“Qarabağ”ın üç oyundur qol vura bilməməsi, avrokubokların əsas mərhələsinə vəsiqə qazanmasına yaranan təhlükə klub ətrafında emosiya burulğanı yaradıb. Eranın bitdiyini iddia edənlər, hər şeyin yenidən yoluna düşəcəyinə əminlik bildirənlər və s.
Real olaraq, “atlılar” son 12-13 ilin ən zəif performansını göstərir. Bunun səbəbi isə seleksiya işinin bu dəfə xətalı olmasıdır.
“Dinamo”ların ən yaxşısı indi ən pis dövrünü yaşasa da, “dövlət bəyin ölüsü də gözəldir” deyimindəki kimi, adın əzəməti qalır, ənənə sözünü deyir. Hərçənd Qurbanovun komandası daha çox cəhd edən tərəf idi və psixoloji baxımdan böhrana düşmədi, lakin qol vurmaq mümkün olmadı.
11 künc zərbəsi qazanasan, bircə real qol vəziyyəti yaranmaya. Təkrar qeyd etməyə gərək var: təmsilçimizin topla rəftarı, dominantlığı onu 12 dəfə qruplara daşıyıb. Ancaq bütün bu tsikl ərzində həmişə bir məsələdə axsamışıq – standart vəziyyətlər.
Sofiya klubu ultra müdafiə hesabına “Qarabağ”ı Avropa Liqasından ələdi. Eyni hal Kiyev təmsilçisi ilə də yaşanır. Qol vura bilmirik, buna səbəb rəqibin möhkəm qapanmasıdır. Belə vəziyyətlərdə standartlar, ev tapşırıqları ən optimal variantdır. Di gəl, bu variant zəif yerimizdir…
Əslində, sistem yerində, oyun fəlsəfəsi pozulmayıb, sadəcə, icraçılar o deyil. Bəli, “Qarabağ”ın böyük təcrübəsi var, məhz bu inam yaradır ki, era bitməyəcək, qürub olmayacaq, yenə səhnədə qalacaq. Lakin builki transferlər lazımi keyfiyyətdə deyil. Adaptasiya keçsələr belə, əksəri Avropada irəliləməyə yaramaz.
0:1 hesablı məğlubiyyət kritik durum sayılmır, Bakıda mərhələni həll etmək ehtimalı zəif deyil. Ancaq bu keçilsə belə, faktiki potensialla “Tvente”ni ələyib Konfrans Liqasının liqa mərhələsinə qalmaq reallığa çox da yaxın deyil, dramatik ssenari istəyir.
Bütün hallarda, “Qarabağ”ın enişə doğru yol alması inandırıcı gəlmir, çünki sistem yerindədir. Ancaq bu avrokubok mövsümü bir dərs oldu ki, komandanı köklü dəyişmək olmaz, seleksiya işində “boşalmaq” yolverilməzdir.
Böyüklər də səhv buraxır, ancaq onların böyüklüyü belə vəziyyətdən çıxma bacarığıdır.


Fikirlərini bizimlə bölüş!