Dünən “İnter” önünə “Qarabağ”ı kapitan kimi İbrahim Şehiç çıxardı. İnanmıram ki, bu, təsadüfi olsun. Son zamanlar “İbo”nun etdiyi səhvlər onu tənqid hədəfinə çevirmişdi. Bu isə futbolçuya psixoloji cəhətdən mənfi təsir edə bilərdi. Belə hallarda sıradan bir məşqçi mətbuata qoşulub öz oyunçusunu tənqid edər, ən yaxşı halda isə ona güvənməyib, ehtiyat qapıçı ilə əvəz edərdi. Amma Qurban Qurbanov sıradan bir məşqçi olmadığını bir daha sübut etdi. Şehiçin dünən qoluna bağladığı sarğı, böyük ehtimalla, son zamanlarda onda əmələ gələn “səhvetmə xəstəliyi”ni sağaldacaq. Başqa sözlə, ardıcıl səhvlərdən sonra onda özünə qarşı yaranan inamsızlığı Qurbanovun kapitan kimi güvənməsi həmin inamı qaytarması ilə nəticələnəcək. Böyük insanlar, güclü məşqçilər bu tip hadisələrə belə qiymət verirlər.
Bu hadisə mənə bir neçə il öncə (bəlkə də daha çox) baş verən bir oyunu xatırlatdı. Azərbaycanda Osman Umarov adında gənc və perspektivli bir qapıçı var idi. Dəqiq xatırlamıram – U-17, ya da U-19 yığmamız Avropanın hansısa komandası ilə qarşılaşırdı. Oyunun sonlarında Osman topu tutandan sonra rəqib hücumçu ona yaxınlaşdı və Umarov onu dirsəklə itələdi. Hücumçu dərhal yerə yıxıldı, hakim isə qapıçıya qırmızı vərəqə göstərib, penalti təyin etdi. Hesab yadımda deyil. Amma onu bilirəm ki, hamı gənc qapıçını qınayırdı. Belə halda böyüklüyü olan məşqçi önə çıxıb, bütün qüvvəsiylə Osmanı müdafiə etməli idi ki, onsuz da vəziyyəti yaxşı olmayan qapıçı psixoloji zədə almasın. Ancaq bizimkilər nə etdilər? Hamı tökülüşdü onun üstünə. Hətta sonralar bu hadisəni danışan, o zaman məşqçilər korpusunda yer alan birinin söhbətindən eşitdim ki, o, Umarovun Azərbaycan vətəndaşlığından çıxarılması təklifini verib…
Psixoloji zədə fiziki zədədən gec sağalır, bəzənsə heç sağalmır. İndi mən heç bilmirəm Osman Umarov hardadı. Amma onu bilirəm ki, bu qapıçı vaxtilə Azərbaycanın yığmalarında oynayıb və bu kimi hadisələrdə dəstək görsəydi, əsas millidə də oynaya bilərdi.
Lakin Şehiçin bəxti gətirib. Qurban Qurbanov təkcə yaxşı məşqçi yox, həm də böyük insandı. O, bunu dəfələrlə sübut edib. Dünən də sübut etdi. Ona şübhəli görünən penaltini kənara vurdurmasını nəzərdə tuturam. Xatırlamıram ki, hansısa məşqçi bu cür hərəkət etsin.
Bir sözlə, Qurban Qurbanov yaxşı məşqçi olmaqla yanaşı, həm də böyük insandı. Bizdə az-az təsadüf edilən, qələbələriylə özünü öyməyən, təvəzökar, böyük insan. O, Azərbaycanın təbii sərvətidi.
Rəşad ERGÜN




Fikirlərini bizimlə bölüş!