç də ürəkaçan durumda deyil. Yaxınlarda klub rəhbərliyində növbəti dəyişiklik baş verib. İyulun 3-də kluba təyinat alan Anar Abdullayev yeni rəhbər olub. Lakin vəziyyət müsbətə doğru dəyişməyib. Əksinə, bəzi hallarda durum daha da pisləşib.
Belə ki, Premyer Liqanın ilk turunda “Sabah”la oyun üçün (0:2) Gəncə təmsilçisi Bakıya böyük çətinliklərlə gəlib çatıb. Azər Məmmədovun yetirmələri xarab olmuş avtobus səbəbindən yolda yeddi saat ləngiyiblər. Bu hal komanda üzvlərinin, xüsusilə də legionerlərin narazılığına səbəb olub. Ən çox da heyətə yeni cəlb edilən əcnəbilər şoka düşüb. Baxmayaraq ki, onlar heç də aparıcı ölkələrin çempionatlarından gəlməyiblər.
Akademiya da problemlərlə üzləşib. Belə ki, akademiyanın məşqçiləri artıq iki aydır maaş almırlar. Onlar işi aparmasına rəğmən, hələ də yeni müqavilələr imzalanmayıb. Müqaviləsi yenilənəcəyi dəqiqləşənlər də təəccüb içindədirlər. Heç kəs anlaya bilmir ki, klub rəhbərliyi suallara nə üçün cavab vermir. Belə təəssürat yaranır ki, ya bunların “Kəpəz” vecinə deyil, ya da rəhbərlik sadəcə yoxdur, eləcə təyinat alıb öz rollarını oynayırlar.
Əlbəttə, əsas nəticələr mövsümün sonunda komandanın Premyer Liqada çıxışına əsasən çıxarılacaq. Çempionatın startında “Sabah”ın demək olar ki, ehtiyat heyətindən alınan məğlubiyyətdən sonra hələ hər hansı bir qənatə gəlmək tezdir. Ancaq gəncəlilər heyət seçiminə görə bu gün “elita”dan düşməyə əsas namizəd hesab olunurlar.


Fikirlərini bizimlə bölüş!