Son mətbuat konfransında Ayxan Abbasov açıqladı ki, mövsümün sonunda “Şamaxı”dan ayrılacaq. Və zarafatla bildirdi ki, bəlkə də ilk dəfədir çalışdığı klubdan rahat gedir.
Bu həm də o deməkdir ki, əvvəllər çalışdığı “Zirə”, “Sumqayıt” və “Turan Tovuz”dan narahat ayrılıb. Yəni istefaya göndərilib.
Tovuzdan mövsüm bitəndən sonra ayrılıb. “Turan Tovuz”a yaxın şəxslərin bildirdiyinə görə, təzminat verilib. Ayxan Abbasova yaxın şəxslər isə deyir ki, təzminat verilməyib. Sonra dərhal iş taparaq “Şamaxı”ya gəldi, məncə, burada o qədər ciddi problem olmamalıdır.
“Sumqayıt”dan mövsümün ortalarında ayrılıb. Narazı olması hardasa başadüşüləndir.
“Zirə”dən isə mövsümün əvvəlində, 2-ci turdan sonra, özü də ad gününün ertəsi yola salınıb. Halbuki Ayxan Abbasov çox böyük işlər görmüşdü. “Zirə”ni avrokuboklara aparmış, mərhələ keçmişdi.
Yuxarıdakıları nəzərə alsaq, deyə bilərik ki, ən pis şəkildə “Zirə”dən ayrılıb.
Adətən biz mediada yazılanları Ayxan Abbasov, Riad Rəfiyev və Ehtiram Quliyev kontekstində görürük.
Məsələn, mən heç vaxt “Zirə”nin prezidenti Orxan Məmmədovun adının hallandığını görməmişəm. Heç Ayxan müəllimin ritorikasından da hər hansı narazılıq hiss etməmişəm.
Ayxan Abbasov ağıllı adamdır. Yaxşı bilir ki, Azərbaycan futbolunda adının Riad Rəfiyev və Ehtiram Quliyev ilə hallanmasından ziyan gəlməz, amma Orxan Məmmədovla hallanmasından ziyan gələ bilər.
Elsevər MURADZADƏ

Fikirlərini bizimlə bölüş!